"Neftçi"dən PFL-ə cavab: "8 turu başa vurmaq üçün o qədər də vaxt lazım deyil"

3 Aprel 2020 16:00 Neftçi 853
"Neftçi"dən PFL-ə cavab: "8 turu başa vurmaq üçün o qədər də vaxt lazım deyil"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev UEFA-nın milli çempionatlarla bağlı son qərarına münasibət bildirib.

Qitə futbol qurumu 55 milli assosiasiya rəhbəri ilə keçirdiyi 1 aprel videokonfransında ölkələrin çempionatları ilə bağlı qərar vermək hüququnu onların öz ixtiyarına buraxıb.

R.Musayevin sözlərinə görə, bu istiqamətdə hansısa qərar qəbul etmək üçün ilk növbədə, ölkədə koronavirusa görə yaranmış vəziyyətin düzəlməyini gözləmək lazımdır. PFL rəhbəri çempionatın yarımçıq dayandırıla biləcəyini də istisna etməyib:

"Bu dəqiqə çempionatın davam etdirilib-etdirilməyəcəyi barədə nə isə demək yanlış olar. Bizi daha çox insanların sağlamlığı maraqlandırır. Hər şey normal olsa, klubları bir araya yığıb qərar verəcəyik. Amma vəziyyət pisləşsə, çempionat ləğv oluna bilər".

R.Musayev bildirib ki, Çempionlar Liqası və Avropa Liqası başa çatdırılarsa və avrokuboklarda yeni mövsüm başlayarsa, PFL vəziyyətə uyğun qərar verəcək:

"Çempionat dayandırılsa, birinci yerin sahibi çempion kimi Çempionlar Liqasına, 2 və 3-ün yerləri tutanlar isə Avropa Liqasına yollanacaq. Yeganə məsələ kubokun qalibi ilə bağlıdır. Düşünürəm ki, oyun sayı az olduğundan, kubok matçlarını keçirmək olar".

PFL prezidenti Avropada futbol tamamilə dayanarsa, Azərbaycanda çempionat keçirməyin mənasız olduğunu söyləyib: "İnsanların həyatını riskə atmağa dəyməz.

Hazırda gözləmə mövqeyindəyik. Təki ölkəmizdə hamının səhhəti yaxşı olsun, ondan sonra qərar verərik. Bayaq səsləndirdiyim fikirlər sadəcə ehtimaldır. Dəqiq nə isə deyə bilmərəm".

Bu, baş versə çempionluq "Qarabağ"a veriləcək. Görəsən, çempionluq yolunda "Qarabağ"ın əsas rəqibi olan "Neftçi" tərəfi bu qərara hazırdımı? Paytaxt klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az- a bunları deyib:

"Ali futbol qrumu olan UEFA bütün federasiyalara tövsiyə və məsləhət bilib ki, çempionatlar bitirilsin. Azərbaycan çempionatının bitməsi üçün cəmi 8 tur qalır. Məncə, 8 turu başa vurmaq üçün o qədər də çox vaxt lazım deyil.

Vacib olan odur ki, virusla bağlı problem tezliklə bitsin və insanlara sərbəst hərəkət imkanı verilsin.Bundan sonra PFL çempionatı rahat şəkildə bitirə bilər. Ümid edirik ki, belə də olacaq".

Klub rəsmisi çempionluq şanslarının qaldığını və bundan sona kimi istifadə edəcəklərini bildirib: "Kimin nə düşünməsi haqda biz nəsə deyə bilmərik.

Öz fikrimizə görə, "Neftçi"nin hələ də çempionluq şansı var. Qarşıda hələ 8 tur var. Bu turlar ərzində şansları maksimum dəyərləndirib çempion olmaq üçün sona kimi mübarizə aparacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!