“Azərbaycana dönməyi düşünmürəm, çünki orada şans çox deyil.
Türkiyədə isə klub və liqa çoxdur və daha səviyyəlidirlər, inkişaf üçün daha əlverişlidir.
Burda davam edib performansımı daha da yüksəldib, Allah nəsib edərsə Avropa ölkəsinə getmək niyyətim var”.
Sportinfo.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında 20 yaşlı müdafiəçi Denis Edilov deyib.
Türkiyənin həvəskar liqa təmsilçisi “Konyagücü” ilə anlaşan Edilov bu haqda fikirlərini bölüşüb:
“Eyni liqada başqa bir komandada da çıxış edirdim və onlara qarşı iki dəfə oynama şansım oldu. Hər iki oyunu yaxşı keçirdim, ilk dəfə qarşılaşdıqdan sonra mənə izləməyə başladılar və əlaqə saxladılar. Əslində üst liqadan bir peşəkar klubla anlaşaraq gəlmişdim, amma TFF qərarına əsasən 2-3-cü liqalarda legioner limiti olmadığı üçün oynaya bilmədim. Amma həvəskar liqada da oynamaq asan deyil, çox çətin prosedurları var. Məsələn, mənim lisenziyamı (60 ₺) 2300 manata aldılar. Komandamda oynamaq çox həyəcan vericidir, azarkeş dəstəyi gözəldir və oyun sürəti çox yaxşıdır. Komandam çempiyonluğun ən böyük 2 namizədindən biridir və hal-hazırda play-off oynayacağıq. Qarşıda 3 vacib oyunumuz var və məşqçilər korpusu və komanda yoldaşlarım mənə güvənir. Mən də ümidləri doğruldacağıma inanıram, özümə güvənirəm”.
Edilov ordakı atmosfer haqda da fikirlərini deyib:
“Burda futbol mühiti daha sıx və həyəcanlı xarakterə sahibdir. Hər bir komandanın özünə aid azarkeş qrupları var və bəzi oyunlar bizim Azərbaycandakı liqalardan daha çox azarkeş toplayır. Atmosfer çox daha gözəl olur. Azarkeş faktoru burda daha yaxşıdır və ikinci liqamızdan daha rəqabətçidir. Oyun sürəti birinci liqa ilə eyni səviyyədədir, amma azarkeş baxımından bura daha üstün səviyyədədir”.
Daha əvvəl “Qarabağ”-2-də çıxış edən müdafiəçi Azərbaycan karyerasını dəyərləndirib və xaricdə oynamağın ona verdiyi imkanlardan danışıb:
“Qarabağ”ın əvəzedicilərində oynamaq gözəl hiss idi. Özüm də ağdamlı və şəhid ailəsi üzvü olduğum üçün hər zaman o formanı qürurla geyindim. Formanın ağırlığını həmişə üzərimdə hiss etmişəm. Amma xaricdə oynamaq öz ölkəmdə oynamağımdan daha yaxşıdır. Burda daha çox məsuliyyət hiss edirəm və daha çox çalışıram, çünki tələblər çox fərqlidir. Xaricdə oynamağın çətinlikləri komandanın özündən də asılıdır. Bəzi klublarda egolu oyunçular ola bilər. Yeni ölkə, yeni mühit və tanımadığın insanlar olur. Yəqin ki, nə qədər tez uyğunlaşsaq, bir o qədər rahat olar hər şey. Mən çox tez uyğunlaşmağı bacardım, şükürlər olsun”.
Gələcək planlarından da danışan Edilov vurğulayıb:
“Qarşıdakı mövsüm üçün artıq üst liqalardan təkliflərim var, şükürlər olsun. Amma federasiya buna icazə verməlidir. Bunun üçün çox çalışmalıyam, daha çox qol vurmaq, asist etmək istəyirəm. Allah böyükdür, mən özümə inanıram. Klubumla qarşıdakı 3 finala bərabər oyuna köklənmişəm. Öncəlikli hədəfim komandamın üst liqaya çıxmasına kömək etməkdir”.
Son olaraq, müdafiəçi klubun maliyyə və akademiya şəraitindən də söz açıb:
“Düzdür, bəzi klublar maaşı bəzən gecikdirir, bəzən isə heç vermir. Burda belə hallarla qarşılaşmaq mümkündür. Amma mən hər şeyi əvvəlcədən araşdırırdım. Komandamda belə bir problem yoxdur və çox güclü akademiyaya sahibdirlər. Demək olar ki, bütün alt yaş kateqoriyalarda çempion oldular və inşallah, biz də bunun davamını gətirəcəyik”.

