Komandadan gedən baş məşqçinin bütün “paxırlar”ını açdı, “ağ yuyub, qara sərdi”

23 Oktyabr 20:00 Problem 404
Komandadan gedən baş məşqçinin bütün “paxırlar”ını açdı, “ağ yuyub, qara sərdi”

Ötən ildən “Şəmkir”də baş məşqçi kimi çalışan Vüqar Nadirov buradan ayrılıb.

Və işindən ayrılar-ayrılmaz yerli mətbuata verdiyi müsahibə ilə gündəmə gəlib.

Keçmiş “Qarabağ”lı komandaya maliyyə ayrılmadığı halda ondan yalnız nəticə tələb olunduğunu, klub rəsmilərinin işinə qarışdığını, bölgə təmsilçisinin avtobusu olmadığını, məcburiyyətdən meydanı özünün suladığını deməklə “Şəmkir”dəki söz sahiblərinin narazılığına səbəb olub.

Biz də Sportinfo.az olaraq deyilənlərə münasibət öyrənmək üçün klubun dəstəkçilərindən Elçin Qurbanlı ilə əlaqə saxladıq.

Adının çəkilməsini istəməyən şəxs “sandığı açıb, pambığı tökməklə” ittihamlara aydınlıq gətirdi.

- Vüqar Nadirovun müsahibəsini oxumusunuz yəqin.

- Bəli, məlumatlıyıq.

- Dedikləri həqiqətdir?

- Vüqar Nadirov keçən il kluba gələndə rayon ictimaiyyəti, iş adamları ona hər mənada dəstək verdi. İlk 6 ayda komandanın nəticələri ürəkaçan idi deyə, hamının üzü gülürdü, sevinirdik. Əməyini itirə bilmərik. Lakin bu, o demək deyil ki, bütün işləri tək görüb. Arxasında onu bura gətirən menecerlər yox, biz dayandıq, lazım olan dəstəyi verdik, tələblərini yerinə yetirdik.

- Bəs, bu il nə dəyişdi?

- Yayda növbəti, yəni hazırda davam edən mövsümlə bağlı danışığımız oldu. Komandanın formalaşdırılması üçün qarşısına bəlli büdcə qoyduq. Və bütün işləri özü gördü. İstədiyi futbolçuları, məşqçini gətirdi, öz texniki heyətini qurdu. Heç kim onun işinə qarışmadı. Geridə qalan 6 çempionat, 1 kubok oyununda rəhbərlikdən heç kim ona “o futbolçunu yox, bu futbolçunu oynat”, yaxud “bunu elə etmə, belə et” deməyib.

- Qaldığı evin kirayəpulunu özü ödəyirdi?

- Özü bizə demişdi ki, maaşımı bir az artıq verin, evpulunu özüm ödəyəcəyəm. Belə razılaşmışdıq. Yekunda vəsait yenə klubun büdcəsindən çıxırdı.

- Klub rəhbərliyinin büdcəni “dondurması” iddiası necə?

- Komandaya normal büdcə ayrılmışdı. Demişdik ki, bu qədər pul ayrılır, hədəfimiz ilk “3-lük”dür, gəlib-gedənə qapazaltı olmayaq. Çempion olmasaq belə, döyüşkən, mübariz komanda görək. Onsuz da aylıq 7-8 min manatlıq büdcə ilə də turnir cədvəlinin 5-6-cı pillələrində yer alırdıq, hazırkı büdcə aylıq 11 min 194 min manatdır və yenə orta sıralardayıq. Heyətimiz heç bir rəqibdən zəif deyil, şəraitimiz yaxşıdır, maddi vəziyyət yaxşıdır. Sizi inandırım, nəticələr ürəkaçan olsaydı, gələcəkdə bəlkə də büdcə artırıla bilərdi. Çünki Şəmkirdə futbolu sevirlər, insanlar dəstək göstərməyə həvəslidir.

- Verdiyi müsahibədə klub rəhbərliyinin işinə qarışdığını bildirib.

- Boş söhbətdir. II Liqa yarımpeşəkar statusu daşıyır, lakin o, bizə peşəkar komanda formalaşdıracağını demişdi. Biz də öz növbəmizdə baş məşqçi üçün lazım olan şərait yaratmışdıq. Baza sistemini yaratdıq, normalara uyğun gündəlik qidalanmanı təmin etdik, bir sözlə, nə lazım idisə etdik. Bir müddətdən sonra bəzi futbolçuların qeyri-peşəkarlığını görəndə, baş məşqçidən səbəbini soruşduq. Dedi, həvəskar futbolçulardır, belə olması normaldır. Halbuki bizə peşəkar komanda qurduğunu söyləmişdi. Bu və digər məsələlərdə rəhbərlik olaraq ona iradlar bildirilib. Ancaq futbol adına heç kim işinə qarışmayıb.

- Nadirov özü gedib, yoxsa göndərilib?

- “Şəmkir” klubu vahid sponsor şəklində fəaliyyət göstərmir. Maliyyənin bir hissəsi AFFA-dan ayrılan vəsaitə bağlıdırsa, digər hissəsi rayondakı sahibkarların fədakarlığının və maddi dəstəyinin nəticəsidir. Sahibkarlar pulu yerdən yığmır ki, hər oyun uduzan komandaya pul xərcləsin. Bəli, futbolda məğlubiyyətlər qaçılmazdır. Ancaq özündən güclü olmayan “Qaradağ-Lökbatan”a uduzursa, kubokda “Göygöl”ə boyun əyirsə, sponsorların geri çəkilməsi normaldır. Əslində, bu nəticələrdən sonra Vüqar Nadirovun özü istefa verməliydi. İndiyə qədər heç kim ona “hər oyunda qələbə qazanmalısan” deməyib. Ancaq ard-arda 3 məğlubiyyət də yaxşı hal deyil axı.

- “Şəmkir”də maddi problem var?

- Sentyabr ayının maaşları tamamilə ödənilib. Bu ayın sonunda oktyabr ayının məvacibləri ödəniləcək. Futbolçular yaxınlaşıb avans istəyib, xahişləri yerinə yetirilib. İstənilən futbolçudan soruşa bilərsiniz, görün, sentyabrdan kiməsə borcumuz qalıb, ya yox? Özü ilə köməkçi gətirmişdi, ondan da maraqlana bilərsiniz.

- Baş məşqçi meydanı sulayırdı?

- Vüqar Nadirov meydanı sulayırdısa, ayda 300 manat maaş verdiyimiz Şirxan adlı işçimiz nə edirdi görəsən? Lənkərandan gətirdiyi Fariz adlı dostuna niyə meydana baxmaq üçün maaş veririk? Halbuki o, bu gün də klubdadır. Belə açıqlamalar adamı qıcıqlandırır. İnsandır, bəlkə bir dəfə meydanı sulamaq həvəsi yaranıb və bunu edib. Haqqına girə bilmərəm, bəli, yeni gəldiyi vaxtlarda meydanın vəziyyətinin yaxşılaşması üçün bizimlə birgə can yandırıb, iş görüb, təkliflər edib. Adamı yandıran odur ki, kənardan baxan elə bilər qazona baxan yoxdur, baş məşqçi sulayır. “Sheki City” Bakıda məskunlaşıb, “Xankəndi” həmçinin. Region təmsilçiləri arasında hansı biri bölgədə bizim kimi klub saxlayır? Baza şəraitinin yaradılması, uzaq səfərlər zamanı həmin rayon-şəhərə bir gün əvvəldən gedilməsi, otelin sifariş olunması, üç dəfə qidalanmanın təmin edilməsi – II Liqada hansı klub bunları edir?

- Səfər demişkən, həqiqətənmi komanda “Sprinter” kimi tandığımız mikroavtobusun ümidinə qalıb?

- Şirvana gedəndə 600 manat verib iri tutumlu avtobus kirayələmişdik. Uzaq məsafələr üçün planımız iri tutumlu avtobusdur. Lakin yaxın məsafələrə gedəndə buna ehtiyac yoxdur axı. Komanda “Sprinter”ə yerləşirsə, niyə hər dəfə 600 manat avtobusa verilməlidir? Son 3 oyunda uduzan komandanın baş məşqçisi olaraq özündə günah axtarmır, durub avtobusdan, meydan sulamaqdan danışır. Komanda məğlub olanda, baş məşqçi özünə sual verər ki, nəyi düz etmədim, harda səhvim oldu, nəyi necə edə bilərdim? Biz də durub deyək ki, baş məşqçimizin başı A kateqoriyası kurslarına qarışmışdı deyə, komandanın başını buraxmışdı, futbolçunun hardan gəlib hara getdiyini bilmirdi? Ancaq biz belə danışmarıq, ayıbdır, özümüzə yaraşdırmarıq. Çox şey danışmaq olar, sadəcə lazım deyil.

- Vüqar Nadirovla bağlı, yoxsa ümumi?

- Deyib, 10 min büdcə çatmır, 12 min edin, bir müdafiəçi də gətirib çempionluğa oynayacağam. Ona bildirildi ki, büdcə ayırarıq, ancaq çempionluq lazım deyil, komanda “3-lük”də yer alsın, mübariz oyun göstərsin, kifayət edir. “Göygöl”, “Sheki City”, “Qaradağ-Lökbatan”a uduzan komanda sabah “Kür-Araz”a da məğlub olar. Daha nə oldu? Açıq deyirəm, Nadirovun müsahibəsi, o cür danışması bizə çox pis təsir etdi. Niyə demir ki, “Şəmkir” II Liqada yeganə komandadır ki, avqustda təlim-məşq toplanışına başlamışdı. Niyə demir ki, iyul ayında stadionun təmirinə başlanmışdı, toxum səpilmişdi. Niyə demir ki, köməkçi-məşqçi gətirmişdim, 1000 manat maaş verdirdim, sonra da yola saldım getdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?