"Belə açıq və cəsarətli oynasınlar - Taktika gözəl şeydir, amma…"

15 Aprel 2021 19:40 Premyerliqa 546
"Belə açıq və cəsarətli oynasınlar - Taktika gözəl şeydir, amma…"

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 22-ci turunun “Zirə” - “Keşlə” (0:0) və “Qarabağ" - “Sumqayıt” (4:1) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Zirə" - "Keşlə"
Bu oyunda qalibiyyət "Zirə" üçün daha vacib idi. Çünki "Sumqayıt"ın "Qarabağ"la oyunda xal itirməsi gözlənilirdi. "Zirə" qələbə sayəsində əsas rəqibindən aralana bilərdi.

Oyun çox gərgin keçdi. "Keşlə"nin aparıcı futbolçularından bir neçəsi yox idi. "Zirə" oyuna çox aktiv başladı.

Sənan Qurbanovun gəlişindən sonra "Keşlə" ardıcıl heç-heçələr edir. Pis nəticə deyil. Oyun keyfiyyətində artım hiss olunur.

Yeni məşqçi gələndə hamı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Bu, "Keşlə"də də belədir. Hər kəs ürəklə oynayır. Sadəcə, hücum xəttində çoxala, böyük qüvvə ilə irəli atıla bilmirlər. Bu da "dişsiz" görünmələrinin səbəbidir.

"Zirə"də Davit Volkovun sıraya dönməsi gözəl oldu. Belə futbolçular nə qədər çox olsa, çempionatın səviyyəsi də yuxarı olar. Aparıcı futbolçuları itirəndə komandanın oyununda zəifləmə olur.

Hər iki komanda yaxşı çıxış elədi və xarakter göstərdi. Həm "Zirə", həm də "Keşlə" bir neçə real qol epizodu yarada bildi. Komandaların fiziki durumları yaxşı vəziyyətdədir.

Futbolçular döyüşkənlik göstərdilər. Heç bir komanda müdafiədən oynamadı. Açıq futbol gediridi.

Bu da məşqçilərin qələbə istəyini göstərirdi. Bütün məşqçilərimizi dəvət edərdim ki, belə açıq və cəsarətli futbol oynasınlar. Taktika gözəl şeydir, amma başabaş olan iki rəqibin belə açıq futbol oynaması gözəl olardı. Azarkeşlər üçün də baxımlı futbol olsun.

Hakimlər oyunu yaxşı idarə etdilər. Yaxşı qiymət alacaqlarını gözləyirəm. Kaş bütün maraqlı oyunlarımız belə olsun. Futbolumuzun səviyyəsi belədə irəli gedər.

"Qarabağ" - "Sumqayıt"
"Neftçi"nin xal itirməsindən sonra maraqla gözlənilən oyun idi. Gözlənilirdi ki, "Qarabağ" 1 xallıq fərqi artırmağa çalışacaq. "Sumqayıt" yaxşı komandadır.

Heyətin əksəriyyəti azərbaycanlı uşaqlardan təşkil olunub. Ayxan Abbasov komandanı pis toparlamayıb.

Ötən tur "Neftçi" üzərində qələbə də göstərdi ki, "Sumqayıt" "dişli" komandadır. Amma "Qarabağ"ın bu şansı əldən verməyəcəyi gözlənilən idi. "Neftçi"nin xal itirməsindən ustalıqla istifadə etdilər.

Maksimin dönüşü müdafiədə inamı qaytarıb. Mükəmməl çıxış etdilər. Mahir Emreli və Qara Qarayevin də tezlikə sıraya dönmələrini arzu edirəm. Ozobiç və Zubirin fərdi oyunları göz qabağındaydı.

4 qolun vurulmasında onların ustalıq səviyyəsi rol oynadı. İsmayılın oyunu gözəl alınır. Ümid edirəm, bütün oyunlarda belə qollar vurulsun və azarkeşlər üçün baxımlı olsun.

Ümumilikdə, oyun baxımlı alındı. Hət iki komandaya gələcək oyunlarda uğurlar. Hakimlər də oyunu pis idarə etmədi.

Xəbər Lenti