Bu gün kimin “toy"”u olacaq - Hacıyevin, yoxsa Qurbanovun?

4 Dekabr 2021 13:00 Premyerliqa 564
Bu gün kimin “toy"”u olacaq - Hacıyevin, yoxsa Qurbanovun?

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.

Turun açılış oyununda "Keşlə" "Səbail"i qəbul edəcək. Hazırda hər iki komanda da "qara zolaq"dadır.

Bir sözlə, dərdləri bir, məramları eyni olan iki paytaxt klubu...

Qəribə məqam odur ki, hər iki tərəf də çempionluğa iddialı komandaları məğlub etdikdən sonra uğursuzluq yaşayır.

Meydan sahibləri "Neftçi" üzərində möhtəşəm (3-2) qələbədən sonra məğlubiyyətləri sıralayır. Sənan Qurbanovun komandası öncə "Qarabağ"a minimal hesabla (0-1) məğlub oldusa, ötən tur da "Sabah"a məğlub olmaqla (1-2) 3 xala həsrət qaldı.

Hazırda sonuncu pillədə gedən rəqibindən 1 xal öndə olan "Keşlə"ni, bu gün ancaq qələbə düşündürür. Əks halda kollektiv bir neçə tur əvvəl qurtulduğu sonuncu pilləyə yuvarlanacaq.

"Səbail"in vəziyyəti isə daha acınacaqlıdır. Bayıl təmsilçisi "Qarabağ" üzərində qələbə qazananda (3-1) əksəriyyətimiz növbəti turlar daha uğurlu "Səbail" görəcəyimizə inanırdıq.

Amma vitse-çempion üzərindəki əla qələbədan sonra Aftandil Hacıyevin yetirmələri hələ də özünə gələ bilmir. Ardıcıl 4 oyun və 4 məğlubiyyət.

Avrokuboklar zonasından demək olar ki, uzaq düşən paytaxt klubu, alacağı növbəti məğlubiyyətlə sonuncu pillədəki yerini möhkəmləndirmiş olacaq.

Aftandil Hacıyevin Sənan Qurbanovla şəxsi düelləri də "Səbail" üçün bu gün yaxşı nəsə vəd etmir. Hacıyev 3 dəfə üz-üzə gəldiyi Qurbanovlu "Keşlə"dən 2 məğlubiyyət alıbsa, yalnız 1 matçda bərabərə qalmağı bacarıb.

Bugünkü oyun komandaların "qara zolaq"dan çıxmaq mübarizəsi ilə bərabər, həm də Hacıyevin Qurbanov tilsimini qırmaq yolunda növbəti cəhdi baxımından maraqlı olacaq. Ümid edək ki, gərgin 90 dəqiqənin sonunda haqqlı olan zəfər qazanacaq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti