“Neftçi”yə 3 qol vurmaq möcüzə idi, mən bunu bacardım” - MÜSAHİBƏ

19:40 Müsahibə 50
“Neftçi”yə 3 qol vurmaq möcüzə idi, mən bunu bacardım” - MÜSAHİBƏ

Əhməd Ticani – Azərbaycan futbolunun stajlı azarkeşləri bu ad-soyadı yaxşı xatırlayır.

18 yaşında Nigeriyadan ölkəmizə gələrək Premyer Liqanın autsayderlərindən hesab olunan “Şahdağ-Samur”la müqavilə bağlayan, 2005/06 mövsümündə vurduğu 15 qolla bombardirlər siyahısında yalnız Yakuba Bambadan (16 qol) geridə qalan, 20 yaşında çempionluğa iddialı “Bakı”yla müqavilə bağlayıb Azərbaycan çempionatının və ölkə kubokunun qalibi adını qazanan, bir oyunda “Neftçi”nin qapısına 3 qol vuran, U-21 millimizdə oynamaq üçün AFFA-dan təklif alan nigeriyalı hücumçu.

Ticani futbolçu karyerasını çoxdan başa vurub. Hazırda Nigeriyada yox, Afrika qitəsinin başqa ölkəsində yaşayır və menecerliklə məşğul olur.

Təxminən 20 il əvvəli əhatə edən suallara cavab tapmaq üçün Bakı vaxtı ilə gecə saat 2-də Əhmədlə əlaqə saxlayanda, müsahibənin bu dərəcədə “şirin” alınacağını, açığı, gözləmirdim.

Suallara səmimi cavab verməsi sayəsində bəzi maraqlı faktların üstü açıldı.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/265561.html)

- Nə qədər idi?

- “Bakı”dakı ilk ilimdə 100 min dollar almışdım. Bura imza pulu ilə aylıq maaş daxildir. Sonrakı illərdə bir az artım olmuşdu.

- Sirr deyilsə?

- Səhv etmirəmsə, illik 140 min dollar idi. O dönəm üçün böyük pullar sayılırdı.

- Bəs “Şahdağ Samur”da nə qədər qazanırdın?

- “Şahdağ Qusar”la 2 illik sözləşmə üçün 60 min dollara anlaşmışdım. Bir il üçün 30 min dollar edirdi.

- 18-20 yaşlarında qazandığın pulları dost-tanışlara, qızlara, əyləncəyə xərcləyirdin, yoxsa özünə şərait qururdun?

- Əyləncə adamı olmamışam. Ara-sıra gedib haradasa oturardıq, vaxt keçirərdik. Lakin əziyyətlə qazandığım pulları sağa-sola xərcləmirdim. Bilirsiniz ki, Afrikada insanların böyük əksəriyyəti pulsuzluqdan əziyyət çəkir. Mən də Nigeriyanı tərk edəndə özümə söz vermişdim ki, nə vaxtsa pul qazansam, özümə şərait quracam, ailəmə kömək edəcəm. Hər dəfə maaş alanda ailəm gözlərimin önünə gəlirdi. Əlhəmdülillah, qazancımla özümə nələrsə etməyə çalışdım, ailəmə kömək etdim. Əsas odur arzusunda olduğum şəxsi evim oldu.

- Sənin adın gələndə yaddaşlarda canlanan oyun “Bakı”nın “Neftçi”ni darmadağın etməsidir. Əsas rəqibinizi 5:1 hesabı ilə məğlub edəndə sən 3 qol vurmuşdun. Həmin gün sizə nə motivasiya vermişdi, nə yeyib-içmişdiniz?

- Hə, yadımdadır, het-trik etmişdim. Bəlkə də karyeramın ən uğurlu oyunu budur. Bizim üçün motivasiya “Neftçi”nin adıydı. Rəqibin güclü heyəti var idi, çempionluq yolunda əsas rəqiblərimizdən sayılırdı. Güclü rəqibə qarşı keyfiyyətli qazonda oynamaq arzum idi. Həmin gün həm meydanın vəziyyəti yaxşı idi, həm özüm istəkli idim, həm də komanda olaraq bizim günümüz idi. Özümü göstərmək üçün alışıb-yanırdım. Baş məşqçimiz Qyoko Hacievski mənə lazım olan motivasiyanı vermişdi. İnandırmışdı ki, bu gün sənin günün olacaq. “Neftçi”nin qapısına 3 qol vurmaq möcüzəyə bərabər idi. Komanda yoldaşlarımın köməyi sayəsində bunu bacardığıma görə özümü xoşbəxt sayıram.

- Cəmi 23 yaşında “Bakı”dan ayrıldın və Azərbaycanı tərk etdin. Nə baş verdi?

- Mən “Bakı”da qalmaq istəyirdim. Sadəcə 2010-nun yayında yeni baş məşqçi – Vinfred Şefer gəlmişdi və komandaya yüksək maaşlı, böyük ada sahib futbolçular cəlb olunmuşdu – Joel Epalle, İbrahim Karqbo, Vaqif Cavadov, Juninyo... Bu futbolçularla çiyin-çiyinə oynamağı arzulayırdım. Lakin hiss edirdim ki, Şefer məni komandasında görmək istəmir. Ona görə də ayrılmaq ən doğru qərar idi. Halbuki kluba rəhbərlik edən Zeynal Məmmədovla şəxsi söhbətimizdə məndən razı qaldığını, komandada qalmaq istədiyimi demişdi. Hacievski qalsaydı, yəqin ki, mən də qalacaqdım.

- Azərbaycanın başqa klublarından maraq yox idi?

- AZAL-la söhbətimiz olmuşdu, şərtləri müzakirə etmişdik. Lakin onlardan xəbər gəlmədi. Yəqin ki, büdcələri az idi. Azərbaycandan ayrılandan sonra İordaniyaya gedib bir müddət orada oynadım.

- 3 ildən sonra – 2013-də yenidən ölkəmizə qayıdıb, bu dəfə Birinci Divizionda (o vaxtkı adı belə idi – H.) mübarizə aparan “Şuşa” ilə anlaşdın. Hər oyunda meydana çıxır, qollar vururdun. Lakin burada çox qalmadın.

- Azərbaycan üçün darıxırdım. O ərəfədə mənim üçün önəmli olan oynamaq, göz qabağında olmaq idi. Bilirdim ki, Azərbaycanda məni yaxşı tərəfdən xatırlayırlar. Açığı, Bakıya “Bakı”yla müqavilə bağlamaq həvəsi ilə getmişdim. Ancaq hansısa səbəblərdən razılıq əldə olunmadı. Premyer Liqanın digər klubları ilə də razılaşa bilmədim. Əlim hər yerdən üzülən vaxtda Birinci Divizionda çıxış edən “Şuşa”dan təklif aldım. Düşündüm ki, formada qalmaq üçün bir müddət oynayım, növbəti fasilə dönəmində Premyer Liqa klubları ilə danışaram. Və həmin vaxt İordaniyanın yüksək liqa klubundan təklif aldım. Məcbur qalıb İordaniyaya yollandım.

- Harada daha çox sevilirdin: Qusarda, yoxsa Bakıda?

- Məncə, Qusarda. Qusar bölgə idi deyə, hamı bir-birini tez-tez görürdü, danışırdı. İnsanlar hər həftə futbola gəlirdi. Düzdür, Bakıda da sevildiyimi hiss edirdim. Məncə, Qusardakı sevgi daha çox idi.

- Bəs sənin üçün harada yaşamaq rahat idi: Qusarda, yoxsa Bakıda?

- Hər ikisinin özünə görə gözəlliyi və rahatlığı var idi. Qusar təbiəti və havası ilə seçilirdi, Bakı insanların çox olması, həyat səviyyəsi və rahatlığı ilə. Bu sualda seçim etmək çətindir.

- Hansı komanda özünü rahat hiss edirdin: “Bakı”da, yoxsa “Şahdağ Samur”da?

- “Bakı” deyərdim. Çünki burada həm şərait yaxşı idi, həm də ətrafımda böyük adlar cəmlənmişdi. Böyük futbolçularla çiyin-çiyinə oynamaq hər futbolçuya zövq verir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti