Azərbaycanlı məşqçi ölüm-qalım savaşı verir - AFFA bu pulu kim(lər)ə xərcləyir?

25 Oktyabr 2021 13:00 Problem 2 210
Azərbaycanlı məşqçi ölüm-qalım savaşı verir - AFFA bu pulu kim(lər)ə xərcləyir?

"Neftçi"nin sabiq futbolçusu və AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun səhhətində problem yaranıb.

65 yaşlı mütəxəssisin ürəyindəki şah damarında genişlənmə üzə çıxıb.

Bu səbəbdən o, Bakıda yerləşən özəl klinikaların birində cərrahi müdaxiləyə məruz qalıb.

Azərbaycanda daha əvvəl heç vaxt belə bir əməliyyat olunmadığı üçün Türkiyədən xüsusi professor dəvət edilib: Ağır əməliyyat 7-8 saat çəkib və uğurla bitib.

Pasiyent daha bir müddət klinikada qalacaq və daha sonra müalicəsi ev şəraitində davam etdiriləcək.

Şakir Qəribov futbolçu karyerası ərzində "Neftçi"də 1975-1984 və 1987-1988-ci illərdə forma geyinib. Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi, "Neftçi" və AZAL-ın məşqçisi vəzifəsində çalışıb.

AFFA onun əməliyyat xərclərini öz üzərinə götürüb. Bu xəbərə sevinmək lazımdır. Nəhayət ki, federasiya belə nəcib aksiyalarda yaxından rol almağa başlayıb. Kaş ki, qurum bu münasibəti bütün veteranlara göstərərdi, ayrı-seçkilik etməzdi.

Allah Şakir Qəribova cansağlığı, uzun ömür versin. Həqiqətən də futbol üçün xidmətləri, əziyyəti olub, diqqəti haqq edir. Və onun kimi bir çox şəxs.

Qayğıdan danışırıqsa, AFFA-nın Qəhrəman Əliyevi görməzdən gəlməsi, onunla ümumiyyətlə maraqlanmaması təəssüf və ikrah doğurur.

Q.Əliyev Azərbaycanın ən tanınmış mütəxəssislərindən biridir. Vaxtilə «Viləş», «Şəmkir» və «Bakı» ilə ölkə miqyasında uğurlar qazanıb.

10-11 ildir Premyer Liqada baş məşqçi kimi çalışmasa belə, hələ də çempionatda ən çox oyun keçirmiş iki nəfərdən biridir. İstər böyük, istərsə də uşaq futbolunda nəticələri, yetirmələri ilə öyünə bilər. Namiq Ələsgərov, Mahir Emreli kimi bu gün üzdə olan futbolçuların üzərində xidməti var.

Adam 11 aydır komadadır. Koronavirusa yoluxması nəticəsində beyin insultu keçirib. Hər iki beyin yarımkürəsinin 70 faizi zədələnib, hal-hazırda atrofiya davam edir.

Yataq vəziyyətində qaldığı üçün bədəni yara içindədir. Yaxınları xəstənin yaşaması üçün indiyədək 100 min manatın üstündə xərc çəkir.

Gündəlik müalicə məsrəfi 500-600 manat civarındadır. Yaxşı ki, təəssübkeş qohumları var, yoxsa… Həkimlər Əliyevin sağalmasına zəmanət vermir.

Hər şeyi müalicənin gedişinə, başqa sözlə, Tanrının möcüzəsinə buraxıblar. AFFA rəhbərliyi 10 aydır ki, pasiyentin ailə üzvləri ilə əlaqə saxlamır, sözgəlişi də olsa, «bəlkə nəsə lazımdır» sualı vermir.

AFFA hər il öz hesabatını açıqlayır və orada göstərilir ki, futbol veteranlarına yüzminlərlə manat ayrılıb (?). Ciddi problemi olanlardan biri elə Qəhrəman Əliyev – federasiya keçmiş məşqçinin müalicəsinə 1 manat xərcləməyib.

Bu yardımdan onun kimilərinə 1 qara qəpiklıq yardım göstərilməyibsə, necə inanaq ki, yüzminlərlə vəsait həqiqətən istiqaməti üzrə sərf olunub?

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti