COP29

Gənclərə örnək olacaq “qoca”: “Neftçi”ni sevdiyim üçün getdim”

18 May 20:40 Müsahibə 3 176
Gənclərə örnək olacaq “qoca”: “Neftçi”ni sevdiyim üçün getdim”

Peşəkar karyerasını çoxdan başa vuran Cavid İmamverdiyev hələ də futbol oynayır.

Vaxtilə ölkənin ən istedadlı futbolçularından sayılan, “Neftçi”nin heyətində 3 dəfə ölkə çempionu adını qazanan, “Elazığspor”da legioner həyatı yaşayan, U-19-dan tutmuş əsas milliyə qədər bütün komandalarının şərəfini qoruyan İmamverdiyev yaydan bu yana II Liqada top qovur.

O, cari mövsümdə “Kür-Araz”ın heyətində rəqib qapılarına 19 qol vurmaqla çempionatın ən sərrast futbolçularından biridir.

Cavidlə bu dəfəki söhbətimiz bir neçə mövzunu əhatə etdi.

- “Sheki City” ilə matçda het-trik etdin. Premyer Liqada bir oyunda 3 qol vurmuşdun nə vaxtsa?

- Olub. “Qəbələ”ylə oyunda het-trik etmişdim. Amma hansı mövsüm idi, yadımdan çıxıb.

- Həm məşqçilik edirsən, həm də futbol oynayırsan.

- Bəli-bəli. “Sabah”ın U-15 komandasında köməkçi-məşqçiyəm. Baş məşqçimiz Elvin Həsənovdur. Eyni zamanda II Liqada futbol oynayıram.

- İkisi bir arada çətin deyil?

- Heç bir çətinlikdən söhbət gedə bilməz. Əksinə, bundan zövq alıram. Məşqçi qismində hər gün işimin başında oluram. “Kür-Araz”ın oyunları həftədə bir dəfə olur, o da bazar ertəsi, ya da çərşənbə axşamına təsadüf edir. Həmin günlər çox vaxt “Sabah”ın U-15 komandasına istirahət verilir. Şənbə, ya bazar günləri çempionat oyunları keçirildiyindən, bazar ertəsi, ya da çərşənbə axşamı uşaqlara dincəlmək imkanı yaradılır.

- Neçə kilosan?

- (gülür) Onu yazmayasız bəlkə.

- Onsuz da, çəkilən şəkillərdə artıq çəki ilə oynadığın açıq-aydın görünür. Təqribi 100 kilo var?

- Nə gizlədim, uzun müddətdən sonra futbola qayıdanda 105 kilo idim. O çəki ilə də oynayırdım. İndi 97 kiloya salmışam. Növbəti mövsümün startına qədər çəkimi azaldacam, söz vermişəm.

- 97 kilo ilə necə oynayırsan? Hesabında 19 qol var.

- Belə məqamlarda keyfiyyət öz sözünü deyir. Həm də komanda yoldaşlarım sağ olsunlar, mənə şərait yaradırlar. Topla təmin edirlər, mən də üzərimə düşəni edirəm. Dayandığım yerdən də olsa “çərçivə”yə düşə bilirəmsə, deməli, nəsə var. Məsəli eşitmisiz yəqin, futbolçuda hər şey yox olsa da, klas, istedad qalır.

- Məntiqlə, I Liqada da oynaya bilərsən.

- Yox, I Liqada bu çəki ilə çox çətin olar. Orada vəziyyət başqadır. Daha çox qaçmaq, işləmək tələb olunur. Düzdür, II Liqada da çətindir, sadəcə, buradakı komanda yoldaşlarım mənə çox kömək edirlər, şərait yaradırlar. Növbəti mövsümə qədər arıqlayacam ki, komandama daha çox fayda verə bilim.

- “Kür-Araz”da?

- Onu indidən deyə bilmərəm. Çəkimi azalda bilsəm, I Liqada da oynaya bilərəm. O vaxta çox var, görək necə olacaq.

- Premyer Liqanın oyunlarını, nəticələrini diqqətdə saxlayırsan?

- İmkan daxilində baxıram. “Qarabağ”ı çıxsaq, digər komandaların gücü aşağı-yuxarı eynidir. Özünüz də gördünüz ki, bütün komandalar bir-birini məğlub etməyi bacardı. Mənə görə son illərin ən gərgin çempionatı oldu.

- Vaxtilə heyətində Avropa Liqasının qrup mərhələsində çıxış etdiyin “Neftçi” kənardan necə görünür?

- Nə olur-olsun “Neftçi” mənim doğma komandamdır, belə də qalacaq. Builki oyun və nəticələri “Neftçi”nin adına yaraşdırmadım. Xalqın sevimli komandasının bu cür futbol oynaması acınacaqlı haldır. Hamı kimi mən də təəssüflənirəm.

- Səbəbi nədə görürsən?

- Legionerlərin səviyyəsinin aşağı olmasında. “Neftçi”nin indiki legionerlərinə baxıram, bizim vaxtımızda belələrini baxışa belə dəvət etməzdilər. Kilan Lebonla Filip Ozobiçi çıxmaq şərti ilə digərlərinin bacarığı “Neftçi”nin formasını geyinməyə imkan vermir.

- Bəs Yuri Matias?

- Mənim üçün yaxşı futbolçu anlayışı publikaya oynamaq deyil. O, publikaya oynayır. Futbolçu komanda üçün oynamalıdır, fayda verməlidir. Meydanda əyləncə, sirk görmək istəyənlərə Yuri kimi futbolçu ləzzət edir. Başqa qol vursun, ya da sürüşmə fəndi ilə top çıxartsın, dərhal qaçsın azarkeşlərin qarşısına. Səviyyəli müdafiəçidən danışırıqsa, komandanın nəticələrinə, qapısından neçə top buraxmasına baxmaq kifayət edir.

- Sanki futbolçular da mövcud vəziyyətlə barışıb, qalibiyyət ruhu, gözlərində qələbə alovu yoxdur.

- Bu, xarakterdən irəli gəlir. Futbolçu uduzanda azı iki gün məğlubiyyətin acısını çəkməlidir. Üstəlik, sən “Neftçi”nin formasını geyinirsənsə. Yadınızdadırsa, o vaxt mən Türkiyədən qayıdanda heç cür öz oyunumu göstərə bilmirdim. Baxırdım ki, “Neftçi”yə lazım olan qədər kömək edə bilmirəm, bu formaya layiq deyiləm. “Neftçi”ni sevdiyim üçün getdim.

- Emin Mahmudov barədə nə deyə bilərsən? Ötən mövsüm komandanın ən məhsuldar futbolçusu olan kapitan bu il heç nə ilə yadda qalmadı.

- Emin həm futbolçu bacarığına, həm də insani keyfiyyətlərinə hörmət etdiyim oyunçudur. İllərdir “Neftçi”dədir və nəyə qadir olduğunu görmüşük. Şəxsi münasibətim yoxdur deyə, enişin səbəbini dəqiq bilmirəm. Məncə, onun problemi var. Futbolçu eniş yaşayanda belə, bu, 3-5 ayın içində olmur. Eniş tədricən yaşanır. 31-32 yaş topla oynayan futbolçu üçün ən parlaq dönəm sayılır. Bu dövrdə istədiyi kimi oynaya bilmirsə, bunu yaşla əlaqələndirmək doğru olmaz. Eminin hansısa problemi var, onu öyrənmək, həll etmək lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?