Bir neçə dəqiqədən sonra Azərbaycan – Syerra-Leone qarşılaşması start götürəcək.
“FİFA Series-2026” turniri çərçivəsində gerçəkləşəcək oyun beynəlxalq yoldaşlıq görüşü statusunu daşıyır.
İndiyə qədər Azərbaycanda bu ölkədən olan çox sayda futbolçu çıxış etsə də, Syerra-Leone deyəndə ağıla gələn ilk ad təbii ki, Cüluis Vobaydır.
Vaxtilə “Xəzər Lənkəran”ın formasında lənkəranlı azarkeşlərin rəğbətini qazanan, daha sonra “Neftçi” formasında daxili və beynəlxalq arenalarda adından söz etdirən “10 nömrə” karyerasını çoxdan başa vursa da, futboldan uzaqlaşmayıb.
Hazırda Syerra-Leone Premyer Liqasında mübarizə aparan “Wilberforce Strikers” komandasında məşqçi kimi çalışan 42 yaşlı mütəxəssis Sportinfo.az-a verdiyi açıqlamada oyunla bağlı danışıb:
“Hazırda çox yaxşı komandaya sahib olduğumuzu deyə bilərəm. Düzdür, bəzi futbolçular millidən kənarda qalıb. Lakin Azərbaycana aparılan heyət də optimala yaxındır.
Xüsusən 18-20 yaşlı gənclərə böyük ümidlər bəsləyirik. Onların yanında təcrübəli simalar da var.
Azərbaycan yığmasının indiki vəziyyətini bilmirəm. Mən orada olan vaxt çox təhlükəli rəqib idi. Xatırlayıram, bəzən sürpriz nəticələrə imza atırdı. Üstündən 10 ildən çox vaxt keçib. Yəqin ki, indi də texnika futbolçular var.
Bu, yoldaşlıq görüşüdür. Ümid edirəm ki, hər iki komanda üçün dostluq şəraitində keçəcək maraqlı matç olacaq. Hər ikisinə uğurlar arzulayaraq Syerra-Leonenin qalib gəlməsini istəyirəm (gülür)”.
Syerra-Leone yığmasında 29 oyunda 2 qolla yada qalan Vobay 2011-ci ildə “Xəzər Lənkəran”ın, 2012-2015-ci illər aralığında “Neftçi”nin şərəfini qoruyub.
O, “ağ-yaşıllar”la Azərbaycan kubokunu qazanıb, “ağ-qaralar”ın heyətində həm ölkə çempionu olub, həm də ölkə kubokunu başının üzərinə qaldırıb.
HƏBİB

