COP29

Yunis Hüseynovun xanımı: “İki qızım var, oğlan deyillər ki, futbolla məşğul olsunlar”

16 May 2023 01:10 Müsahibə 1 755
Yunis Hüseynovun xanımı: “İki qızım var, oğlan deyillər ki, futbolla məşğul olsunlar”

O, həm Azərbaycanda, həm də islam dünyasında qadınlar arasında ilk beynəlxalq qrosmeysterdir.

16 yaşında qızların yarışında SSRİ, 20 yaşında tələbələrin mübarizəsində dünya çempionu olub,

20 yaşadək qızlar arasında dünya çempionatının və 1993-cü ildə Azərbaycan yığmasının heyətində 26 yaşadək şahmatçılar arasında mundialın gümüş medalını qazanıb.

Söhbət 1990-cı ildə - 20 yaşında “beynəlxalq qrosmeyster” adına layiq görülən Aynur Sofiyevadan gedir.

2002-2007-ci illər aralığında Azərbaycan Şahmat Federasiyasının prezidenti olmuş Sofiyeva hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsini icra edir.

Sportinfo.az xəbər verir ki, “report”un suallarını cavablandıran 53 yaşlı qrosmeyster karyerasını xatırlayıb, həmçinin, Azərbaycan şahmatının hazırkı durumunu dəyərləndirib.

“Düşüncəmlə, ürəyimlə Azərbaycan şahmatında varam”

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini kimi fəaliyyət göstərirsiniz. Əvvəlcə bu komitədə görülən işlərlə bağlı məlumat verərdiniz...

- Ailə münasibətləri, müasir ailənin durumu bizim üçün çox önəmlidir. Dövlətin ailə siyasətinin formalaşması istiqamətində biz də öz üzərimizə düşən vəzifələri həyata keçiririk. Qanunvericiliyin təkmilləşməsi, təhlillərin və araşdırmaların, ən əsası, maarifləndirmə işlərinin aparılması fəaliyyətimizin əsas istiqamətlərindəndir.

Müasir ailələrdən danışanda dünyada ailə institutunun vəziyyətini nəzərə almalı və bununla müqayisədə Azərbaycan ailəsinin hansı durumda olduğuna baxmalıyıq. Dünyada gedən proseslər istər-istəməz öz təsirini göstərir. Bizim tarixdən gələn ənənələrimiz, dəyərlərimiz var. Təbii ki, təsirlər Azərbaycan ailə institutundan yan keçmir. Bu yöndə narahatlıq keçirdiyimiz müəyyən problemlər var. Ailədaxili münasibətlər, böyüyə ehtiram, qarşılıqlı hörmət, kiçiklərə sevgi Azərbaycanın fundamental dəyərləridir. Məqsədimiz bu dəyərləri qoruyub-saxlamaq və gələcək nəsillərə ötürməkdir. Əvvəlki illərlə müqayisədə boşanmaların sayı müəyyən qədər artıb. Məişət zorakılığı problemi də bizi narahat edən məsələdir. Dövlət tərəfindən bu istiqamətdə vacib addımlar atılır. İnsan faktoru olan yerdə problemlərdən qaçmaq mümkün deyil.

- Aynur Sofiyeva deyəndə insanların gözü önündə məşhur şahmatçı canlanır. Fərqli sahə sizə yad gəlmir?

- Artıq yad deyil. Çünki uzun müddətdir, bu sahədə fəaliyyət göstərirəm. Çox məsuliyyətli sahədir. Hər bir qurumun müəyyən kontingenti var. Bizim kontingentimiz bütün Azərbaycan əhalisini əhatə edir. Bunun məsuliyyətini də hiss edirik. Düzdür, şahmat mənim üçün tamam başqa aləmdir. Gözümü açandan – üç yaşımdan şahmat oynamağa başlamışam. Əlbəttə ki, mənə çox doğmadır. İndi isə aktiv şahmatdan uzağam. Amma düşüncəmlə, ürəyimlə Azərbaycan şahmatında varam. Son vaxtlar keçirilən tədbirlərdə, rayonlarda uşaqlarla görüşlərdə iştirak etməyə çalışıram. Vaxtilə qazandığım təcrübəni uşaqlarımıza aşılamaq istəyirəm. Şahmat çox vacib sahədir və mənim üçün həmişə olacaq.

“Şahmat tacını Azərbaycana gətirə biləcək gücdə idim”

- Şahmatla erkən vidalaşdınız. Bu qərarı verməyə sizi nə vadar etdi?

- Şahmatla bağlı arzularım böyük idi. Dünyanın ən güclü 10 qadın şahmatçısı sırasına gəlib çatmışdım. Böyük nəticələrim var idi. Ancaq 1990-93-cü illərdə nəinki şahmat, ümumiyyətlə, Azərbaycan məhv olmaq üzrə idi. Belə bir dövrdə şahmata niyə dəstəyin göstərilmədiyini düşünmək yersiz olardı. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrə olduğu kimi, idmana, xüsusən də, şahmata böyük qayğı göstərdi. Azərbaycan şahmat məktəbi yenidən dünyada tanınmağa başladı. Həmin üç ildə şahmatla məşğul olmamağıma hələ də təəssüflənirəm. Şahmatda isə zəncir qırıldısa, onu tutmaq çətin olur. Özüm barədə həmişə təvazökarlıqla danışıram. Ancaq düşünürəm ki, həmin dövrdə şahmat tacını Azərbaycana gətirə biləcək gücdə idim. Ancaq təəssüf ki, o illərdə Heydər Əliyev Azərbaycanda yox idi. Bu, bütün sahələrə, xüsusən də, mənim şahmat karyerama ciddi təsir göstərdi.

- Azərbaycan şahmatının indiki durumu necə, sizi qane edir?

- Sevindirici haldır ki, Azərbaycan şahmatçılarının səsi indi dünya arenalarından gəlir. Digər idman növlərində olduğu kimi, şahmatda da böyük yarışlara ev sahibliyi edirik. Elə bu günlərdə ulu öndərin 100 illiyinə həsr olunmuş şahmat turnirinin bağlanış mərasimində iştirak etdim. Orada da dünya şahmatının bizə olan münasibətini gördüm. İstedadlı şahmatçılarımız çoxdur. Hazırda ilk “100-lük”də olan qrosmeysterlərimizlə yanaşı, balacaların arasında da böyük potensiala malik şahmatçılarımız var.

“Qazana bilmədiklərimi xatırlamamaq üçün şahmatı özümə yaxın buraxmıram”

- Dünya səviyyəli şahmatçı olmaq üçün üzərində çox çalışmaq kifayət edir, yoxsa anadangəlmə vergi də olmalıdır?

- Bəli, vergi olması çox vacibdir. Şahmat çox mürəkkəb oyundur. Əbəs yerə şahmatı siyasətlə, dünyada gedən proseslərlə müqayisə eləmirlər. Baxanda deyirsən ki, fiqurlardır, hərəkət etdirirsən. Amma keçmiş dünya çempionunun belə bir sözü var: “Mən şahmat oynamıram, şahmatla mübarizə aparıram”. Bu fikir şahmatın mahiyyətini ortaya çıxarır. Hər kəs şahmat oynaya bilər. Xüsusən də, uşaqların beyninin inkişafı üçün çox vacibdir. Amma ən yüksək nəticələri əldə etmək üçün istedad mütləqdir. Çalışqanlıqla, əzmlə müəyyən səviyyəyə gələ bilərsən.

- Rusiyalı Yan Nepomnyaşşi və çinli Din Liren arasında keçirilən şahmat tacı uğrunda görüşləri izlədiniz?

- Bilərəkdən şahmat görüşlərini izləmirəm (gülür). Çünki şahmata baxanda qəribə hisslər keçirirəm. Şahmatla yaşayan bir insan olaraq bu idman növündən ayrılmağım mənə ağır gəlir. Buna görə də qazana bilmədiklərimi xatırlamamaq üçün şahmatı özümə yaxın buraxmıram.

- Norveçli şahmatçı Maqnus Karlsenin dövrünün bitdiyini demək olar?

- Demək olar. Çünki daha istedadlı, bacarıqlı gənclər yetişir. Şahmat da başqa sahələr kimi gəncləşir. Əvvəllər 30 yaşdan yuxarılar güclü sayılırdılarsa, indi şahmatçılar 15 yaşdan sonra artıq iddialı olurlar. Onlar həmin səviyyəyə daha tez çatırlar.

“Yunisin oyunlarına baxmamağa çalışırdım”

- Həyat yoldaşınız Yunis Hüseynov da keçmiş futbolçudur. İdmançı ailəsinin nə kimi üstünlükləri var?

- Əsas üstünlük hər ikimizin idmançı olmağımızdır. İdman ruhu insanları yaxınlaşdırır. İdman insanın xarakterini formalaşdıran sahədir. Düzdür, hər insan fərddir. Amma bəzi xüsusiyyətlər idmanda müəyyən qədər yol qət etmiş insanda formalaşır. Bu da onları birləşdirir. Bizim evdə olduğu kimi.

- Futbola marağınız var?

- Futbola həmişə marağım olub. Amma Yunis çıxış edən vaxtlarda onun oyunlarına baxmamağa çalışırdım. Çünki onun zədə alması mənə pis təsir edirdi. İki qızım var, oğlan deyillər ki, futbolla məşğul olsunlar. Amma yaxşı ki, ailədə futbola yönələn olmadı (gülür).

- Övladlarınız idmanla maraqlanmırlar?

- Xeyr, qızlarım idmanla məşğul olmurlar. Biri kosmos üzrə mühəndis, biri isə 3D dizaynerdir.

- Yunis müəllim şahmat oynaya bilir?

- Yunis də, uşaqlar da şahmat oynaya bilirlər.

- Həyat yoldaşınızı şahmatda tez-tez mat edirsiniz?

- Mən zəiflərlə oynaya bilmirəm. Onlarla oynamaq mənim üçün çətindir.

Digər Xəbərlər
Xəbər Lenti