“Kubok yolu daha risklidir” – O, ürəyindən keçənləri gizlətmədi

22:05 Zirə 135
“Kubok yolu daha risklidir” – O, ürəyindən keçənləri gizlətmədi

“Hər iki turnirdə mübarizə aparmaq çətindir.

Çünki həm Premyer Liqada, həm də Azərbaycan kubokunda güclü rəqiblər var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin futbolçusu İsmayıl İbrahimli deyib.

27 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu komanda hər iki cəbhədə inamla mübarizə aparır.

Lakin avrokubok şansları kifayət qədər çətin görünür.

Elitanın turnir cədvəlində 4-cü pillədə yer alan “qartallar” 3-cü sıradakı “Turan Tovuz”dan 6 xal geridə qalır.

Özündən sonrakı pillədə qərarlaşan “Araz-Naxçıvan”ı “Zirə”dən cəmi 3, “Neftçi”ni isə 5 xal ayırır. Yəni 4-cü yeri qorumağın özü belə, ardıcıl qələbələri tələb edir.

Azərbaycan kubokuna gəlincə, “Zirə” yarımfinalda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək.

Hətta bu mərhələ keçiləcəyi halda finaldakı rəqib hazırda ölkənin iki ən güclüsü sayılan “Qarabağ”la “Sabah”dan biri olacaq.

İsmayıl hansı məsuliyyətin altına girdiklərinin fərqindədir.

Buna baxmayaraq, Sportinfo.az-a açıqlamasında hansı cəbhədə hədəfə çatmağın daha real göründüyünü deyib:

“Kubok yolu mənə görə daha risklidir. Çünki kubok lotereya kimidir. Finala qədər irəliləyib uduza bilərsən.

Ona görə də ən rahatı Premyer Liqa yolu ilə hədəfə çatmaqdır. Əlimizdən gələni edəcəyik ki, yüksək yerlərdən birini tutub avrokuboklara vəsiqəni qazanaq.

Lakin bu o demək deyil ki, Azərbaycan kubokundan əlimizi üzmüşük. Kuboku qazanmaq üçün sona qədər mübarizə aparacağıq”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti