Premyer Liqada neçə komandanın iştirak edəcəyi nə vaxt açıqlanacaq?

14 Aprel 2021 19:40 Premyerliqa 1 406
Premyer Liqada neçə komandanın iştirak edəcəyi nə vaxt açıqlanacaq?

2021/22 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak üçün birinci divizionun dörd təmsilçisinin AFFA-ya müraciət etdiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, söhbət “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və MOİK-dən gedir.

Prosesin hansı mərhələdə olduğunu öyrənmək üçün AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyevlə əlaqə saxladıq.

Qurum rəsmisindən müraciət edən klubların neçəsinin növbəti mövsüm premyer-liqada iştirak şansının olduğunu öyrənməyə çalışdıq (Futbol+):

“Müraciət üçün hələ vaxt bitməyib. Hazırkı məqam üçün qeyd edə bilərəm ki, hər bir klubda çatışmayan ciddi sənədlər var.

Lisenziyalaşdırma proseduru 5 meyardan ibarətdi. Klubların bəzilərində bir, bəzilərində iki çatışmayan sənəd var. Bu problem bütün klublara aiddi.

Lisenziyalaşdırma qurupu təqdim olunan sənədlərə baxaraq komissiyaya yönəldəcək. Bundan sonra yekun qərar veriləcək”.

Sərxan Hacıyev premyer-liqaya vəsiqə qazanacaq komandalarla bağlı yekun qərarın nə zaman veriləcəyi ilə bağlı da danışdı:

“Hazırda dəqiq tarix bəlli deyil. Bu tarix ehtimal var ki, mayın ortalarında bilinsin. Keçmişə nəzər salsaq, pandemiya dönəmini çıxmaq şərti ilə, həmişə mayın 10-15-i aralığında qərar açıqlanıb.

2020-ci ildə isə koronavirusa görə bu qərar iyunun 18-də verildi. Lakin bu il eyni halın təkrarlanması gözlənilmir. Mayın ortalarında qərarın verilməsi gözlənilir”.

Sərxan bəydən klubların hansı meyarlarda çatışmazlıqlarla üzləşdiklərini də soruşduq. Lisenziyalaşdırma qrupunun rəhbərinin sualımıza cavabı belə oldu:

“Onlarla bağlı məxfiliyi Lisenziya Komissiyasının iclası baş tutana qədər qorumalıyıq. Həmin məlumat ancaq qrupumuz təfərindən Lisenziya Komissiyasına verilə bilər.

Bundan sonra komissiya daxildə müzakirə aparıb, qərar verir. Qərardan sonra ümumi xarakterli məlumat ictimaiyyətə açıqlanacaq”.

Digər Xəbərlər
Xəbər Lenti