“İmişli” Premyer Liqanın üçüncü turunda ilk qələbəsini qazandı. Bölgə klubuna üç xal qazandıran qələbə qolunu isə yerli futbolçu Seyxan Fərracov vurdu.
Bu oyunda diqqət çəkən başqa məqam “İmişli”nin meydana 7 azərbaycanlı futbolçu ilə çıxması idi.
Legioner limitinin ləğvindən sonra Premyer Liqada belə mənzərəyə tez-tez rast gəlmirdik. Bəlkə də ümumiyyətlə rast gəlmirik. Ona görə də “İmişli”nin bu addımını yalnız alqışlamaq olar.
Legioner limitinin ləğv edildiyi dönəmdə klub rəhbərliyi və məşqçi heyəti belə bir strategiya qurub - Yola daha çox yerli futbolçularla davam etmək.
Yay fasiləsində cəmi iki legioner transfer edən “İmişli” mövsümün əvvəlindən etibarən yerli futbolçulara üstünlük verir. Bu, düşünülmüş və məntiqli yanaşmadır.
Çünki çoxlu legioner gətirmək daha böyük xərc deməkdir, amma heç də Premyer Liqada qalmağa zəmanət vermir. Bunun ən yaxşı nümunələrindən biri ötən mövsüm “Karvan Yevlax ” oldu. Yevlax təmsilçisi 12 legioner transfer etdi, amma sonda Premyer Liqanı tərk etdi. Deməli, məsələ legionerin sayında deyil, düzgün seçimdə və qurulan strategiyadadır.
Bəli, “İmişli” də mövsümün sonunda Premyer Liqanı tərk edə bilər. O zaman yenə əlinə "balta" alıb klubun üzərinə düşənlər, “yerli futbolçularla hara gedəcəksiniz?”, “Gördünüz, şans verdiniz, amma liqada qala bilmədiniz” deyənlər olacaq.
Amma heç kim deməyəcək ki, liqanı tərk etdiniz, amma Azərbaycan futboluna Seyxan Fərracov kimi bir futbolçu qazandırdığınız üçün "sağ olun". Bəlkə daha bir Məmməd, daha bir Həsən üzə çıxdı.
Bu mənzərə əslində mənə tanışdır.
İllər əvvəl “Şamaxı” Premyer Liqada yalnız yerli futbolçularla çıxış etmək qərarı verdi. Mövsüm ərzində bu qərarın üzərində dayandı. Futbol ictimaiyyəti isə komandanı az qala daş-qalaq etdi. “Bu, yanlış qərardır”, “belə heyətlə komanda liqada qala bilməz” deyənlər çox idi.
Bəli, “Şamaxı” həmin mövsüm Premyer Liqanı tərk etdi. Son turda heyətində 10-12 legioner olan “Səbail”ə məğlub olaraq elitadan düşdü. Olsun. Bir mövsüm sonra yenidən Premyer Liqaya qayıtdı.
Amma həmin mövsüm yerli futbolçulara şans verməklə Azərbaycan futboluna Rəhman Daşdəmirov kimi bir futbolçu qazandırdı.
Bu gün həm Rəhman Daşdəmirov “Sabah”ın əsas heyətindədir və Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.
Ona görə də futbolda hər şeyi yalnız bu günün nəticəsi ilə ölçmək doğru deyil.
Bəzən bir klub liqada qalmaq üçün yox, gələcək üçün də oynayır. Bəzən bu gün itirilən bir xal, bir mövsüm sonra qazanılan futbolçu ilə əvəz olunur.
“İmişli”nin yerli futbolçulara üstünlük verməsi də məhz bu baxımdan qiymətləndirilməlidir.
Bəlkə “İmişli” Premyer Liqada qalacaq, bəlkə də yox. Amma Seyxan Fərracov kimi futbolçulara şans verilməsi Azərbaycan futbolunun xeyrinədir.
Və belə addımlar tənqid yox, alqış haqq edir.
XANOĞLAN / SPORTİNFO.AZ
