Azərbaycan idmanının yeni bəlası haqda - MÜSAHİBƏ

3 Noyabr 2019 16:00 Müsahibə 1 293
Azərbaycan idmanının yeni bəlası haqda - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndə heyəti Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş “Fitnesdə dopinq və səhiyyə” beynəlxalq konfransında iştirak edib. Səfər zamanı həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində Danimarka təcrübəsi öyrənilib.

Konfrans iştirakçıları anabolik steroidlər və böyümə hormonlarının fitnes mərkəzlərində və idman zallarında istifadəsi, gənclər arasında yayılması, insan sağlamlığına mənfi təsiri ilə bağlı araşdırmaların nəticələrini müzakirə ediblər.

Həmçinin tədbirdə anabolik steroidlər və böyümə hormonlarının qlobal “qara bazarı”, onların qeyri-leqal yayılması yolları, onlarla mübarizə üsulları, antidopinq təşkilatları və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq məsələləri təhlil edilib.

AMADA-nın direktoru Şəfəq Hüseynlinin sözlərinə görə, biz oxşar problemləri Azərbaycanda da müşahidə edirik. Gənclərə bu maddələr əsasən fitnes mərkəzlərində və idman zallarında təklif olunur. Çoxsaylı tədqiqatlar sübut edir ki, anabolik steroidlər və böyümə hormonları insan sağlamlığına çox ciddi mənfi təsir göstərir: “Anabolik steroidlərin fitnes mərkəzlərində, idman zallarında yayılmasının qarşısının alınması istiqamətində daha da fəal işləyəcəyik. Bu sahədə hüquq-mühafizə orqanları ilə çox sıx əməkdaşlıq edirik”.

AMADA anabolik steroidlər və böyümə hormonlarının idxalı və satışı ilə məşğul olan şəxslər haqqında məlumatların hüquq-mühafizə orqanları ilə mübadiləsini həyata keçirir.

Bununla yanaşı, ölkədə steroidlər və böyümə hormonlarının yayılmasını tənzimləyən qanunvericiliyin sərtləşdirilməsi məqsədilə agentlik bir sıra təkliflər irəli sürəcək. Sportinfo.az mövzu ilə bağlı I dərəcəli idman həkimi Seyfəddin Məmmədova müraciət edib:

- Anabolik streoidlərin (hormonal preparatlar) qəbulundan sonra sidik vasitəsi ilə azotun, kaliumun və fosforun xaric olmasının azalması, suyun orqanizmdə saxlanması hesabına əzələ kütləsi böyüyür. Əzələni sümüyə bağlayan bağlar olduğu kimi qalır və həmin böyümüş əzələnin yığıldığı zaman gücünə tab gətirməyib qırılır, bundan da diz və diz qapağı oynaqları və s. zədələnmələr baş verir. Anabolik streoidlərin mənfi təsiri toksik və hormonal olaraq iki istiqamətdə baş verir. Toksiki təsiri əvvəl qaraciyərin funksiyasını pozur, sarılığa səbəb olur, bundan böyrəklər əziyyət çəkir, çox hallarda böyrək qanaxmaları baş verir və s. Hormonal təsiri bütün endokrin sisteminin və cinsiyyət vəzlərinin funksiyası pozulur, nəticədə impotensiya baş verir. Qızlarda bığ, saqqal, kişi bədənində olduğu kimi tüklər, səsdə kobudluq, nəhayət, sonsuzluğa gətirib çıxarır.

- Son vaxtlar dopinqlə bağlı qalmaqallar bir-birini əvəz edir. Sizcə, idmançılar ondan istifadə etməyə məcburdur?
- Dopinq əldə edə biləcək nəticəni süni şəkildə yüksəldən, yarış qabağı və yarış zamanı idmançı orqanizminə qadağan olunmuş farmakaloji preparatın daxil edilməsidir. Son zamanlar bütün idman növlərində nəticələr daim artır və onlara nail olmaq çox çətinləşir. Ona görə də rekordların səviyyəsi insanın imkanlarının son həddinə yaxınlaşır. Məşqlərə sərf edilən əmək ağırlaşır və gərginləşir. Yüksək nəticə əldə edib maddi gəlirə sahib olmaq həvəsi ilə bəzi idmançılar öz sağlamlıqlarını düşünmədən dopinqdən istifadə edirlər. Əlbəttə, bu, yolverilməzdir. Dopinqlə əldə edilən nəticə idmançının deyil, dərman istehsal edən şirkətindir. Bu, həm də ədalətsizlikdir. Çünki çox və enerjili məşq etmiş bacarıqlı idmançı stimulyator qəbul etmiş az və enerjisiz məşq edən, istedadı olmayan idmançıya uduzur.

- Təəssüf ki, bəzi azərbaycanlı idmançıların adı bu kimi xoşagəlməz məsələlərdə hallanır və cəzalanırlar. Xüsusən ağır atelika və fərdi idman növləriylə məşğul olanların cəzaya məruz qalması adi hal alıb.
- Dopinqdən kollektiv idmanda da istifadə edilir (bir qədər yaşlı idmançılar tez yorulmasın deyə, ağciyərlərin fəaliyyətini artırmaq üçün). Ancaq meydanda çoxlu sayda idmançı olduğundan, dopinq analizi götürmək üçün nəzarətdən qaçır. Fərdi idman növündə idmançını nəzarətə almaq asandır. Azərbaycan dövlətinin idmana xüsusi münasibəti və qalib idmançılara verdiyi yüksək mükafatlar bəzi idmançıları dopinqdən istifadə etməyə meylləndirir.

- Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) bu istiqamətdə fəaliyyətini necə qiymətləndirirsiz?
- -.Bu Agentlik (AMADA) bizdə son zamanlar yaradılıb. Ancaq çox həvəslə işə başlayıblar. Keçən il keçirdikləri seminarda mən də iştirak etdim. Dopinqə aid çıxışlar oldu və tədbir qarşılıqlı sual-cavab şəraitində keçdi. İdmançıları maarifləndirmək məqsədi ilə çoxlu sayda məlumat kitabçaları buraxıblar. İşlərində uğurlar arzu edirəm.

- Dopinq hesab olunan preparatların siyahısı məlumdur. Amma bəzən eşidirik ki, bir çox fitnes zallarında ondan istifadə olunur. Sizcə, bunun qarşısını almaq üçün nə etmək lazımdır?
- Əgər fitnes zallarında peşəkar idmançı dopiqdən istifadə edirsə, antidopinq idarələri həmin atletdən analiz götürməklə onu aşkar edib, yarışlardan azad edə bilər. Qaldı ki şəxsi adamların dopinqdən istifadə etməsinə, ona qarşı heç bir nəzarətedici orqan yoxdur.

- Qadağan olunmuş kimyavi qatqıların insan orqanizminə ziyanı çox böyükdür. Sizcə, onların gizli satışını təşkil edənlərə hansı cəzanı vermək lazımdır ki, başqaları bu yolla asan pul qazanmaq həvəsinə düşməsin?
- Dopiq saydığımız dərmanlar hansısa bir xəstəliyin müalicəsində istifadə edilir, apteklərdə satılır. Buna görə istehsalçıya heç nə deyə bilməzsən. Burda idmançılarla davamlı maarifləndirmə işi aparmaq lazımdır ki, dopinqdən istifadə etməsin. Dopinq Agentlikəri yarış vaxtı idmançıda dopinqi təyin etmək üçün onlardan analizi seçmə üsulu ilə və ya şübhələndikdə götürürlər. Çox hallarda dopinq qəbul edən idmançı həmin siyahıya düşmür və nəticəni əldə edir. Belə düşünürəm ki, yarışdan sonra bütün idmançılar məcburi dopinq testdən keçməlidirlər. Həmin idmançılar biləcəklər ki, dopiqdən istifadə etsələr üzə çıxacaq, nəticəsi ləğv olunub idman yarışlarından uzaqlaşdırılacaq. Buna görə də dopinqdən istifadə etməyəcək.

- Bəzən belə fikirləşirlər ki, yarışdan bir müddət qabaq dopinqin qəbulu dayandırılsa, onu təyin etmək olmur, bu belədirmi?
- İdmançılarda anaboliklərin qəbulu yarışlardan çox qabaq dayandırıldığı üçün onların aşkar edilməsi çətin olur. Lakin son vaxtlar anabolik steroidləri aşkarlamaq üçün yeni üsüllar hazırlanıb ki, onların qəbulu 6 ay qabaq dayandırılsa belə, aşkar etmək mümkündür.

Dopinqdən istifadə hansı mənfi nəticələrə gətirb çıxarır?
- Dopinqin təsirindən orqanizmin ayrı-ayrı sistemlərin funksiyalarının qısamüddətli yüksəlişindən idmançılar bir müddət yaxşı nəticələr göstərməsinə baxmayaraq, sonradan bu funksiyalar kəskin zəifləyir, ürəyin iş qabiliyyəti normadan çox artdığından ümumi və lokal işemiya, aritmiya və taxikardiya baş verir. Bu vəziyyət idman yarışı zamanı və ya yarışdan sonra idmançılarda qəfil ölümün baş verməsinə gətirib çıxara bilər. Dopinq qəbulu idmançıda yorğunluq hissini aradan qaldırır, onlar imkanlarının sərhədlərini müəyyənləşdirmək hissiyatını itirirlər. Yorğunluq hissiyatının olmaması enerji sərfini artırır və enerji ehtiyatlarının tükənməsinə, ölümə səbəb olur. Uzunmüddətli dopinq qəbulu nəticəsində tənəzzülün (gerigetmənin, pisləşmənin) bütün kliniki simptomları meydana çıxır. Elə bir sistem vəya orqan yoxdur ki, dopinq onda həm funksional, həm də orqanik pozuntular əmələ gətirməsin.

- Paradopinq nədir və necə istifadə olunur?
- Son zamanlar paradopinq maddələr ( orqanizmin fəaliyyətini zəiflədən) rəqib tərəfindən istifadə olunaraq digər idmançının nəticəsini və funksional imkanlarını aşağı salır. Bu maddə gizli yolla xurmaya, quru gavalıya, torta, şəkər tozuna qatılaraq paradopinqləşdirilib qarşı tərəfin yeməyinə qatılır.

Digər Xəbərlər
Xəbər Lenti