“Bu gün milliləşdirilən ozobiçlərin oynadığı futbol onun heç kölgəsi də deyil!”

25 İyul 2021 22:40 Problem 978
“Bu gün milliləşdirilən ozobiçlərin oynadığı futbol onun heç kölgəsi də deyil!”

Azərbaycanın veteran futbolçusu Müzəffər Qasımov iyulun 21-də dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, o, 80 yaşında Gəncədə vəfat edib.

Müzəffər Qasımov "Kəpəz"in Müşahidə Şurasının üzvü idi. Keçmiş oyunçunun karyerası əsasən Gəncə "Dinamo"su ilə bağlı olub. O, bölgə təmsilçisində baş məşqçi kimi də fəaliyyət göstərib.

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov ötənlərin tanınmış futbolçusu ilə bağlı öz xatirələrini sosial şəbəkə hesabında bölüşüb:

“Elə dövrə yaxınlaşmışıq ki, zaman yetişib, Azərbaycan futbolu öz həqiqi qaymaqlarını itirir, günü-gündən cılızlaşır.

Bir vaxtlar "Spartak", "Dinamo" K, ÇSKA, "Şaxtyor", "Zenit" kimi komandaları qəbul edən Gəncə böyük futbolla nəfəs alırdı. İndi süni yaradılmış komandaların ikinci heyətləri ilə "mübarizə" aparmaq məcburiyyətində qalıb...

Müzəffər Qasımov Tovuzda dünyaya göz açmışdı. Gəncə-Tovuz bölgəsinə 50 faizlik şərait yaradılsın, 150 faizlik futbolçu yetişəcək, üzə çıxacaq.

Müzəffər müəllim Gəncə/Azərbaycan futbolunun əvəzolunmaz simalarından idi. Nadir ustalardan idi ki, 15 ildən artıq öz karyerasını bir kluba həsr etmişdi.

O dövrlər zamanımızdakı kimi texniki-tərəqqi indiki kimi inkişaf etməmişdi. İnternetin nə olduğu bilinmirdi. Futbolçular özlərini reklam da etmirdi, onlar azarkeşlərin, xalqın həqiqi sevimliləri idi.

Təəssüf ki, ağ-qara rəngli tarixi oyunların videoarxivləri belə saxlanılmayıb.

Gəncədə, dolu tribunalar önündə Müzəffər Qasımovun liderliyi ilə "Dinamo" Kirovabad "Ararat"ı məğlub yola salırdı. Hamısı da Azərbaycan futbol məktəbinin yetirmələri...

Müzəffər müəllim lider olduğu qədər də sadə, eyni zamanda özünə dəyər verən, sakit təbiətli futbol şəxsiyyətlərimizdən idi.

Böyük futbol səviyyəsinin nə olduğunu ruhu ilə bilən, yaşıl meydanlarda heç bir nəhəng klublardan çəkinməyən, onlara qarşı başa-baş futbol oynamış biri kimi, günümüzün futbolunu görüb ürəyi dözmürdü...

Müzəffər müəllim özünü gözə soxan, nələrəsə görə özünü əyən də deyildi. Heç vaxt şəxsiyyətinə sığışdırmazdı.

Ona görə də layiq olduğu diqqətdən, mükafatlardan, adlardan, ordenlərdən kənar qalırdı. Heç bunları ruhən istəmirdi də, istədiyi Azərbaycan futbolunu yüksəklərdə görməsi idi.

Dəfələrlə oyunlarımızda inspektorluq edib, öz böyüklüyünü, ruhunu bizlərə ötürüb. Bütün Azərbaycan futbolunun mənəvi olaraq Müzəffər

Qasımov istedadına necə yüksək münasibət göstərdiyi bu gün də gözümüzün önündədir. Layiq idi!

Azərbaycan futbolunda, Gəncə/Tovuzda Müzəffər Qasımovun adı əbədiləşdirilməlidir.

Usta futbolçumuzun adına futbol məktəbləri açılmalıdır. Gəncə stadionu onun adını daşımağı haqq edir. Bu gün milliləşdirilən ozobiçlərin oynadıqları futbol Müzəffər Qasımovun meydanda göstərdiyi ustalığın heç kölgəsi də deyil!

Gec də olsa, dəyər verək. Ən üst səviyyələrdə dəyər verilsin. Verilsin ki, gələcək nəsillərin özünə inamı qayıtsın.

Qayıtsın ki, yaxın gələcəkdə yenidən Tovuz/Gəncə və digər bölgələrimizdə yeni-yeni Müzəffər Qasımov səviyyəsində futbolçular yetişsin...

Ruhun şad olsun, USTAD!”.

Digər Xəbərlər
Xəbər Lenti