"Neftçi"nin kapitanından məğlubiyyət etirafı: "Bizi sıxmağa başladılar"

2 Oktyabr 2022 11:00 Neftçi 1 438
"Neftçi"nin kapitanından məğlubiyyət etirafı: "Bizi sıxmağa başladılar"

"İlk hissədə daha yaxşı, aqressiv oynadıq.

Rəqibi əks hücumlarda tutduq. "Qarabağ" ikinci yarıda oynamağa imkan vermədi".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqlar Azərbaycan Premyer Liqasının VIII tur oyunu haqda deyib.

30 yaşlı yarımmüdafiəçi fasilədən sonra çoxsaylı top itkilərinə yol verdiklərini bildirib:

"Nəticədə müdafiədə oturmağa məcbur olduq. Maraqlı görüş oldu. Rəqib şanslardan istifadə etdiyi üçün qalib gəldi".

O, "Qarabağ"ın ikinci hissədə "Neftçi"nin futbolçularını çox yaxşı zərərsizləşdirdiyini söyləyib:

"Aqressiv oynamağa və bizi sıxmağa başladılar. Hücuma çıxmaqda çətinlik çəkirdik. Əks hücuma keçmək istəyəndə isə topu itirirdik".

Təcrübəli oyunçu bəzi epizodlarda futbolçular arasındakı gərginliyə də toxunub:

"Futbolda aqressiyanın olması normaldır. Meydanda baş verənlər orada da qalır".

Mahmudovun sözlərinə görə, Laurentsiu Regekampfın gəlişindən sonra nəyin dəyişdiyini demək əvvəlki baş məşqçiyə haqsızlıq olar:

"Bundan öncə də pis oynamırdıq, indi də. Regekampf da bizə kömək edir ki, daha yaxşı olaq".

Futbolçu bu məğlubiyyətin çempionluğun taleyini həll etməsi fikri ilə razılaşmayb:

"Düzdür, rəqib bu qələbədən sonra turnir cədvəlində bizdən önə keçdi. Başımızı aşağı salmalı deyilik. Qarşıda çox oyun var. Növbəti turlarda qalib gəlməyə çalışmalıyq".

Digər Xəbərlər
Xəbər Lenti