.jpg)
Büdcə sıxıntısı çəkən «Neftçi» islahatlara başlayıb.
Artıq indidən bilinir ki, paytaxt təmsilçisi növbəti mövsümə fərqli, yəni, aşağı büdcə ilə start verməli olacaq.
Sponsorlar xərcləri qarşılamağa çətinlik çəkir. Bir tərəfdən neft şirkəti bununla bağlı klub rəhbərliyinə xəbərdarlıq edibsə, digər yandan, Türkiyə Hava Yolları əvvəlki şərtlərlə əməkdaşlığı davam etdirməyə hazır deyil.
Kamran Quliyevi başa salıblar ki, artıq ayağını yorğanına görə uzatmalıdır. Bu isə klubda ixtisarları qaçılmaz edir. Hələ bu harasıdır. O, əməkhaqqı cədvəlini kiçiltməlidir.
Burada yalnız futbolçularla kifayətlənmək olmaz. Yüksək maaş alan kadrlar da idarəçilikdən uzaqlaşdırılmalıdır. Belə baxanda, hörmətli Kamran bəyin özü də «Neftçi»də pis qazanmır.
Futbol kluarlarında, eləcə də, mətbuatda yazılan rəqəmlərə inansaq, onun 1 aylıq prezidentliyi kluba 15-20 min manata başa gəlir. Düzdür, Quliyevin büdcə azalmasına öz «paket»indən imtina etməklə başlayıb-başlamayacağı hələ bilinmir, ancaq gələn məlumatlar bundan ibarətdir ki, vəziyyət tezliklə düzələnə oxşamır.
Çünki SOCAR-da ona olan inam tamamilə ölüb. Axı Quliyev verdiyi vədlərin heç birini yerinə yetirməyib, adı daim qalmaqallarda, neqativ olaylarda hallanıb, bacarıqsız biridir.
018-ci ilin sentyabrında AFFA tərəfindən «Neftçi»nin akademiyasına baş koordinator göndərilən Mik Bennetlə müqavilə yenilənməyib. Britaniyalı ötən ilin mayında anlaşma yeniləyərək daha 1 il Bakıda qalmışdı. İndi isə «ağ-qaralar»ın ona hər ay 10000 dollar maaş ödəməyə imkanı çatmır.
Federasiya Benneti bir neçə il öncə «Mançester Yunayted» Yay Futbol Məktəbinə görə Azərbaycana gətirmişdi. İş belə gətirdi ki, «Bakcell» AFFA ilə əməkdaşlığın müddətini uzatmadı, layihə yarımçıq qaldı.
İngiltərəli funksionerin müqaviləsi davam etdiyindən, qurum məcbur oldu ki, onu başqa bir işlə təmin eləsin. Digər öhdəlikləri də yerinə yetirmək şərti ilə. Məsələn, onu kateqoriya ilə təmin etmək.
Bennet Bakıya ayaq basanda cibində «B» dərəcəli lisenziya daşıyırdısa, indi buradan «Pro» ilə ayrılır. Hansı ki, məşqçilikdə ən yüksək kateqoriya sayılan «Pro» britaniyalıya sadəcə hədiyyə olunub,
O, UEFA-nın təşkilatçılığı ilə AFFA-nın keçirdiyi kursdan kəsilib. İmtahanları verə bilmyən Benneti federasiya sonradan arzusuna çatdırıb. Səssiz-səmirsiz, sakitcə.
SPORTİNFO.AZ