"AFFA bizə deyir ki, pulunuz yoxdursa, çempionatda çıxış etməyin"

21 Oktyabr 2021 09:40 Problem 1 265
"AFFA bizə deyir ki, pulunuz yoxdursa, çempionatda çıxış etməyin"

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə çempionatda mübarizə aparan komandaların bir qrup məşqçisi Sportinfo.az-a müraciət edib.

Onlar federasiyanın qəfildən maliyyə dəstəyini dayandırdığını, bu üzdən yarış iştirakçıları arasıından geri çəkilmək məcburiyyətində qaldıqlarını bildiriblər:

“Bizə deylrlər ki, gedin, pulu öz nazirliyinizdən istəyin. Qalmışıq belə... Nə edəcəyimizi bilmirik. Artıq ilk turlardakı nəticələrimizi sıfırlayıblar.

AFFA-nın sözü budur ki, bizdən daha ödəniş gözləməyin, səfər pulunuz yoxdursa, çempionatda çıxış etməyin. Deyirlər ki, belə xoş deyilsə, nazirlikdən xahiş edin, sizin üçün ayrıca çempionat keçirsin.

Çox çətin bir vəziyyət yaranıb. Heç kim qabağa düşmək, problemi həll etmək istəmir. Bu problem indi hər zonada yaranıb. Fərqi yoxdur, yarış paytaxtda keçirilir, ya rayonlarda.

Hər həftəsonu bir neçə yaş qrupu üzrə komanda bir stadiona yığışıb, ardıcıllıqla meydana çıxırdı. Tutaq ki, o qədər uşağı bir avtobusa yığıb gətirdik, bəs onların yeməyini hansı pulla alaq?

Səhər 9-10-da stadiona gələn uşaq bu soyuq havada saatlarla oturub gözləyir ki, onlara da vaxt çatsın. Bir problemi həll edirik, o birisi qalır.

Hamısını öz hesabımıza düz-qoş edə bilmərik axı. Guya, nə maaş alırıq ki..? Saatlarla soyuq havada ac-susuz qalan uşaqların valideynlərinə nə deyək?

O valideyn bu münasibəti görəndən sonra uşağını bir də futbola getməyə qoyar? AFFA-da oturanlar bunu qətiyyən fikirləşmir.

Başqa vaxt deyinirlər ki, yeni nəsil yetişmir. Siz onlara 5-10 manatı da çox görəndən sonra hansı üzlə bu sözü dilə gətirirsən?”.

Göründüyü kimi, problem ciddidir və get-gedə daha da böyüməkdədir. Gedişatdan anlaşılır ki, AFFA-nın Gənclər və İdman Nazirliyindən (GİN) sonra Təhsil Nazirliyi ilə münasibətlərində də soyuqluq yaranıb.

Bunun hansı səbəbdən yarandığını dəqiq bilmirik, amma gərginlik artıq mövcuddur və yəqin ki, qısa sürməyəcək. AFFA GİN-in balansında fəaliyyət göstərən futbol komandalarına maliyyə dəstəyini dayandırıb.

Federasiya dövlət qurumunun nəzdində olan UĞİM-lərə ayırdığı həftəlik ödənişləri ləgv edib. Müxtəlif yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparan kollektivlər həftəiçi və həftəsonu keçirilən oyunlarda iştiraka görə 40-60 manat civarında vəsait alırdı.

AFFA-dan UĞİM təmsilçilərinə bildirilib ki, bu qərar yeni qəbul olunub və ən azı cari mövsümün sonunadək qüvvədə qalacaq. Nəzərə çatdırılıb ki, onlar çempionatda iştirak edib-etməməkdə sərbəstdir və bundan sonra həmin məbləği nazirlikdən istəməlidirlər.

Bu açıqlamadan sonra GİN-in komandaları bir-birinin ardınca AFFA-nın bayrağı altında keçirilən yarışlardan çəkilib. Federasiyanın saytına baxsaq, yaranmış acınacaqlı mənzərəni görə bilərik.

Mövsüm yeni başlayıb, amma hər yaş qrupu üzrə çempionatda kifayət qədər texniki məğlubiyyət qeydə alınıb. AFFA eyni münasibəti Təhsil Nazirliyinin balansında olan idman mərkəzlərinin futbol komandalarına da göstərib.

Digər Xəbərlər
Xəbər Lenti