Azərbaycan U-21 millisi Oman U-23 millisini yoxlama oyununda 2:1 məğlub etdi.
Gənclər yığmamızın hər iki qolunu Birinci Liqa təmsilçisi "Şimal"ın formasını geyinən Niyazi Osmanov vurdu.
İki baxımlı qolla yadda qalan gənc forvard oyundan sonra Sportinfo.az-a müsahibə verib.
- U-21 millisinə ilk dəfə dəvət aldın və debüt oyununda Omanla matçda dubl etdin. Bu hissləri necə ifadə edərdin?
- Həqiqətən, möhtəşəm hissdir. İlk dəfə milliyə dəvət aldım və debüt oyununda 2 qol vurdum. Buna görə çox xoşbəxtəm.
- Millidən dəvət gələndə ilk reaksiyan necə oldu? Bu çağırışı gözləyirdin?
- Dəvət gələndə çox sevindim. Bəli, çağırılacağımı gözləyirdim. Çünki son vaxtlar performansım yaxşı idi.
- İlk oyundakı performansından sonra baş məşqçinin səninlə xüsusi söhbəti oldumu?
- Baş məşqçi məni və komandanı yaxşı oyun münasibətilə təbrik etdi.
- 2022/23 mövsümündə “Sabah”ın heyətində U-17 Liqasında 35 qolla bombardir olmusan. Ardınca U-19 və əvəzedici komandada forma geyinmisən. Bəs əsas komandada şans almağına nə mane olub?
- Əsas komandaya yüksəlmək üçün daha çox çalışmalıyam. Yəqin ki, nəsə çatışmayıb. Ona görə də şans qazana bilməmişəm.
- “Sabah”dan Birinci Liqada çıxış edən “Şimal”a keçmək qərarın nə ilə bağlı idi?
- “Sabah”da daha az şans qazanırdım. Buna görə də “Şimal”a keçmək qərarına gəldim.
- Artıq ikinci mövsümündür “Şimal”da çıxış edirsən. Komandanın səviyyəsi və şəraiti sənin inkişafına nə dərəcədə kömək edir?
- Birinci Liqa inkişaf etmək üçün yaxşıdır. Burada oynamaq mənə kömək edir.
- Ən böyük arzun nədir? Özünü hansı klubda və hansı səviyyədə görmək istəyirsən?
- Ən böyük arzum A millidə oynamaq və xaricdə çıxış etməkdir.
- U-21 millisinə dəvət almağın sənin üçün yeni başlanğıc ola bilərmi?
- Bəli, bu, mənim üçün yeni başlanğıcdır.
XANOĞLAN İMANOV
