Ponomaryov – Olimpiya çempionu statuslu usta yalançı

26 Oktyabr 2021 19:00 Problem 519
Ponomaryov – Olimpiya çempionu statuslu usta yalançı

İqor Ponomaryov deyəndə, ağlıma “Neftçi”nin və SSRİ yığmasının sabiq futbolçusu, Seul Olimpiadasının qalibi, gənclər arasında Avropa çempionu, SSRİ Federasiya kubokunun sahibi, SSRİ çempionatlarında ardıcıl 24 penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu, İsveç çempionu, Azərbaycan millisinin sabiq baş məşqçisi, ən nəhayət, futbolçu atası gəlib həmişə.

Artıq onu həm də usta yalançı kimi xatırlayacam. Saxtakar və fırıldaqçı sözləri də işlənə bilər.

“Sabah”da baş verən son proseslərdən, yəni Ramin Quliyevin istefa verib, onun səlahiyyətlərini müvəqqəti Ponomaryovun icra etməsindən sonra bu şəxslə danışmağı zərurət hesab etmişdim. Hər nə qədər olmasa, maydan bu yana klubun idman direktorudur, ad-sanı var, bəlkə də, klubda sözü keçənlərdəndir. Bu cür qarışıq vəziyyətdə İqor Anatolyeviçdən yaxşı müsahib ola bilməzdi axı.

Oktyabrın 22-si – “Sumqayıt”la oyundan bir gün əvvəl əlaqə qurmuşdum. Hal-əhval tutub, müsahibə istəyimi bildirəndən sonra hansı mövzuda danışmaq istədiyimi soruşmuşdu.
“Sabah”ın bu günündə nə danışa bilərik” demişdim? Klubdan, yaşananlardan, sizin mövqeyinizdən, gələcəkdən, ordan-burdan.

Davamında qısa dialoqumuz olmuşdu:
- Dediklərin uzun söhbətin mövzusudur. Bu dəqiqə müsahibəyə vaxtım yoxdur. Gəl, oyundan sonraya saxlayaq.

- İqor Anatolyeviç, mətbuatda “Sabah”a Əsgər Abdullayevlə Vladislav Qədirovu gətirmək istədiyiniz haqda xəbərlər yer alıb. Heç olmasa, bu məsələyə aydınlıq gətirərdiz, müsahibə sonraya qalsın.

- Şərhsiz.

“Sabah”ın “Sumqayıt”ı 3:0 hesabı ilə udduğu matçın ertəsi yenidən əlaqə saxladım. Axı, oyundan sonra demişdi.
Bu dəfə işinə yarayan avropalılığından istifadə edib, “istirahət günüdür” adı ilə müsahibədən yayındı.

İqor Ponomaryovdan suallarıma cavab almalıyam, vəssalam. Əziyyət çəkib hazırladığım o qədər sualın qarşılığında 5-10 dəqiqə vaxt ayırıb danışması nədir ki? Amma yayınır, qaçır, uzadır. O qaçır, mən qovuram.

Bazar ertəsi yenə mesaj yazıb, verdiyi sözü – “oyundan sonra danışarıq”ı yadına saldım. Yenə qaçmağa çalışdı, amma fikrindən yayındı nədənsə. Mesajın birini yazıb pozdu, ikincisində “Sabah saat 14.00”da vədi ilə ümidləndirdi.

Söhbətimiz bu gün günorta saat 2-də olmalı, siz də, indi bu yazının əvəzinə Ponomaryovun “Sabah”la bağlı ona ünvanlanan sualların cavabları ilə tanış olmalıydız. Alınmadı.
Dediyi vaxt zəng etdim, dəstəyi qaldırdı. Çox məşğulmuş obrazı ilə “Həbib, 10 dəqiqədən sonra yığ, danışaq” dedi və yoxa çıxdı. Ardıcıl zənglərim sözün hər mənasında cavabsız qaldı.

Müsahibədən bu şəkildə yayınan birinə verilə biləcək ən sadə ad yalançıdır. Vaxtilə yaşıl meydanlarda rəqib futbolçuları aldadan Ponomaryov, görünür, kabinetin “havasını” hiss edəndən sonra jurnalisti aldatmaq həvəsinə düşüb. Amma bunun adı el dilində aldatmaq deyil, başqadır. Etika xatirinə yazmıram. Daha doğrusu, yazmaq olmur.

Onu “Sabah”a kim calayıb, niyə calayıb, idman direktoru olaraq kluba hansı töhfəni verib, bilmirəm. Bildiyim odur ki, bu cür hiyləgərlik etməyi bacaran şəxs, məntiqlə, klubda da bu cür idarəçi olmalıdır. Şübhə etmirəm ki, o cür büdcə ilə sonuncu pillədə qərarlaşmasının başlıca səbəbkarlarından biri elə özüdür.
İqor Anatolyeviç, müsahibə vermək istəməyən şəxsin jurnalistdən yayınmasının ən sadə yolu “danışmaq istəmirəm” deyib, uzaqlaşmaqdır.

Buna görə sizə heç kim heç nə deməyəcək. Bu formada o qədər qaçanlar olub ki. Sizdən də çəkili, sizdən də bacarıqlı.

Amma bu formada – jurnalisti beş gün “fırladıb”, axırda yoxa çıxmaq nə olimpiya çempionuna yaraşır, nə Avropada yaşamış birinə, nə də çoxlarının fəxrlə məclisinin yuxarı başında oturmağa layiq bildiyi sizə.

Düşünürdüzsə ki, sizə “Nə əcəb həyatınızın ən gözəl çağlarını İsveçdə keçirib, yaşa dolanda Azərbaycanda işləmək həvəsinə düşdüz” sualını verəcəm, yanılmısız. Sizinlə tam başqa mövzuda söhbət edəcəkdim. Sabahını sual altında qoyduğunuz “Sabah” haqda...

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti