Futbolumuzun tarixinə düşən “Maradona” indi qoyun saxlayır - MÜSAHİBƏ

20:40 Müsahibə 256
Futbolumuzun tarixinə düşən “Maradona” indi qoyun saxlayır - MÜSAHİBƏ

Azərbaycan çempionu, Azərbaycan kubokunun sahibi, milli çempionatlar tarixində ilk qolun müəllifi, əfsanəvi Anatoli Banişevskinin sevdiyi futbolçulardan, “Zarya”nın idman internat məktəbində Kiyev “Dinamo”sunun əfsanəsi Aleksandr Zavarovla komanda yoldaşı olan, Premyer Liqada “Kür-Nur”, “Kəpəz”, “Qarabağ”, “Viləş”, “Şməkir”, “Turan” kimi komandaların heyətində 155 oyunda 19 qol vuran, “Maradona” ləqəbli Mehman Alışanov noyabrın 16-da 58 yaşını qeyd etdi.

Alışanov futbolçu karyerasını başa vurduqdan sonra uzun illərini həsr etdiyi idman növündən uzaq düşüb. 5 il həbs həyatı yaşadıqdan sonra yenidən futbola qayıdaraq məşqçilik fəaliyyəti ilə məşğul olsa da, bir müddət sonra yenə gözdən itib.

Həm ad gününü nəzərə alaraq, həm də uzun illərdir mətbuatdan və futbol gündəmindən uzaq düşən Mehman Alışanovun hazırkı vəziyyətini öyrənmək üçün onunla əlaqə saxladıq.

Məlum oldu ki, Azərbaycan milli çempionatları tarixində ilk qolun müəllifi hazırda qoyun-quzu saxlamaqla məşğuldur. Futboldan tamamilə uzaqlaşan sabiq futbolçu bu gün oğlunun təsərrüfat işlərində ona kömək edir.

– Salam. Necəsiniz, nə var, nə yox?

– Sağ olun, yaxşıyam, şükür. Yavaş-yavaş dolanırıq.

– Nə işlə məşğulsunuz?

– Təsərrüfatla məşğul oluram. Oğluma kömək edirəm.

– Mingəçevirdəsiniz?

– Bəli, Mingəçevirdəyəm. Əvvəl necəydisə, bu gün də elədir.

– Təsərrüfatla məşğul olduğunuzu dediniz, elə bildim, Mingəçevirdən köçmüsünüz.

– Yox, elə öz evimizdəyəm. Məhəllə evidir, böyük ərazidir.

– Noyabrın 16-da ad gününüz idi. 58 yaşınız tamam oldu. Allah ömür versin, nəvə toyları görməyi nəsib etsin. Ad gününüz necə keçdi?

– Evdə olduq, heç yerə getmədik. Demək olar bütün günü evdə, həyətdə oluram, heç yerə çıxmıram. Qudalarım gəlmişdi, onlarla oturduq.

– Futbol camiəsindən zəng edənlər, təbrik edənlər oldu?

– Yox, elə bir şey olmadı. Sağ olsunlar, azarkeşlərdən bir-iki nəfər təbrik etdi.

– Futboldan tamamilə uzaqlaşmısınız, eləmi?

– Tam uzağam, tam. Ancaq imkan olduqca televizorda oyunlara baxıram.

– Uzaq qalmağınız nə ilə bağlıdır? Sizi futbola yaxın buraxmadılar, yoxsa özünüz incik düşdünüz?

– Bir ara işləyirdim. 2014-2015-ci illərdə elit məşq layihəsində fəaliyyət göstərirdim. Elə oldu ki, ixtisara düşdüm. Sonra bir nəfər ortaya çıxdı, dedi, istedadlı uşaqları cəlb et, məşq keç. Mən də uşaqları məşqə götürdüm. Komanda yaratdıq, təxminən üç ay fəaliyyət göstərdik. 11-12 yaşlılar arasında Azərbaycan çempionatında iştirak etdik, hətta ikinci yeri tutduq.

- Sonra?

- Həmin adam dəstəyini davam etdirmədi, başlı-başına buraxdı. Mənə aylıq 300 manat maaş verirdi. Uşaqlara heyfim gəlirdi deyə, üç ay pulsuz işlədim. Nə qədər gedib-gəldim, gördüm alınmır, çıxdım. Uşaqların valideynləri özləri mənə ödəniş etməyi təklif etdilər. Dedim, yox, mənlik deyil, bacarmaram.

– Stadiona gedib-gəlirsiniz? “Mingəçevir”in ev oyunlarını izləyirsiniz yəqin.

– Nə yalan deyim, iş-gücə görə tez-tez gedə bilmirəm. Hərdən olur. Ötən mövsümün sonuncu turunda “Mingəçevir” – “Səbail” oyununa getmişdim. “Mingəçevir” 4:1 hesabı ilə qələbə qazanıb pley-offa vəsiqə qazanmışdı. Ondan sonra getməmişəm.

– Stadionu, tribunaları, meydanı görəndə keçmiş xatirələr yada düşür?

– Bəli, əlbəttə. Həmin oyunun fasiləsində ətrafa göz gəzdirdim, 30-40 il əvvəlki günlər yadıma düşdü. Əsas da “Kəpəz”lə oyunlarımız. Qırğınlar, davalar, söz-söhbətlər çox olurdu. O vaxt bazada qalırdıq, baza da stadionun ərazisində yerləşirdi. Həmin bazadan məşqə gəlib-qayıtmağımıza kimi hər şey gözlərimin qarşısındadır.

-Ömrünüzün təxminən 30 ilini həsr etdiyiniz futboldan uzaq düşməyiniz təsir edir, yoxsa bununla barışmısınız?

- Təzə-təzə çox çətin idi. Özümü qəribə hiss edirdim. İndi barışmışam, öz işimlə məşğul oluram.

– Küçədə, ictimai yerlərdə tanıyan olur?

– Heçə yerə çıxmıram axı, görən də olsun. Nadir hallarda evdən çıxıram.

– Təsərrüfatla məşğul olduğunuzu dediniz. Mal-qara saxlayırsınız, yoxsa toyuq-cücə?

– Xırdabuynuzlu heyvandarlıqdır, əsasən qoyu-quzudur.

– Biznes məqsədi ilə edirsiniz yəqin. Dolanışıq üçün.

– Hə də, dolanmaq üçün. Düzünü desəm, oğluma kömək edirəm. Oğlumun qəssəbxanası var, ora üçün çalışırıq. Qoyun-quzu saxlayırıq, kəsib satırıq. Bəzən toylar üçün sifarişlər olur. Şükür bu günümzə.

-Keçmiş komanda yoldaşlarınızdan itirib-axtaran, zəng edən, maraqlanan(lar) olur?

- Yox, heç kimlə əlaqəm yoxdur. Zaur Qarayevlə hərdən əlaqəm olur, vəssalam. Hə, bir də “Mingəçevir” – “Səbail” oyununda təsadüfən Elşad Əhmədovla Səttar Əliyevi görmüşdüm. Həmin matçda hakim Səttarın oğlu idi deyə, baxmağa gəlmişdi. Stadionda görüşəndə söhbət etdik.

– Azərbaycan çempionatları tarixində ilk qolun müəllifi kimdir?

–Bu sualı çox veriblər mənə. Mehman Alışanovdur (gülür).

– Futboldan uzaqlaşmısınız deyə, yaddaşınızı yoxlamaq istədim.

– Yox-yox, o yadımdadır. Həmin qolu necə, nə vaxt, hansı komandaya vurduğum – hamısını xatırlayıram.

–Azərbaycan çempionu, Azərbaycan kubokunun qalibi, ölkə çempionatları tarixində ilk qolun müəllifi bu gün futboldan uzaq düşüb, qoyunçuluqla məşğul olur.

– Buna qədər olmadısa, bundan sonra çətin. Yaş da gəlib çatdı 60-a. Bundan sonra nə etmək olar ki? Heç nə.

– Sizə təşəkkür edir, işinizdə və həyatınızda uğurlar arzu edirəm. Sizi yada salmaq, səsinizi eşitmək, nə işlə məşğul olduğunuzu öyrənmək istəyi ilə zəng vurmuşdum.

– Sağ olun, çox sağ olun. Allah sizdən razı olsun. Diqqətinizə görə təşəkkür edirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti