Paşinyanın sayıqlaması: Minsk Qrupu Azərbaycana “işləyirmiş”...

15 İyun 2021 02:24 Problem 1 357
Paşinyanın sayıqlaması: Minsk Qrupu Azərbaycana “işləyirmiş”...

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan növbəti dəfə sərsəm açıqlama verib və sayıqlayıb.

O, Minsk Qrupunun 3 həmsədr ölkəsini - Rusiya, ABŞ və Fransanı Azərbaycanpərəst mövqe tutmaqda ittiham edib.

Paşinyanın sözlərinə görə, həmsədr ölkələrin Bakıya simpatiyası xüsusilə son 3 ildə özünü göstərib. Amma erməni siyasətçi arqument gətirə bilməyib ki, bunu nəyə əsasən söyləyir.

Axı bu, necə “Azərbaycanpərəst mövqe”dir ki, danışıqların aparıldığı 27 ildə Azərbaycanın bir qarış torpağı belə dinc yolla qaytarılmadı. Üstəlik, həmsədrlərin hazırladığı yekun “3 həll prinsipi” faktiki referendum əsasında Dağlıq Qarabağda ikinci erməni “dövlətinin” yaradılmasını nəzərdə tuturdu. Paradoks ondadır ki, cəmi bir gün sonra Paşinyan ABŞ dövlət katibinin köməkçisinin əvəzi Filip Rikerlə İrəvanda görüşdə “konfliktin Minsk Qrupu həmsədrlərinin himayəsi altında” və (!) onların təklif etdiyi “3 prinsip əsasında” həlli vacibliyini vurğulayıb. Yəni əslində özü-özünü təkzib edib.

Bəs nə üçün Paşinyan belə danışır? Son üç il ərzində həmsədr ölkələrin hansı “Azərbaycanpərəst” mövqeyi olub ki, biz görməmişik? Üstəlik, həmsədrlər müharibədən sonra Bakıya gələndə Prezident İlham Əliyev onları az qala qovmuşdu. Dövlət başçısı demişdi ki, sizi dəvət etməmişik, öz təşəbbüsünüzlə gəlmisiniz, sözünüz varsa kameralara söyləyə bilərsiniz.

Bu mövqenin özü göstərirdi ki, Ermənistan yox, Azərbaycan tərəfi Minsk Qrupunun fəaliyyətindən həmişə narazı olub, status-kvonun saxlanmasına görə narazılıq edib. Bu illər ərzində Minsk Qrupu Ermənistanı qane etməyən hansı addımı atıb ki? Bu gün də yenə həmsədr ölkələr Ermənistan üçün çalışır, Rusiya tərəfi tez-tez “status” məsələsini ortaya atır və Minsk Qrupu çərçivəsində müzakirə edilməli olduğunu bildirir, ABŞ və Fransa da bölgəyə bu formatda qayıtmaq istəyirlər. Bunun harası Azərbaycanpərəst mövqe oldu?

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?! -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Çingiz Qənizadə: “Onlar status-kvonu saxlamağa çalışıblar ki, Azərbaycan xalqı Qarabağı unutsun”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, Paşinyanın indiki fikirləri, sərsəm açıqlamaları daxili auditoriyaya hesablanıb. Onun sözlərinə görə, Ermənistanda gərgin seçki dövrü yaşanır və Köçəryan, Paşinyan və Sərkisyan bir-birini ittiham etməklə yanaşı, “Qarabağ kartı” üzərində seçici səsi qazanmağa çalışırlar: “Paşinyanın bu açıqlaması da ona hesablanıb. ATƏT-in Minsk Qrupundan bu illər ərzində bir ədalətli yanaşma görməmişik. Eləcə də 44 günlük müharibədə Minsk Qrupu ədalətli mövqe tutmadı. Biz Minsk Qrupunun Ermənistana dəstəyini gördük, həmsədr ölkə Fransanın mövqeyindən heç danışmıram, hamıya məlumdur. Yəni onlar həmişə status-kvonu saxlamağa çalışıblar ki, Azərbaycan xalqı Qarabağı unutsun”.

Ç.Qənizadə deyir ki, Minsk Qrupu hətta atəşkəsin pozulmasına, mülkilərin əsir götürülməsinə biganə qalıb: “Paşinyan tamamilə yalan danışır və Ermənistandakı siyasətçilər xalqı aldatmaqla məşğuldurlar. Təkcə Ter-Petrosyan həqiqəti söyləyir və bildirir ki, indi diktə edən tərəf kimi iştirak etmirik, dəhlizin açılmasına üstünlük verməliyik, sülh içində yaşamalıyıq. Qalanları isə xalqı aldadıb seçkidə qalib gəlmək istəyirlər”.

Elşad Musayev: “Ermənistan rəhbərləri daima hamıdan narazıdırlar, həm də yalançıdırlar”

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirdi ki, Ermənistan rəhbərləri daima hamıdan narazıdırlar, həm də yalançıdırlar. Onun fikrincə, indi isə seçki dönəmidir, bütün siyasi qüvvələr Paşinyanın üzərinə fokuslanıb, o da müharibədə məğlubiyyəti etiraf etmək əvəzinə həmsədr ölkələri günahlandırır: “Ter-Petrosyan açıq şəkildə bildirir ki, bu müharibənin günahkarı Paşinyan deyil, köhnə cinayətkar rəhbərlərdir. İndi Paşinyan seçkidəki rəqibləri qarşısında 44 günlük müharibənin nəticəsinin günahını özündə yox, həmsədr ölkələrdə axtarır. Amma Paşinyan Fransada başqa cür danışır, Rikerlə görüşdə tamam fərqli danışır”.

Digər Xəbərlər
Xəbər Lenti