Bakıda Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.
Sportinfo.az xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, saat 20:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Milli Olimpiya Stadionundan çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
