
Fərq yalnız səviyyədə olmadı.
«Atletik» hər mənada «Qarabağ»ı ciddiyə aldı.
«Qarabağ»ın hesabı erkən açması «Atletik»i bir qədər də qızışdırdı. İlk dəqiqədə buraxdıqları qolun təsirini heç hiss etdirmədilər.
İspanlar oyunun əksər bölümlərini hücumda keçirdi. Uliyams qardaşları «Qarabağ»ın yarımmüdafiəçi və müdafiəçilərinə göz verib, işıq vermədi.
Qardaşlardan İnyaki zədələnib meydandan çıxdı. Onun yerinə girən hesabı bərabərləşdirdi.
Niko ikinci hissənin ortasında yorulub əldən düşdü, əvəzləyicisi adını tabloya qolla yazdırdı. Sən bir təsadüfə bax da!
«Qarabağ» 10 nəfər bir yana, Nəriman Axundzadə bir yana. Bığ yeri yenicə tərləmiş bu cavan oğlandan gözləntilərimiz böyükdür, amma o, heç cür stabil çıxış etmək istəmir.
Sanki dünən də yalvar-yaxardan sonra meydana ayaq basmağa razılıq vermişdi. Çox könülsüz, istəksiz, candərdi təsir bağışladı.
Bilmək olur ki, bəlkə də sevdiyi qız var, fikri, ağlı onun yanında qalıb. Bu yaşda Çempionlar Liqasının əsas mərhələsində oynamaq şansı qazanasan, ona da belə barmaqarası yanaşasan…
Nəriman böyümək istəyənə oxşamır heç. Mahir Emreli bu yaşda ondan daha təpərli idi. Hər oyunda qol vura bilmsə də, epizoda girirdi, özünü oda-közə vururdu.
Elə bil, başqa planetdən gəlmişdi dünən: orta sahədə ruh kimi dolaşırdı, qapıya doğru bir zərbəsi də olmadı.
ELNUR