“Forza Neftçi” baş məşqçinin cavabını DƏHŞƏTLİ FAKTLARLA verdi!

10 May 2022 21:00 Neftçi 997
“Forza Neftçi” baş məşqçinin cavabını DƏHŞƏTLİ FAKTLARLA verdi!

“Əziz, Samir Abbasov. Bundan öncəki yazılarımızda da sizin müsahibələr zamanı peşəkar futbol klubunun baş məşqçisinə xas olmayacaq dərəcədə qeyri-peşəkar ifadələr işlətməyiniz barədə məlumat vermişdik.

Sadəcə, gündəmdə qalmaq istədiyinizi nəzərə alaraq bir daha fikirlərinizə cavab vermək istəyirik”.

“Neftçi”nin bir nömrəli azarkeş qrupu olan “Forza Neftçi” Samir Abasovun “Qəbələ” ilə səfər oyunundan sonra (1:0) azarkeşlərin ünvanına işlətdiyi xoşagəlməz ifadələrə münasibət bildirib.

“Forza” “feysbuk” səhifəsi vasitəsi ilə “ağ-qaralar”ın baş məşqçisinə səslənərək, ona ayrı-ayrı detallar üzərində səslənib:

30 oktyabr 2021. “Qarabağ”la oyundakı biabırçı nəticədən sonra verdiyiniz müsahibədə "azarkeşlərin təkidi ilə əvəzetmə etdiyinizi" deyən də məhz siz idiniz, cənab Abbasov. Bizim sözümüzlə nəyinsə dəyişə bildiyini məhz özünüz ifadə etmişdiniz.

13 il ərzində sözümüzün kəsərinin necə olduğunu görməyən deyəsən bir siz qalmısınız. Çox təəssüflər olsun ki , çempion olduğunuz mövsüm məlum səbəblərdən oyunlarda azarkeşlər iştirak etmirdi.

Bəlkə həmin zaman təzyiq görmürdünüz deyə belə rahat idiz. Çünki mövsümün əvvəlindən bəri narahat görünməyiniz göz önündədir.

12 fevral 2022. “Sabah”la qarşılaşmada bizdən tamamilə asılı olmayan səbəblərdən baş vermiş hadisə nəticəsində oyunun sonunda "2 ay sonra mən sağ, siz salamat" ifadəsini söyləyib çıxıb getdiniz. Biz sizə bundan tam 7 ay öncə, - noyabr ayında ərizə yazmağınızı məsləhət görmüşdük.

Müsahibədə işlətdiyiniz ifadəyə gəldikdə, bizim mövqeyimizin nə olduğunu çox şükür hamı bilir. Klubunun hər bir oyununda , ölkə, region fərq etmədən, məsafə düşünmədən klubunun arxasında duran insanlara bu ifadəni işlətməyinizin nə qədər düzgün olduğunu düşünməyinizi istəyirik.

9 aprel 2018. Siz hələ “Sumqayıt”ın baş məşqçisi olan dönəmdə oyunun sonunda oyunçularınızı məhz bizi alqışlatmaq üçün bizim qarşımıza gətirmişdiniz.

Çox yox, sadəcə 4 il keçib. Bunu xatırlayıb bundan sonrakı müsahibələrinizdə düzgün ifadələrdən işlətməyinizi tövsiyə edirik. Bizim mövqeyimiz bəllidir , sizə öz mövqeyinizi bəlli etməyi məsləhət görürük”.

Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutan “Qəbələ” – “Neftçi” matçından sonra (1:0) Samir Abasov “CBC Sport”a açıqlamasında azarkeşlərin ünvanına sərt fikirlər səsləndirib:

“Onlar həyatda mövqeyi olmayan insanlardır. Həmin adamlardır ki, ötən mövsüm yanımızda fırlanırdılar, bizi göyə atıb-tuturdular. Olacaq, ya olmayacaq – boş şeylərdir.

Məni bura azarkeş gətirməyib, klubun rəhbəri gətirib. Klub rəhbərinin də verəcəyi qərara hörmətlə yanaşacağam. Xatırlamıram ki, hansısa azarkeş nəyisə həll etsin. İllah da bizim indiki vəziyyətimizdə. Boş verin, getsin”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti