Azərbaycan çempionatında finişə doğru: İki açıq sual, iki fərqli ssenari

24 May 2023 02:20 Premyerliqa 572
Azərbaycan çempionatında finişə doğru: İki açıq sual, iki fərqli ssenari

Azərbaycan Premyer Liqasında sona bir tur qalmış əksər suallar cavabını tapıb: Çempion da bəllidir, mükafatçılar da.

“Qarabağ” mövsümün qalibi adını qazanıb. “Sabah” gümüş, “Neftçi” bürünc medalları əldə edib.

Finiş öncəsi iki sual cavabsızdır. Bunlardan biri UEFA Avropa Konfrans Liqasına son vəsiqənin kimin olacağıdır. Hazırda buna “Qəbələ” və “Zirə” iddia edirlər.

“Qırmızı-qaralar” 49 xalla 4-cü, iki xal geri qalan “qartallar” 5-cidir. Son turda “Qəbələ” “Kəpəz”i qonaq edəcək, “Zirə” “Sumqayıt”ın qonağı olacaq.

İndiki məqamda əyalət təmsilçisi daha şanslı görünür. Son matçı evində keçirəcək komandaya heç-heçə də 4-cü olmaq üçün kifayət edəcək. Çünki şəxsi görüşlərdə qəbələlilər üstündürlər və Azərbaycan Premyer Liqasında xallar eyni olduqda komandaların öz aralarındakı oyunlarda qeydə alınan nəticələr əsas götürülür.

Beləliklə, 4-cü olmaq üçün “Zirə” qələbə qazanıb “Qəbələ”nin məğlubiyyətinə ümid etməlidir. Ancaq bu da kifayət olmaya bilər.

Əyalət təmsilçisi ölkə kubokunda finala yüksəlib. Komanda orada “Neftçi”yə qalib gələ bilsə, çempionatda 4-cü yeri kimin tutmasından asılı olmayaraq, Konfrans Liqasına gedəcək.

İkinci sual doğuran məqam son pilləni kimin tutacağıdır. AFFA rəsmiləri dəfələrlə bildiriblər ki, bu mövsüm axırıncı yerin sahibi elita ilə vidalaşacaq və onu I Divizionun qalibi (Ya da lisenziya ala bilən digər aşağı liqa komandası - red.) əvəzləyəcək.

Sonuncu olmağa iki namizəd var: “Səbail” və “Şamaxı”. Hazırda paytaxt təmsilçisi 26 xal toplayıb və əsas rəqibini bir xal üstələyir. Son turda isə bu kollektivlər “dənizçilər”in meydanında ölüm-dirim oyununa çıxacaqlar.

Həm turnir cədvəlindəki üstünlüyü, həm evdə oynadığını nəzərə alsaq, “Səbail” daha şanslı görünür.

Sonuncunun elitanı tərk etməsi ilə bağlı dəfələrlə açıqlanan qərar ümumi proses üçün ilk variantdır. Son zamanlar Premyer Liqada komanda sayının artırılması məsələsi yenidən gündəmə gəlib. I Divizionda “Araz Naxçıvan” və “Zaqatala”ya elitada iştirak üçün lisenziyanın verilməsi bu iddiaları daha da möhkəmləndirib. Düzdür, AFFA iki komandanın lisenziya almasının heç də klub sayının artacağı anlamına gəlmədiyini bildirir. Ancaq futbol ictimaiyyəti hesab edir ki, bu variant nəzərdən keçirilir.

Kuluarlarda gəzən söhbətlərə görə, növbəti mövsüm Premyer Liqada 12 komanda yarışacaq. Yəni, heç bir klub I Diviziona düşməyəcək və oradan iki kollektiv yüksələcək.

Son məlumatlara görə, həm “Araz Naxçıvan”, həm də “Zaqatala” elitaya hazırlaşırlar. Muxtar Respublika təmsilçisi stadionundakı çatışmazlıqları aradan qaldırmağa çalışır. Hərçənd, klub lisenziya alıbsa, onların elitaya yüksələcəyinə heç bir şübhə qalmamalıdır. I Divizionda çempion olan “Araz Naxçıvan” həm idman baxımından tələbi yerinə yetirib, həm də bir daha qeyd edirik ki, lisenziya alması o deməkdir ki, elitada yarışmaq üçün heç bir əngəl (Bank təminatı, infrastruktur, aşağı yaş komandaları və s. - red.) mövcud deyil.

“Zaqatala”dan gələn xəbərlər isə fərqlidir. Hazırda komandanın yeni baş məşqçi axtarışları apardığı ilə bağlı məlumat var. Klub məhz Premyer Liqa üçün çalışdırıcı axtarışındadır. Onlar real addımlar üçün yekun qərarı gözləyirlər.

Azərbaycan futbolunda son illərdə dəfələrlə gözlənilməz qərarlar verilib. Bu səbəbdən AFFA hər nə qədər sonuncunun elita ilə vidalaşacağını açıqlasa da, yekunda fərqli ssenarinin cızılması mümkündür.

Yekun qərar mövsüm bitdikdən sonra veriləcək. AFFA İcraiyyə Komitəsi güman ki, iyunun əvvəlində toplanacaq və orada bütün suallara aydınlıq gələcək.

Yəni, adıçəkilən komandalardan biri sonuncu pilləni tutsa da, toplantıya qədər ümidini itirməyəcək. Sadalanan səbəblər onu göstərir ki, buna əsasları da var. Elə hər iki cəbhədə sakitliyin hökm sürməsi, sonuncunun Premyer Liqanı tərk etməsi variantına əvvəlki qədər reaksiya göstərməmələri pozitiv qərarın çıxacağına inanmalarının göstəricisidir.

İdman prinsipinin qorunması vacibdir, ancaq əgər bu, komanda sayının artması hesabına ediləcəksə, futbol ictimaiyyəti narazı qalmayacaq. Paradoksal vəziyyətdir: futbolsevərlər hər zaman tənqid etdikləri qayda pozuntusuna sevinməyi arzulayırlar. Amma Azərbaycan futbolunun reallığı məhz bu kiçik situasiyada üzə çıxa bilir.

Premyer Liqada sonuncu turun oyunları mayın 27-si və 28-də keçiriləcək (oxu.az).

Faiq Tahirov

Xəbər Lenti