“Bu, bizim də başımıza gələ bilər, hər şeyi qəbul etmək lazımdır”

21:40 I Divizion 132
“Bu, bizim də başımıza gələ bilər, hər şeyi qəbul etmək lazımdır”

Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Xankəndi” – “Gəncəbasar” qarşılaşmasının yekun nəticəsi maraqla gözlənilirdi.

I Liqada mübarizə aparan komandaların duelinin gərgin və maraqlı keçəcəyinə şübhə yox idi.

Gözləntilər özünü doğrultdu. Görüşün əsas vaxtı heç-heçə (1:1) başa çatdı. Əlavə olunmuş 30 dəqiqədə isə komandalar ümumilikdə üç qol vursalar da, yekunda qələbəyə sevinən tərəf qonaqlar – “Gəncəbasar” oldu – 3:2.

Matça damğa vuran əsas epizod son saniyələrdə hakimin “Xankəndi”nin qapısına təyin etdiyi mübahisəli penalti qərarı idi. Bu qərar meydanda müəyyən gərginliyin yaranmasına səbəb oldu.

Sportinfo.az-a açıqlama verən “Gəncəbasar”ın futbolçusu Samir Məhərrəmli qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

“10 nömrə” komandasının kubokdan daha çox çempionat oyunlarına kökləndiyini etiraf edib.

“Qələbə qazandığımız üçün sevincli olduğumu deyə bilərəm. Açığı, oyunun bu qədər çətin keçəcəyini gözləmirdik.

Qarşılaşmanın əlavə vaxta getməsi bizim istədiyimiz plana uyğun deyildi. Səmimi desəm, kubokdan çox çempionat oyununa daha çox köklənmişik.

Buna görə də baş məşqçimiz bu oyunda rotasiyalar etmişdi. Buna baxmayaraq, yenə də qələbə qazandıq. Çünki komanda olaraq hamımız bir-birimizə inanırıq.

Artıq bu oyun bizim üçün geridə qalıb. Qarşıda bizi “Səbail”lə vacib qarşılaşma gözləyir. Həmin matça köklənəcək, məşqçilərimizin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq.

Penalti epizoduna gəlincə, həmin epizodla bağlı danışmaq istəmirəm. Düzdür, yaxud səhvdir, hamımız insanıq.

Belə hallar bizim də başımıza gələ bilər. Hər şeyi qəbul etmək lazımdır”.

“Gəncəbasar” 1/8 final mərhələsində “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti