"Neftçi"nin baş məşqçisinin ona söz deməyə cəsarəti çatmır…

9 Mart 2020 20:40 Neftçi 1 294
"Neftçi"nin baş məşqçisinin ona söz deməyə cəsarəti çatmır…

"Neftçi" ötən turdakı şansını qaçırandan sonra sabahlara ümidli komandanı yenmək məcburiyyətində idi.

Yoxsa evdə ardıcıl iki tur xal itkisi bağışlanmaz olardı. Onsuz da azarkeşlər narazıdır: çempionluq, kubok çoxdan əldən çıxıb.

İlk yarıda demək olar heç bir qapı qarşısında 100 faizlik qol epizodları yaranmadı. Nəriman Cahan Samanın fərdi ustalığı sayəsində "doqquzluğ"u nişan aldı - bu, həm də Füzuli Məmmədovun ötən turdakı səhv əvəzetmələrinə futbol tanrısının tutarlı cavabı idi.

İranlı yarımmüdafiəçi oyunun ən yaxşısı, dirijoru idi. Baxmayaraq ki, Füzuli Məmmədov öz şakərindən əl çəkmək istəmir.

Oyundan sonrakı açıqlaması təkəbbürlükdən başqa bir şey deyil. Deyir ki, mən ötən tur «Səbail»ə qarşı yaxşı oynadım, hücumçular qollarını vura bilmədilər.

A kişi, futbol sənin üçün bu günlərdə videosu paylaşılan "Xəzər Lənkəran"ın formasında Ceyhun Sultanovla oynadığın, cığallıq etdiyin, hay-küy saldığın "dır-dır" oyunu deyil!

Belə doğru addım atmışdınsa, bu dəfə də Cahanı Mustivarla əvəzləyərdin. Qol da vurulmuşdu, nəticəni qoruyub saxlayardın, görək, necə saxlayırdın!

Onda olardın qismən doğru. Demək istəyirsən ki, yazdıqlarımız yalandır? Başa düşürük, təcrübəsizsən. Öyrənmək isə ayıb bir şey deyil.

Elə bu oyunda səhvlərdən nəticə çıxarmaq qələbəni təmin etdi. Qələbə qazana bilmədiyin, çempionluğa son şansı əldən verdiyin "Səbail"in qapısına qolları qələbə üzünə həsrət olan "Zirə" vurdu. Özü də səfərdə.

Özünüzü çox da dilli-dilavər saymayın. "Qarabağ"la heç-heçə edib nəticəyə görə futbolçulara, rəhbərliyə təşəkkür edən məşqçisən.

"Sona kimi çempionluğa oynayacayıq" populizmi ilə milləti ağılsız sayma. Çempionluğa oynayan "Qəbələ"dən 5 top buraxan "Sumqayıt"ı, təqaüdçü Essyenli "Səbail"i evdən xallarla yola salmaz, xalsız göndərər.

"Neftçi" çempionat başlamadan minimum ikinciliyi təmin edib. Bu, qəhrəmanlıq deyil, "kəndinizə gəlin", lovğalanmayın.

Ondansa, araşdırın görün, yüksək ödənişli Donald Gerye niyə bəyənmədiyin Ömər Buludovdan zəif oynayır? Uşağı tənqid etdiyin kimi, onu da açıq efirdə tənbeh et. Cəsarətin, hünərin varsa!

Gerye "Qarabağ"da oynadığının heç 10 faizini meydanda göstərmir. Rəhbərliyə sual ver ki, Sansoneyə görə Mirabdullanı niyə get-gələ saldız?

O, hazır olmaya-olmaya meydana çıxan kimi sözünü dedi.

Sportinfo.az doğru olanı həmişə qeyd edəcək. Nəticələr çıxarsanız, xeyirini görərsiz. Bu oyunda olduğu kimi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti