“Qəbələ”, rahat ol, Ramin Musayev ya gop edir, ya da gap!

28 Fevral 2020 14:36 Premyerliqa 1 190
“Qəbələ”, rahat ol, Ramin Musayev ya gop edir, ya da gap!

Azərbaycan Premyer Liqasında 19-cu tura fevralın 29-da start veriləcək. Turun qarşılaşmaları 2 gün ərzində keçiriləcək.

Təhlükə “Sumqayıt”ı gözləyir

İlk oyun günündə ilk qarşılaşma Sumqayıtda keçiriləcək. “Sumqayıt” “Keşlə”ni qəbul edəcək. Deyəsən, qara toyuğun yumurtası öz işini gördü, “Keşlə”nin qaraçuxası oyandı, komanda ötən tur qalib gəldi. Əslində “Keşlə”ni hansısa ciddi təhlükə gözləmir. Komanda 2-3 turdan bir qələbə qazansa belə, böyük ehtimalla 3-cü pillədən aşağı enməyəcək. Çünki izləyicilər də qeyri-sabit qrafik cızırlar. Təhlükə “Sumqayıt”ı gözləyir.

“Gənclik şəhəri”nin təmsilçisi “Keşlə” ilə oyunda da xal itirsə, 4-cü pilləni itirmək təhlükəsi artacaq. Hətta 2 oyun ardıcıl xal itkisi komandanı avrokubok zonasından autsayder statusuna ata bilər. Bu amili nəzərə alsaq, “Sumqayıt” böyük təzyiq altındadır. İndi belə məqamda peşəkar idarəçilər və məşqçilər korpusu lazımdır ki, futbolçularda özünəinam hissi formalaşdırsın. Məşqçiləri deyə bilmərik, “Sumqayıt”ın idarəçiləri arasında beləsi yoxdur.

Statistika nə deyir?

Son dörd matçda meydan sahibi komanda uduzmur. “Sumqayıt” son 6 ev oyununda yalnız bir dəfə uduzub.
“Sumqayıt” – “Keşlə” – 30 oyun, 7 qələbə, 8 heç-heçə, 15 məğlubiyyət, top fərqi – 29-46.

Problem o olacaq ki...
Günün digər qarşılaşmasında lider “Qarabağ” “Sabah”ı qəbul edəcək. “Tələbələr” artıq iddialarını artırıblar. Qış fasiləsindən sonra qazanılan qələbələr “Sabah”ı 4-cü pilləyə yaxınlaşdırıb. Amma durum elədir ki, bircə məğlubiyyət situasiyanı dəyişə bilər. Həm turnir cədvəli, həm də komandadakı əhval-ruhiyyə baxımından. “Sabahı”ın bəxti onda gətirməyib ki, “Qarabağ”da qış fasiləsindən sonra artıq öz oyununu tapıb. Bu amili nəzərə alsaq, “tələbələr”in bu qarşılaşmadan xal alacağı inandırıcı deyil. Təbii, “Qarabağ”a məğlubiyyət problem deyil, problem o olacaq ki, bu məğlubiyyətdən sonra “Sabah”da ruh düşkünlüyü yaşansın. Bax, onda komandanı bir daha toparlamaq çətin olacaq.

Statistika nə deyir?

“Qarabağ” indiyədək meydanı qolsuz tərk etməyib. Ağdamlılar son 3 qarşılaşmada quru hesabla qalib gəlib.
“Qarabağ” - “Sabah” – 6 oyun, 4 qələbə, 2 heç-heçə, top fərqi – 10-2.

Kimi rahatlıq tapacaq, kimi də depressiyaya düşəcək

İkinci oyun günündə öncə meydana “Zirə” ilə “Qəbələ” çıxacaq. Qış fasiləsindən sonra uğursuzluq zolağında olan iki komanda. Təbii, hər iki komanda bu oyuna qara zolaqdan çıxış yolu kimi yanaşır. Deməli, qalib gələn müvəqqəti rahatlıq tapacaqsa, məğlub olan depressiya halına düşəcək. Yox, Ramin Musayevin “birinci diviziondan 3 komanda gəlsə, sonuncu yeri tutacaq komanda elitanı tərk edəcək” fikrinə görə depressiya məsələsini qabartmadıq. “Qəbələ”, rahat ol, Ramin Musayev ya gop edir, ya da gap. Hardadır bunların birinci divizionda 3 komandası ki, elitaya gətirsinlər? Sadəcə, “Qəbələ”nin oyununu tapa bilməməsi futbolçuların psixoloji durumuna təsir edə bilər. Elə “Zirə” də eyni aqibətlə üz-üzədir.

Statistika nə deyir?

“Qəbələ” 5 oyundur uduzmur. “Zirə” son 6 ev matçında məğlub olmayıb.
“Zirə” - “Qəbələ” – 18 oyun, 4 qələbə, 8 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 15-22.

“Ağ-qaralar”ın qaraya bürünəcəyi bu oyundan başlayacaq?

Günün və turun son qarşılaşmasında “Neftçi” “Səbail”i qəbul edəcək. “Neftçi” yavaş-yavaş özünə gəlir. Amma komandanın düşərgəsindən də pis xəbərlər gəlir. Aparıcı futbolçuların “Neftçi”dən getmək istədiyi bildirilir. Deməli, klubun düşərgəsində ab-hava qaydasında deyil. Özlərini komfort hiss etməyən futbolçular getməyi planlaşdırılar. Bu məqam “Neftçi”ni növbəti dəfə qara zolağa sala bilər. Onu da nəzərə alaq ki, “Səbail” də qış fasiləsindən sonra inamlı təsir bağışlayır. Nə bilmək olar, bəlkə “ağ-qaralar”ın qaraya bürünəcəyi elə bu oyundan başlayacaq...

Statistika nə deyir?

“Səbail” 3 oyundur qalib gəlmir. “Neftçi” ev matçlarında meydanı qolsuz tərk etməyib.
“Neftçi” – “Səbail” – 10 oyun, 6 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 20-7.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!