Premyer Liqanın 9-cu turunun ilk oyun günündə hər iki oyun bölgədə baş tutacaq.
Bölgə komandalarının bir-biri ilə üzləşəcəyi duellərdə “Karvan-Yevlax” Şamaxıda “Turan Tovuz”u, “Kəpəz” Qəbələdə “İmişli”ni qəbul edəcək.
Güclərin nisbətinə baxanda, “Kəpəz” – “İmişli” dueli xüsusi gərginlik vəd edir.
Bir tərəfdə Azər Bağırovun gəlişindən sonra dirçələn və ilk qələbəsini qazanan Gəncə, digər tərəfdə portuqaliyalı baş məşqçi Jorj Kaşkilyanın faydalı oyun sistemi formalaşdırdığı İmişli komandası.
Sportinfo.az-a açıqlama verən “Kəpəz”in yarımmüdafiəçisi Şakir Seyidov “Kəpəz”in qələbə istəyindən danışıb:
“Vəziyyətimiz elədir ki, hər bir oyun bizim üçün sonuncu sayılır. Çünki qələbələrə ehtiyacımız var.
“İmişli” yaxşı komandadır, lakin məğlubedilməz deyil. Önəmli olan məşqçilər heyətinin verdiyi tapşırıqları meydanda yerinə yetirməkdir.
Bunu edəndə, məqsədimizə çatırıq. “Şamaxı”yla matçdakı qələbə komandada motivasiyanı yüksəldib.
İndi hər kəs növbəti qələbənin arzusundadır. 3 xalı bayram etmək üçün əlimizdən gələni edəcəyik”.
Oktyabrın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da start götürəcək.
HƏBİB

