“Neftçi”nin heyətində ilk qolumu vurduğum üçün şadam, ancaq ikinci qolumun hesaba alınmaması və komandamızın qələbə qazana bilməməsi məni məyus etdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi”nin yarımmüdafiəçisi Draqolyub Saviç deyib.
Serbiyalı Misli Premyer Liqasının VIII turunda “Qarabağ”la keçirilən və 3:3 hesabı ilə başa çatan görüşü dəyərləndirib. O, komandasının yaxşı mübarizə apardığını, lakin qələbəni qoruya bilmədiklərini bildirib:
“Çox gərgin və çətin oyun idi. Layiqli mübarizə apardıq. İkinci hissədə əks-hücumlara üstünlük verirdik. İstədiyimiz oyunu sərgiləyirdik. 3 qol vurduq, 1 qolumuz da sonradan VAR-ın qərarı ilə ləğv olundu. Qələbə hesabını qoruya bilmədik. Bunun səbəbini dəqiq izah etmək çətindir. Lakin əminliklə deyə bilərəm ki, bu nəticə bizi daha da güclü edəcək. Biz “Neftçi”yik, sona qədər mübarizə aparmalıyıq”.
Əsas heyətdəki yeri ilə bağlı danışan Saviç baş məşqçinin qərarından asılı olaraq, komandaya fayda verməyə hazır olduğunu vurğulayıb: “Hazırda “Neftçi”nin bir parçası olduğum üçün xoşbəxtəm. Hər zaman da komandaya kömək etməyə hazıram. Baş məşqçi nə zaman şans versə, əlimdən gələni edəcəyəm. Məqsədim komandama faydalı olmaqdır”.
Yarımmüdafiəçi azarkeşlərin dəstəyini də yüksək qiymətləndirib. O, qolunu fanatların qarşısında qeyd etməyin xüsusi sevinc olduğunu bildirib:
“Heyranedici, möhtəşəm idilər. Azarkeşlərimiz bizim üçün çox vacibdirlər. Onlar həqiqətən də 12-ci oyunçudurlar. Vurduğum qolu fanatların önündə qeyd etmək çox xoş idi”.
“Neftçi”nin “Sabah” və “Qarabağ”la görüşlərdəki nəticələrinə toxunan Saviç hər iki matçda daha çox xal qazanmağa layiq olduqlarını düşünür.
O, komandanın çempionluq uğrunda mübarizə aparmaq gücündə olduğunu qeyd edib: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik. Məncə, 2 xaldan daha artığına layiq idik. İstəyimizə çatmaq üçün daha çox çalışmalıyıq”.
Saviç növbəti turda “Turan Tovuz”la keçiriləcək qarşılaşma barədə də fikirlərini bölüşüb. O, rəqibin güclü olduğunu desə də, “Neftçi”nin hədəfinin qələbə qazanmaq olduğunu vurğulayıb:
“Maraqlı oyun olacaq. Rəqib güclü olsa da, bizim hədəfimiz yalnız və yalnız qələbədir. Doğma azarkeşlərimiz önündə oynayacağıq. Çox istərdim ki, həmin matçda bizi dəstəkləyənlərin sayı daha çox olsun. Çünki fanatlar gücümüzə güc qatırlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
