Yankoviç 2022-ci ilin yayından buradadır.
Müqaviləsi gələn ilin yayında bitəcək.
Əmin olun ki, Qurban Qurbanov bu hərəkətindən sonra qəti qərarını verib: əgər bunadək monteneqrolu yarımmüdafiəçini saxlayıb-saxlamamaq mövzusunda azacıq da olsa, tərəddüdü var idisə, artıq o da yox oldu, aradan qalxdı.
Böyük ertimalla, qış fasiləsində Markonun məsələsinə nöqtə qoyacaq - satılmasına icazə verəcək.
Su da qabda çox qalanda bəzən iylənir. Yankoviç isə idmançıya yaraşmayan xoşagəlməz əməlləri ilə son 7-8 ayda davamlı olaraq gündəmə gəlir.
Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda «Napoli» ilə səfər oyununun (2:0) ilk hissəsində yenə Mateus Silva ilə yaşadığı qovğa, sentyabrda Avropa Liqasının pley-off mərhələsinin «Tvente» ilə cavab matçında rəqibi vurmağa görə aldığı qırmızı vərəqə hələ yaddaşlardan silinməyib.
Bu əməlləri ilə o, öz «torba»sını tikir. Sanki demək istəyir ki, nə gözləyirsiz, məni tez qovun gedim.
Qurbanov bu legioneri dəfələrlə böyük miqdarda cərimələyib, bir neçə oyunda əsas heyətdə yer verməyib, amma görünür, bu cəzaların heç biri Yankoviçi ağıllandırmayıb, düz yola gətirməyib.
30-un üstündə yaşı var, suyu bulandırmaq vərdişindən yenə əl çəkmir: deməli, qozbeli qəbil düzəldər.
Yankoviç isə öz ələmində cənnətə düşməyə can atır. Cənnət dediyi kimi təklif aldığı ölkələrdən biridir.
Yunanıstan, Türkiyə, Ərəbistan - onlardan birinə getmək, karyerasının son illərində daha böyük pullar qazanmaq iştahası başını gicəlləndirib, olan-qalan ağlını da əlindən alıb.
MUSA
