UEFA “Qarabağ”ın başına hələ çox “oyun” açacaq, görəcəksiz!

14:40 Qarabağ 2 007
UEFA “Qarabağ”ın başına hələ çox “oyun” açacaq, görəcəksiz!

Dünən gecədən bəri təəssüf içindəyik.

«Nə olardı da, «Qarabağ» yenə udardı» pıçıltısı keçir ürəyimizdən öz-özünə.

Bu futbolda olmayacaq bir şey yox. Hər cür sürprizə açıq bir oyundan bəhs edirik.

Və bu bəhsin içində bir bəhsəbəs var.

Biz kiçik futbol ölkəsiyik. İçimizdən çıxan «Qarabağ» Çempionlar Liqasında üçdə-üç edərsə, böyük güclər buna dözməz. İmkan verməzlər e! Necə ki, dünən Bilbaoda imkan vermədilər.

İlk dəfə bir Azərbaycan klubunun oyununu idarə edən İvan Payaç «Qarabağ»ın növbəti sürprizini əngəllədi.

Mateus Silvanın cərimə meydançası daxilində yerdə qaldığı epizodda xorvatiyalı referinin edəcəyi tək bir şey var idi - penalti nöqtəsini göstərmək.

Payaç üzərinə düşən mükəlləfiyyəti yerinə yetirmədi, VAR otağından da çağırış almadı. Demədilər ki, yaxınlaş kameraya, özün qiymət ver.

UEFA-ya İspaniya və bu ölkənin klubları lazımdır. İlk iki həftədə məğlubiyyətlə üzləşmiş «Atletik»in «Qarabağ» önündə xal itirməsinə tab gətirməz(di)lər.

Penalti əks tərəfə olsaydı, baş hakim tərəddüd hissi keçirmədən «onbirmetrə»ni göstərir, «Qarabağ»dan kiməsə də birbaşa qırmızı vərəqə «hədiyyə» edərdi.

Bu işlər elə-belə olmur, cənablar! «Atletik» ağırlığında klubların pley-off şansının azalıb da, «Qarabağ» kimi ikinci-üçüncü dərəcəli iştirakçıların ilk «24-lük»də yer alması UEFA-nın başını ağrıdar.

Biz belə münasibəti, belə ayrı-seçkiliyi ilk dəfə görmürük. «Qarabağ» illər uzunu Avropada qərəzə mübtəladır. «İnter»lə Bakıdakı, «Bazel»lə İsveçrədəki oyunlar heç vaxt yaddaşlardan silinməz.

Bunun ardı olacaq, davamı gələcək. Böyük güclər «Qarabağ»ın daim Avropa səhnəsində at oynatmasına, ulduzunu parıldatmasına izn tanımaz. Bir fürsət tapdıqda, ayağından geri çəkəcəklər.

UEFA hakimlərin əliylə baş kəsməyi çoxdan bilir. Bu işi o ki var mənimsəyiblər. Yaxşı bacarırlar. Dünən elədikləri kimi.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti