“Nitsa”, “Hannover-96”, “Vest Bromviç”... Bu həna o hənadan olmayacaq

18:10 Araşdırma 209
“Nitsa”, “Hannover-96”, “Vest Bromviç”... Bu həna o hənadan olmayacaq

Azərbaycanın futbol millisi bu gün növbəti yoldaşlıq görüşünə çıxacaq.

“FİFA Series-2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent-Lüsiya ilə qarşılaşan ölkənin bir nömrəli futbol komandası bu dəfə Syerra-Leone ilə münasibətlərinə aydınlıq gətirəcək.

Sent-Lüsiya ilə qarşılaşmada 6:1 hesabı ilə qələbə qazanan yığmamızın tarixinin ən böyük hesablı qələbə rekordunu təzələmişdisə, bu dəfəki oyun yığmamızın tarixi ərzində Afrika təmsilçisi ilə ilk dueli kimi yadda qalacaq.

Üç gün əvvəl Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun meydanında “asan gəzintiyə” çıxaraq rəqibini top atəşinə tutan komandamızı bu dəfə kifayət qədər ciddi sınaq gözləyir. Syerra-Leonenin Sent-Lüsiyanın tayı olmadığı gün kimi aydındır.

Əvvəla ondan başlayaq ki, Syerra-Leoneni göstəricilərinə görə Afrikanın Azərbaycanı kimi qəbul etmək olar.

Ərazisi 73252 kvadrat kilometr olan ölkənin əhalisinin 2024-cü ilə olan sayı 8,5 milyon nəfərdir. Yığma komandası FİFA-nın reytinq sıralamasında seçməməzi 7 pillə qabaqlayır. Afrikalılar 120-ci, millimiz 127-ci pillədə yer alıb.

İndiyə qədər ölkəmizdə Syerra-Leonedən çox sayda futbolçu top qovub. Onların arasında ən məşhuru sabiq “Xəzər Lənkəran”lı və “Neftçi”li Culius Vobaydır. Unudulmaz “10 nömrə” ağ-qara formanı geyindiyi dönəmdə millisinin aparıcı üzvlərindən sayılırdı. İndi isə fəaliyyətini məşqçi kimi davam etdirməkdədir.

Syerra-Leone DÇ-2026-nın seçmə mərhələsində Misir, Burkino Faso, Efiopiya, Qvineya-Bisau və Cibuti ilə eyni qrupda mübarizə aparıb.

10 oyunun nəticələrinə görə 15 xal toplayan “göy-yaşıl”lar qrupu 3-cü pillədə başa vurmaqla birbaşa vəsiqədən və pley-off şansından məhrum olub.

Syerra-Leone seçməsinin tərkibini əsasən Avropa və Asiyada legioner həyatı yaşayan futbolçular təşkil edir.

Yuma Bah “Nitsa”nın (Fransa), Hindolo Mustafa “Vest Bromviç”in, Kamil Konte “Linkoln Siti”nin, Sullay Kaykay “Kembric Yunayted”in, İdris Kanu “Barnet”in, Daniel Kanu “Uolsall”ın (hamısı İngiltərə), Mustafa Bundu “Hannover-96”nın (Almaniya), Yayah Kallon “Kasertana”nın (İtaliya), “Portlend Harts of Payn” (ABŞ), Saydu Fofana “Hapoel Raanana” (İsrail), Kvame Kui “Vikinqur” (İslandiya), Çitta Bah “Midtyulland” kimi komandaların uğurları üçün tər tökür.

Bakıya gətirilən heyətdə kifayət qədər gənclərə rast gəlmək mümkündür. Müdafiə xəttində yer alanların arasında 4 nəfərin yaşı 20-ni keçmir. Eyni sözləri yarımmüdafiə xəttinə də aid edə bilərik. Hücumçuları yaş etibarilə kifayət qədər təcrübəlidir.

Hazırkı kollektivdə ən çox oyun keçirən Kavme Kuidir. İslandiyada legioner həyatı yaşayan 29 yaşlı yarımmüdafiəçi yığma formasında meydana çıxdığı 35 matçda 3 qolla yadda qalıb.

Ötən ilin martında Azərbaycan seçməsi Haiti ilə yoldaşlıq görüşünə hazırlaşanda, futbolsevərlərin böyük əksəriyyəti rəqibin adına baxıb ağız büzmüşdü. Yekunda Haiti bizimkilərin qapısına 3 cavabsız top vuraraq meydana çıxmağa peşman etmişdi.

Eyni hal bu gün də təkrarlansa, təəccüblənməyin.

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti