İyirmi iki il sonra Premyer Liqaya qayıdan “Şəfa” 1 qələbənin üstündə qalıb.
Doqquz məğlubiyyət və 2 heç-heçə elitanın köhnə-yeni iştirakçısını turnir cədvəlinin 11-c pilləsinə pərçimləyib.
Problem yalnız bir oyunda məğlub olmaq deyil. Daha ciddi məsələ «Şəfa»nın oyununda sabitliyin, hücumda effektivliyin və nəticəyə hesablanmış futbol modelinin çatışmamasıdır.
Baş məşqçi Zaur Həşimov da «Qəbələ» ilə matçdan sonra 59-cu dəqiqəyə qədər rəqibin ciddi qol epizodu yaratmadığını, lakin komandasının buraxdığı kritik səhvdən sonra ikinci qolu qəbul etdiyini bildirdi.
Bu açıqlama müdafiə intizamı və oyunun idarə olunması ilə bağlı sualları daha da aktuallaşdırır.
İndi isə əsas suala qayıdaq.
“Şəfa” rəhbərliyi Elgiz Kərəmli ilə yollarını ayırarkən daha təcrübəli baş məşqçi axtardığını bildirmişdi. Əfran İsmayılovun açıqlamasında Premyer Liqanın daha yüksək rəqabət və tələblər səviyyəsi olduğu, komandaya daha təcrübəli mütəxəssis lazım gəldiyi vurğulanmışdı.
Elgiz Kərəmli isə bu klubla İkinci Liqanın gümüş medalını qazanmış, növbəti mövsümdə Birinci Liqanın çempionu olaraq komandanı Premyer Liqaya yüksəltmişdi. Başqa sözlə, o, klubun bugünkü statusa çatmasında birbaşa əməyi olan mütəxəssis idi.
Bəs onunla yolları ayırmaqda əsas məqsəd nə idi? Daha yüksək səviyyəli futbol, daha yaxşı nəticələr və daha peşəkar idarəetmə?
Əgər məqsəd bu idisə, hazırkı nəticələr həmin qərarın nə dərəcədə düzgün olduğunu sual altına qoyur.
Klubun maliyyə və marketinq istiqamətində gördüyü işlər təqdirəlayiq ola bilər. Ancaq futbol layihəsinin əsasını idman nəticəsi təşkil etməlidir.
Güclü maliyyə dayağı, düzgün seleksiya, peşəkar məşqçi seçimi, uzunmüddətli strategiya və idman idarəçiliyi bir-birini tamamlamadıqca, marketinq uğuru meydandakı uğura çevrilməyəcək.
“Şəfa”nın rəhbərliyi artıq təqdimat və vədlərdən daha çox konkret futbol nəticələri ilə danışmalıdır.
Elgiz Kərəmli hansı nəticələrə görə göndərildi?
Onun yerinə gətirilən sistem hansı nəticələri verməlidir? Və ən əsası, klubun maliyyə imkanları ilə meydandakı futbol arasında yaranmış bu fərqin məsuliyyətini kim daşıyır?
Bu sualların cavabı artıq “Şəfa”nın rəhbərliyindən gözlənilir.
SPORTİNFO.AZ
