
“Kəpəz”in qapıçısı Kasper Rosa Sportinfo.az-a müsahibə verib.
Son oyunlarda ehtiyatda qalan 31 yaşlı polşalı qapıçı “Şamaxı”yla qarşılaşmada “11-lik”də yer almışdı ki, 4:1-lik qələbədə onun da rolu az olmadı.
Rosa həm böyük hesablı qələbə, həm də digər mövzularla bağlı Sportinfo.az-ın suallarını cavablandırıb.
- Nəhayət, 8-ci turda ilk qələbəni qazandınız. Təbrik edirəm.
- Mən də sizə təşəkkür edirəm. Hesaba baxanlar bəlkə də rahat qələbə qazandığımızı düşünər. Lakin belə olmadı. Çox əziyyət çəkdik, qaçdıq, mübarizə apardıq və haqq etdiyimiz qələbəni qazandıq. Hamı bilir ki, “Şamaxı”ya qarşı oynamaq və qol vurmaq çətindir. Çünki çox yaxşı müdafiə olunurlar. Biz onları səhvlər etməyə məcbur edərək müdafiədə intizamlı çıxış etdik. Bu qələbə bizə çox lazım idi. Növbəti qələbələr barədə düşünməliyik ki, turnir cədvəlinin sonuncu pilləsindən qurtulaq.
- Bu cür hesab təxmin edirdin?
- Məşqlərdəki çalışqanlığı, təhlilləri və komanda yoldaşlarımın bacarığını nəzərə alıb qalib gələcəyimizi gözləyirdim. Açığı, hesab barədə düşünmürdüm. 1:0, yaxud 4:1, fərq etməz. Önəmli olan qələbə qazanmaq idi.
- “Şamaxı”nın ilk hissədə azlıqda qalması oyuna və nəticəyə nə dərəcədə təsir etdi?
- Şəxsi fikrimdir ki, 11 nəfər qalsaydılar da, bu gün qələbə qazanacaqdıq. Çünki hamı bir nəfər kimi 3 xala köklənmişdi. Qırmızı vərəqə göstərilən dəqiqəyə qədər 2 qol vurmağı bacarmışdıq. Hesabda geri olsaydıq, başqa nəsə düşünmək olardı. Ona görə də “qırmızı”nın xeyrimizə işlədiyini deyə bilmərəm.
- Azər Bağırov gəlişi ilə komandada nələri dəyişib?
- Kollektivə yeni enerji gətirib. Gəldiyi gündən hər bir futbolçu ilə fərdi söhbət edərək problemlərlə maraqlanıb, bizdən nə istədiyini söyləyib. Baş məşqçinin gözlərində işıq görəndə, futbolçu da istər-istəməz həvəslənir, inamı artır.
- Həqiqətənmi Adil Şükürovla işləmək çətin idi?
- Gedən adamın arxasınca danışmağı sevmirəm. Yaşananlar keçmişdə qalıb. Keçmiş barədə danışmaq heç nəyi dəyişməyəcək. Gələcəyə kökləndiyim üçün yaxşı işlər görəcəyimizi düşünürəm.
- “Zirə” ilə oyundan sonrakı 3 turda ehtiyatda qalmağın nə ilə bağlı idi?
- Komanda məğlubiyyətləri sıralayırsa və qapısında çox top görürsə, dəyişikliklərin olması normaldır. Buna hörmətlə yanaşıram. Baş məşqçi olsam, bəlkə mən də bu cür davranaram. Əsas heyətdə kimin yer alması önəmli deyil. Vacib olan komandanın uğur qazanmasıdır. Sabah mən ehtiyatda qalım, başqası oynasın və “Kəpəz” qələbə qazansın, buna sevinəcəyəm.
HƏBİB