Ötən ay Yunanıstanın 2-ci liqa təmsilçisi “Pierikos”la müqavilə bağlayan Tural Bayramlı yeni komandasında rəsmi oyunda debüt edə bilmir.
Üç yoldaşlıq görüşündə meydana çıxan 23 yaşlı futbolçu hələ də legioner kimi rəsmi matçda meydana çıxacağı günün intizarındadır.
Buna səbəb aşağı dəstədə oyunların təxirə salınmasıdır. Belə ki, çempionat oktyabrın 17-də başlamalı olsa da, ayın 24-nə təxirə salındı.
Lakin bu tarixdə də başlamadı. Sonradan federasiya rəhbərliyi səviyyəsində açıqlama verildi ki, Yunanıstanın 2-ci liqa görüşlərinin ilk turu oktyabrın 30-31-də baş tutacaq.
Təqvimə əsasən “Pierikos” bu gün Bakı vaxtı ilə saat 16.00-da doğma meydanda “Thesprotos”u qəbul etməliydi. Di gəl, oyunlar növbəti dəfə qeyri-müəyyən vaxta təxirə salındı.
Maraqlıdır ki, vəziyyətin bu cür alınmasının səbəbi haqda nə mətbuatda hansısa məlumat var, nə də rəhbərlik səviyyəsində açıqlama verilir.
Halbuki, Yunanıstan Super Liqası öz axarında davam edir və artıq 8-ci tura bu gün start verilib.
Turalın özü da saytımıza açıqlamasında çempionatın startının ləngiməsinin səbəbini bilmədiyini dedi.
SPORTİNFO.AZ

