
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk məğlubiyyətini İspaniyada aldı.
Əslində "Atletik"lə səfər matçına möhtəşəm startla sevinmişdim.
Amma ardını gətirə bilmədik. Ümumiyyətlə, əsas mərhələdə ən zəif oyunumuzu oynadıq.
Daha dəqiqi Valverdenin yetirmələri "köhlən atlar"ı buna məhkum etdi.
1-ci dəqiqədə buraxılan qoldan sonra aramsız pressinq, sürətli hücumlar, müdafiənin arxasına ötürülən ötürmələr və uzaqdan zərbələr.
İnsaflı olaq, avropalılar bu qələbəni haqq edirdi.
Hətta o qədər layiq idilər ki, buraxılan erkən qol, dəfələrlə bəxtimizin gətirməsi də buna mane olmadı.
İspanlar meydana son oyun kimi çıxmışdı. Bundan da önəmli detal bizi çox ciddiyə alaraq dərindən analiz etmişdilər. Meydanda icrasını da möhtəşəm yerinə yetirdilər.
Heç bir halda təmsilçimizin top saxlamasına aman vermirdilər. Təhlükənin mənbəyini bağlamışdılar.
Əks-hücumlarda əsas silahımız olan Elvin-Zubir ikilisinə nəfəs almağa macal verilmədi. İkincinin ikinci yarıda mövqe dəyişməsi səbəbsiz deyildi.
Bəlkə "Qarabağ"ın da günü deyildi.
Bəlkə də Kaşuk fərqlənsə, lehimizə penalti verilsə 1 xalla qayıtmaq olardı.
Amma həmin bəlkələri "Atletik" adına sayası olsaq, hesaba yalnız şükür etməli olacağıq.
"Qarabağ"ı qınayanlar görürəm. Düzdü, uman yerdən küsərlər. Amma Bilbao səfərinə görə nə küsmək yeridir, nə də incimək. Kollektiv bacarığından artığını meydanda qoydu. Xüsusilə ikinci yarı daha yaxşı göründük. Amma sürət, aradakı səviyyə fərqi arzuların gerçəkləşməsinə mane oldu.
Bir sözlə, meydandakı reallıq meydan sahiblərinin qələbəsini özündə təcəssüm edirdi. Futbolda uduzmağı da bacarmaq lazımdır.
Hələ-hələ futbol nəhəngi İspaniya klubuna...
XANOĞLAN İMANOV