Azərbaycan yığmasını sərt karantinə saldılar - Yaponiyada

31 Oktyabr 2021 16:40 Problem 970
Azərbaycan yığmasını sərt karantinə saldılar - Yaponiyada

Yaponiyanın Kitakyusyu şəhərində bədii gimnastika üzrə Dünya Çempionatı keçirilir.

Əməkdaşımız da Azərbaycan yığması ilə birlikdə bu şəhərə ezam edilib. Onun bildirdiyinə görə, Azərbaycan yığması üçün fərdi yarışlar artıq yekunlaşıb, irəlidə komandalar qrupunun çıxışları olacaq.

Bir neçə ay əvvəlki Yay Olimpiya Oyunları kimi bu yarışlar da koronavirus pandemiyasına görə tamaşaçılarsız keçirilir. Amma Kitakyusyudakı çempionatın iştirakçılarına tələblər hətta Tokio yarışlarının iştirakçılarına olan tələblərdən daha sərtdir.

Gimnastlar və nümayəndə heyətlərinin üzvləri qaldıqları otelləri ancaq iki halda tərk edə bilərlər: əgər yarışlar keçirilən zallara və ya yemək yeməyə getmək istəsələr.

Azərbaycan yığması Kitakyusyuda

Bunun üçün isə xüsusi taksilər ayrılıb, onlar heyət üzvlərini birbaşa yarışların və məşqlərin keçirildiyi Sərgi Mərkəzinin qapısına qədər aparır. Yaxınlıqda isə yeməkxana üçün ayrılmış iri məkan var. Yarışların keçirildiyi zaldan ora ancaq piyada gedib-gəlmək olar, bir addım da o yan-bu yan atsan bunu karantindən qaçmaq cəhdi kimi qiymətləndirəcəklər.

Sual yarana bilər ki, təşkilatçılar yüzlərlə çempionat iştirakçısının hərəkətini necə izləyə bilirlər? Belə görünür ki, yaponlar bunun asan yolunu tapıblar. Kitakyusyuya gəlmək istəyənlərin hər birindən tələb olunur ki, smartfonlarına iki əlavə yükləsinlər. Bu əlavələrin smartfonlara yüklənməsinə hələ Tokio aeroportuna uçmazdan əvvəl nəzarət edirdilər. Məhz bu əlavələr də qonaqların harada olduğunu anbaan izləməyə imkan verir. Nəzəri olaraq telefonu oteldə qoyub çıxmaq, yaxud söndürmək ağla gələ bilər. Belə olan halda ola bilsin sizin hərəkətinizi izləyə bilməyəcəklər, amma sərt karantin rejimini pozub risk etməyə dəyərmi?

Azərbaycan komandasını bax bu taksilərlərlə aparıb-gətirirlər...

Üstəlik Kitakyusyuda olduğumuz bu bir neçə gün ərzində yaponlar haqda belə qəanət formalaşıb: onlardan istənilən biri küçəyə “qaçan” əcnəbini görən kimi polisə zəng vura bilər. Yaxud çempionatın təşkilat komitəsinə xəbər verər. Burada vətəndaşların şüur səviyyəsi çox yuxarıdır. Yaxşıdır, yaxud pisdir, buna azərbaycanlıların özləri qərar verə bilər...

Hələ üstəlik yaponlar çox nəzakətlidir və hansısa səhvə yol versələr dəfələrlə üzr istəyəcəklər. Ötən günlərin birində bizi yarış arenasına aparmalı olan maşın 40 dəqiqə gecikmişdi. Təşkilatçılar az qala göz yaşları ilə bütün axşam və üstəlik ertəsi günü bizdən üzr istəyirdilər, hərçənd onların üzrü elə ilk dəfədən qəbul edilmişdi və təkrarlamağa ehtiyac yox idi. Axı Azərbaycanda belə hallara görə əksər hallarda heç ümumiyyətlə üzr istəmirlər, elə deyilmi?

Çempionat iştirakçılarının yemək yediyi yer

Əgər sizə qəfildən nəsə gərək olsa lobbidə oturan təşkilatçılara müraciət etmək lazımdır. Hansısa mal sifariş etmək olar və bir neçə saat sonra sifarişiniz sizə çatdırılacaq. Puluna minnət, necə deyərlər. Doğrudur, həmin mala görə məsələn, yolun o biri tərəfində yerləşən mağazaya nisbətən xeyli çox ödəmək lazım gəlir.

Hər gün, saat 10.00-dan gec olmayaraq gedib PZR-test verməlisən. Əgər yatıb qalmısansa və ya yaddan çıxarmısansa axşam saat 10.00-a yaxın sizin nömrənizin qapısını döyəcək və virusa görə test verməyin zəruriliyini xatırladacaqlar.

Kitakyusyu şəhəri

Otelin restoranı isə, əlbəttə, bağlıdır. O qədər də zəngin olmayan səhər yeməyini hər gün qaldığımız mərtəbəyə gətirirlər. Nahar və şam yeməyi üçün isə ayrıca yer ayrılıb. Adətən müxtəlif ölkələrdən iştirakçıların qatıldığı beynəlxalq yarışlarda ev sahibləri imkan yaradırlar ki, iştirakçılar beynəlmiləl mətbəxdən faydalana bilsinlər. Lakin Kitakyusyuda iştirakçılar ancaq yerli mətbəxə ümid edə bilərlər, hansı ki, avropalıların çoxu bu yeməklərə, yumşaq desək, alışmayıb. Harasa getmək və nəsə alıb yemək isə olmaz, ona görə də Kitakyusyuda yeməklə bağlı vəziyyət qəlizdir (virtualaz.org).

Amma birtəhər yola veririk...Bax Kitakyusyuda çempionat belə keçir!

Natiq Hüseynzadə, Kitakyusyu, Yaponiya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti