Xankəndiyə kim gedir, gəlsin…

23 Yanvar 2021 22:10 Problem 1 323
Xankəndiyə kim gedir, gəlsin…

Xankəndi müzakirələri bitib-tükənmir. Azərbaycan Ordusunun niyə bu şəhərə daxil olmaması müharibədən keçən iki ay yarımda aralıqsız davam edir.

Rusiya sülhməramlılarının Xankəndində və erməni yaşayan ərazilərdə bəzən etiraz doğuran fəaliyyəti də bu müzakirələri gündəmdən düşməsinə imkan vermir. Olsun...

Xalq bir oyanış mərhələsi yaşadı, dirçəldi, torpaqlarına sahiblik uğrunda canını verdi. O səbəbdən bu müzakirələrin şüuraltı səbəbləri aydındır. Amma aydın olmayan məsələlər də var…

Müharibədə Azərbaycan Ordusunun uğurları o qədər miqyaslıdır ki, indi “bəs, Xankəndi” deyəndə, doğrusu, bir qədər qarışıq fikirlər yaşayırsan. “Xankəndinin sonrakı taleyini necə görürsüz, nə etməli idik” soruşsan, bəzilərinin cavab da hazırdır: “Azərbaycan bayrağı mütləq Xankəndində dalğalanmalı idi!” Əla, çox gözəl cavabdır, ikiəlli hamı razıdır! Bəs, “işğaldakı Azərbaycan torpaqlarını geri aldınız, Şuşanı geri aldınız, Hadrutu geri aldınız, Tuğu geri aldınız(və sairə), niyə ermənilərin çoxluqda olduğu Xankəndini də boşaltdınız” sualına da asan cavab tapmaq olar: “Azərbaycanın ərazidir”. “Bəs, dinc ermənilər niyə qaçdı, onlar axı bu şəhərdə onilliklərlə yaşayıblar, sizin vətəndaşlardır” soruşsaydılar, o zaman axı biz cavab verməyəcəkdik.

Dövlət cavabdeh olacaqdı! Bütün ağıllı dünya ölkələri Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, “niyə azərbaycanlıları öz vətənlərinə geri qaytarırsız, amma erməniləri öz vətənlərindən qovursuz” soruşmayacaqdılarmı? Paşinyan etiraf edir ki, Şuşada 90 faiz azərbaycanlılar yaşayıb. Biz də etiraf etməliyik ki, Xankəndində də 90 faiz ermənilər yaşayıb. Bu yalançı inkarçılıq, bu yalançı vətənşüvənlik bizə heç vaxt xeyir gətirməz. Biz necə Şuşanı dədə-babamızın torpağı hesab ediriksə, unutmayaq ki, əksəriyyət erməni də nəsildən-nəsilə Xankəndində doğub-törəyib. Bu faktı olduğu kimi qəbul etmək lazımdır...

Bəli, bu xain millət bizə divan tutub, əlimizin çörəyini yeyib bizə asi olublar. Xankəndində illərlə diskriminasiya siyasəti aparıblar, hətta orada doğulan azərbaycanlı oğlan uşaqlarının bələkdə qəsdən qıçlarını qırıblar ki, şikəst böyüsün. Bir azərbaycanlının bu şəhərdə vəzifə pilləsində irəliləməsinə imkan verməyiblər, badalaq vurublar, Moskvaya “millətçidir” adı ilə donoslar yazıb, şərləyiblər. Bunların hamısı olub. Bu gəlmə millət 1923-cü ildən(DQMV yaradılanda) Xankəndində həm də belə artıblar, çoxalıblar...
Azərbaycanda nə qədər adamın vaxtilə Xankəndində olması üzərində baş sındırmağa dəyməz. Mən 19 il Şuşada yaşadım, Xankəndi heç vaxt məni cəlb etmədi, çünki orada ermənidən başqa görməli, maraqlı heç nə yox idi, heç vaxt da olmayıb.

İndi bu boyda hərbi uğuru görməyib, ya da qəsdən kölgələyib səhər-axşam “ay Xankəndi, vay Xankəndi” deyib, yalandan ağlayıb-sıtqayanların səmimiyyətinə inanmaq olmur. Böyük əksəriyyət Əsgəranın və Xankəndinin yanından ötüb Şuşaya(və ya Laçına) gedib- yayda dincəlməyə, qohum-əqrəbasına baş çəkməyə, “İsa bulağı”nın başında məclis qurmağa, “Qala” pavilyonunda xəngəl yeməyə, şəfalı Turşsudan içməyə, Cıdır düzünü görməyə və sairə... Xankəndi ermənilərin yaşaması səbəbindən kimsəni cəlb etməyib.

