COP29

Sumqayıtlılar üçün - Tək komanda, böyük hədəf, münasib rəqib

12 May 18:35 Premyerliqa 474
Sumqayıtlılar üçün - Tək komanda, böyük hədəf, münasib rəqib

Premyer Liqanın 34-cü turunun əhəmiyyətli matçlarından biri Sumqayıtda baş tutacaq.

Burada “Sumqayıt” “Səbail”i qonaq edəcək.

Düzdü, qonaqlar üçün avrokuboklar sevdası ötən həftə “suya düşdü”.

Amma Bayıl təmsilçisi hər vəchlə mövsümü 6-cı pillədə tamamlamağı hədəfləyib.

Bu yolda əsas rəqib “Turan Tovuz”dur. Hər iki kollektivin aktivində 42 xalı var.

Ötən yay yeni transferlərə yaxşı maliyyə ayıran “Səbail” rəhbərliyinin məqsədi Avropa arenasına çıxmaq idisə, bu gün yeganə təsəllisi mövsümü “6-lıq”da tamamlamaqdır. “Dənizçilər” bu vəzifənin də öhdəsində gələ bilməsə, sezonu onlar üçün birmənalı olaraq uğursuzluq kimi qələmə vermək olar.

Meydan sahibləri üçün isə qarşılaşmanın əhəmiyyəti böyükdür.

Mövsümün son 3 finalından biri, bəlkə də tamam-davam matçıdır.

“Gənclik şəhəri” tarixində ilk dəfə gümüş medallara bu qədər yaxındır.

51 xalla 4-cü pillədə olan Samir Abasovun kollektivini ikinci sıradan cəmi 1 xal ayırır.

Bu mövsüm “Səbail”i “Kimyaçılar” üçün ən uyğun rəqib hesab edə bilərik. Daha doğrusu statistika belə deyir.

Arxada qalan 3 dövrənin hamısında bu rəqiblərin duelində gülən tərəf sənaye şəhərinin komandası olub.

Birinci dövrədə darmadağın (4:1) qeydə alınıbsa, digər iki halda sumqayıtlılar 3 xalı 1 qolla qazanıblar.

Bu dəfə “Sumqayıt”ın rəqibi önündə daha bir üstünlüyü var – meydan amili.

Yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu bu ilin fevral ayından yerli komandanın sərəncamına verilib. “Səbail” ilk dəfə adıçəkilən arenada qonaq olacaq.

Yerli publika tribunalarda yerini alanda “Neftçi” və “Qarabağ” kimi rəqiblər üçün belə 9500 nəfərlik tutumu olan arenada uğurlu çıxış etmək müəssər olmayıb.

Deməli, bu dəfə sumqayıtlı futbolsevərlərin də üzərinə çox iş düşəcək.

Evdə oturmaq, stadionun həndəvərində salınan parkda gəzmək yox, tribunada yer almaq zamanıdır. Cəmi 90 dəqiqə.

Sumqayıt şəhərinin sakinləri bu dəfə rəqibin adına yox, öz komandalarının ali hədəfə çatması naminə bir araya gəlməlidir. Gəlmələri üçün sevimli komandalarının qarşısındakı böyük hədəf və münasib rəqib ciddi əsas olmalıdır.

Axı onlar vahid olanda “Sumqayıt” da meydanda qarşısıalınmaz olur.

Bunu iki dəfə isbat ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"