Bu xain toplumun soyuq münasibəti əslində həmişə hiss edilib. Mənim xalam uzun illər Xankəndində yaşayıb, bizə çox gəlib. Amma yadıma gəlmir ki, bircə dəfə ermənilər haqda xoş söz desin, ya da biz Xankəndiyə onlara qonaq gedək. Halbuki Ağdamda olan xalamgilə yay-qış tez-tez qonaq olardıq. Xankəndindəki spesifik erməni iyi, erməni mühiti, 1987-ci ilin fevralınadək gizli davam edən erməni düşmənçiliyi həmişə adamı bu şəhərdən kənara itələyib. Şuşa taksiləri “Xankəndiyə (təbii o vaxt Stepanakert deyirdilər) gedən varsa, gəlsin...” çağırıb müştəri tapanadək canları boğazına yığılardı. Kimdir axı Şuşadan Xankəndiyə gedən? Ya bir-iki erməni, ya da kimsə iş dalınca...Xankəndi adı indi qulağımıza və könlümüzə yatır, o zaman bu şəhər Stepanakert adı ilə tanınırdı, hələ də ermənilər üçün elə o zatıqırığın adına olan şəhər kimi qalır...

Xankəndi həm də on illiklərdir separatçıların şeytan yuvasıdır, yenə orada ağıllanmayan, başı “dəmir yumruq” üçün gicişənlər çoxdur, çünki onlar... ermənidirlər. Biz torpaqlarımızda qalmış bir ovuc, amma başı əzilmiş milləti içimizdə ağıllandırmalı, təmizləməli, adam sifətinə salmalıyıq. Çətin işdir, amma mümkünsüz də deyil. Onlar cikkildəyə, bizim əsəblərimizə toxunan, səbrimizi daşıracaq hərəkətlərə yol verə bilərlər. Amma əmin olun ki, Xankəndindəki erməni toplumu yenə bizim qanımızı tökə, canımızı yandıra, torpaqlarımızı işğal edə bilməyəcəklər.

... İndi deyilənə görə, müharibə zamanı qaçmış 50 mini qayıdıb, amma dünyanın bəzi təşkilatlarının, bəzi dövlətlərinin əleyhimizə qəbul etdiyi qərarlara baxın. Azərbaycan, eləcə də Türkiyə dünyanın bəzi dövlətlərinin gözünə bıçaq olub batıb, Ordumuzun tarixi uğurlarını, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini, həm də bu yolda qardaş Türkiyə ilə birgə addımlanmasını həzm edə bilmirlər. Amma bu yerdə də “nə edirlər, etsinlər, cəhənnəmə ki...” deyib keçə bilmərik. Azərbaycan gücün önə çıxdığı bu dünyada hamının qolunu bükə, hamının bizə uzanmış dilini kəsə bilməz.



Erməninin məskunlaşdığı Xankəndi önəmlidir, amma nəzarətdədir, Şuşanın ayağının altındadır, hoppanıb-düşənlər də yəqin ki, tezliklə yorulacaqlar. Ermənilər sıxılmış, hətta tələdəki tülkü kimidirlər, inanmırsız, gorbagor olmuş “dqr”in xəritəsinə bir də baxın...

İndi Azərbaycanı, onun mənafelərini düşünmək hər şeydən önəmlidir. Üç ay əvvələdək Azərbaycan hakimiyyətindən, konkret olaraq bütün bu uğurların şəriksiz baş memarı Prezident İlham Əliyevə bəzi dövlətlərin, hətta Minsk Qrupunun nə təklif etdiyini yada salaq- ermənilərə içimizdə dövlət yaratmaqdan, ən yüksək statusdan danışırdılar. Hamısı Prezidentin ağıllı siyasəti, Ordumuzun qəhrəmanlığı sayəsində dağıldı, hamısı tarix oldu.

Azərbaycan indi bütün cəbhələrdə üstün mövqedədir, həm də şahmat dili ilə desək, ağlarla oynayır...Bu mövqeyi saxlamaq yeni qələbələr üçün çox vacibdir. Biz millət olaraq hansı xəyalları gerçək etdik. Günlərin birində, Azərbaycanın hər bölgəsindən “Xankəndiyə kim gedir, gəlsin…”sözlərini eşidəcəyimizə də inanaq...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi