Tanınmış türkiyəli menecer: "Kənarda "Qarabağ" və "Neftçi"dən başqasını tanıyan yoxdur"

21:00 Müsahibə 150
Tanınmış türkiyəli menecer: "Kənarda "Qarabağ" və "Neftçi"dən başqasını tanıyan yoxdur"

Tanınmış türkiyəli menecer Murat Senay Sportinfo.az-a müsahibə verib.

Azərbaycanlı futbolçulardan Şahruddin Məhəmmədəliyev və Sərtan Taşkının, dünya ulduzlarından Luis Nanini qardaş ölkəyə aparan Murat bəyin bir müddət əvvəl "Asadov Pro Bridge" futbol agentliyinin dəvəti ilə ölkəmizə gəlməsini fürsət bilərək onunla Azərbaycan futbolu barədə söhbətləşdik.

- Agentliyin futbolda varlığı nə qədər vacibdir?

- Çox önəmlidir. Çünki gənc oyunçulara yardım etmək, onlara yaxşı yol cızmaq üçün menecerlərin rolu çoxdur. Təəssüf ki, hər sahədə olduğu kimi, burada da yaxşılarla bərabər pislər də var. Bəzi klublar tərəfindən menecerlər xoş qəbul edilmir. Mən Türkiyədə 17-18 yaşlarında olan milli oyunçularla işləyirəm. Onlara yaxşı karyera qurmaları üçün planlar qururuq. Bu iş yalnız pul qazanmaq deyil, futbolçuların həyatındakı təhsilini, yaşamağını, ailəsini, gələcəyini düşünməkdir. Mən və komandam bunu düşünərək işləyirik. Təbii ki, işbirliyi qurduğumuz əcnəbi oyunçular və azərbaycanlı futbolçular da var.

- Azərbaycana səfər etməyinizin məqsədi nədir?

- Emil Əsədov (Asadov Pro Bridge"in rəhbəri) yaxşı bir iş gördü. 3 qitədən, 10-a yaxın ölkədən olan menecerləri Bakıda bir araya gətirdi. Mən Azərbaycan futbolunu yaxşı bilirəm. Son 10 ildi yaxından izləyirəm. Azərbaycanlı futbolçularla da işbirliyi qurmuşam.

- Azərbaycan futbolu kənardan necə görünür?

- Bir az klub sayının artması lazımdır. Tez-tez eyni rəqiblər üz-üzə gəlir. Futbolçuların motivasiyasına pis təsir edir. Mən özüm də futbol oynamışam. Eyni rəqiblə 3-4 dəfə oynamaq maraqlı ola bilməz. 18 komanda olsa, yeni stadionlar, fərqli şəhərlər oyunçulara motivasiya verər. İnfrastrukturla bağlı ciddi problemlər var. Bu çox önəmlidir. Ciddi işlər görülməsi lazımdır. 7-8 klubun bazasında oldum. Daha çox peşəkarlaşmaları lazımdır. 3-4 komanda xaric digərləri inkişaf etməlidir. O zaman inkişaf ola biləcək. "Qarabağ"a uğurlar arzu edirəm. Qurban Qurbanov çox yaxşı işlər görür. Türkiyədə inanılmaz dəstək var. "Çelsi" ilə matçı stadiondan izlədim. "Qarabağ" kimi klubların sayının artması lazımdır.

- Hansı klubların bazasında oldunuz?

- "Sumqayıt" bazasında olduq. İnanılmaz işlər görülüb. Akademiya və komanda anlamında peşəkar işlər aparılır. Stadionu çox bəyəndim. Azarkeş tutumu çox deyil, amma İngiltərə stadionlarını xatırladır. "Turan Tovuz"a baş çəkdik. Görünən odur ki, işin lap başındadırlar. Çölün ortasında bir meydança qurulub. Amma direktorları Səməd Nəsibov planları barədə danışdı. Otel tikiləcək, başqa meydança salınacaq. Futbolçuları motivasiya edən bazanın olmasıdır. Dünyanın hər yerində belədir. Bu baxımdan başqanımız Türkiyədə futbola inanılmaz yatırımlar qoydu. Bu gün üçüncü liqada belə klublarımızın 10-15 min azarkeş tutumu olan stadionları və yaxş tesisləri var. Türkiyədə peşəkar klub sayı 100-ə yaxındır.

- Azərbaycanlı oyunçular barədə nələr deyə bilərsiniz?

- Azərbaycanda gözəl futbol bazarı var. Düzgün insanlarla davam etdiyin halda bu işi çox zövqlü bir iş halına gətirmək olar. İnanılmaz gənc istedadlı uşaqlar var. Amma onların ölkə xaricində özlərini təsdiqləməsi lazımdır. Buradan kənarda həm maddi anlamda, həm də mənəvi baxımdan çox qiymətlisən. Özlərini göstərdikləri anda çox yerlərə gedə bilərlər. Legioner limitini də burada aradan götürdülər. Səhv qərar olduğu düşüncəsindəyəm. Türkiyədə də bu çox danışıldı. İndi bizdə aşağı liqalarda 25 yaşdan yuxarı 2 nəfər oynada bilərsən.

- Buradan əməkdaşlıq etdiyiniz kimlər olub?

- Şahruddin Məhəmmədəliyevin keçidini həll etmişdik. Başqa gələnlər də oldu. Amma çox qala bilmədilər. Fərq də burada ortaya çıxır. Xüsusilə milli komandanın üzvləri xaricə üz tutmalıdır. Bunun üçün də menecerlərin olması mütləqdir.

- Peşəkar agentlik boşluğu aradan qaldıra bilər?

- 7 il xaricə yaşamışam. 42-43 ölkədə oldum. Emil qardaşım Azərbaycana Avropadakı sistemi gətirməyə çalışır. Həm təqdimat, həm transfer, həm də peşəkarlıq anlamında. Bunun qiymətini Azərbaycan futbolu anlar-anlamaz deyə bilmərəm. Məncə, çox yaxşı yerlərə gedə bilərlər.

- Furbolçularımızın Türkiyədə qala bilməməsi nə ilə bağlıdı?

- Bizdə fanatik səviyyə daha yüksəkdi. Bursa böyük camiədir. İnanılmaz azarkeşləri var. Bu gün ikinci liqada 40 min azarkeş önündə oynayırlar. Azarkeş təzyiqi, yerli furbol mədəniyyəti var. Azərbaycanda elə təzyiq yoxdur. Çox rahatdılar. Gələn azarkeşlər də dəstək olmur. "Çelsi" ilə görüşdə 30 min azarkeş vardı. Amma heç bir şey hiss etmədik. Daha əvvəl "Qalatasaray" - "Liverpul" görüşünə getmişdim. Qulağımıza pambıq tıxadıq. İnanılmaz təzyiq vardı. Böyük fərqdir. Futbolçular buna adaptasiya ola bilmirlər. İdman anlamında da yüksəliş var. "Qalatasaray" 75 milyon qiyməti olan Osimeni ala bilir. Daha deyiləcək nəsə yoxdur. İlk addım olaraq buradan çıxmaq lazımdır. Albaniya, Monteneqro olsun, amma olsun.

- Bəs bura gətirilən əcnəbilərin səviyyəsi necədir?

- Ölkəsinin millisində bəlli sayda oyun keçirmiş əcnəbilər transfer ediləndə dəyəri böyük olur. Təbii ki, Azərbaycan çempionatının öz bazarı var. Gördüyüm qədərilə Portuqaliya və İspaniyanın aşağı liqalarından oyunçular gətirilir. Gənc oyunçuları oradan da gətirmək asan deyil. Daha çox yaşlı oyunçular görürük. Məncə, 30 yaşında Azərbaycana gəlib, daha çox pullar qazanan legionerlərin görən yerli oyunçular bundan daha da motivasiya olması, hirs alması lazımdır. Biz bunu Türkiyədə olan gənclərə də deyirik. Türkiyədə inanılmaz akademiyalar, infrastruktur var. Heç bir oyunçunun fərdi məşq etdiyini görmədim. Məşq bitdisə evinə gedir. İstənilən halda legioner sayında limitin ləğvi doğru deyil. Bəlli say qoyulması lazımdır. Ən azı 1-2 gənc oyunçunu əsas heyətdə mütləq oynaması üçün qərarlar verilməsi lazımdır. Türkiyədə də sistem bu istiqamətdə dəyişdi. Azərbaycanlı futbolçular arasında yaxşı oyunçular çoxdur. Bəziləri ilə mən də işləmişəm. Ən qısa zamanda ölkə xaricində oynamaları lazımdır.

- Şahruddindən başqa kimlərələ işləmisiniz?

- Ən sonuncu Sərtan Taşkını "Manisaspor"a gətirdik. Bu gün də görüşdüyüm 3-4 Azərbaycanlı oyunçu var.

- İşlədiyiniz ulduzlar arasında kimlər var?

- "Adana Demirspor"a Patrik Klyuverti baş məşqçi gətirdik. Dünyanın ən böyük ulduz oyunçularından biri olan Luis Nanini gətirdik. Portuqaliya millisinin əfsanələrindən biridir.

- Azərbaycanda yaxşı oyunçular qazanmaq üçün nələr edilməsi lazımdır?

- Məncə, akademiyalara yatırım etmək lazımdır. Futbol oradadır. "Fənərbaxça" Arda Güləri "Real Madrid"ə satdı. Belə nümunələr çoxdur. "Qarabağ" da öz yetirmələrini bu şəkildə dünya klublarına sata bilər. Marketinq dəyərini qaldırmaq lazımdır. Futbolun səviyyəsini qaldırıb, xarici menecerləri bura gətirilmək lazımdır. Türkiyə Süper Liqasında 5 matça çıxan gənc üçün Avropadan anında təkliflər gəlir. Futbol bu qədər sadədir.

- Türkiyədən fərqli olaraq Azərbaycan çempionatını izləyən skautlar yoxdur axı...

- Əlbəttə. Menecerlər burada oyunları izləməyə belə gəlmir. Onları bura gətirmək lazımdır. Azərbaycanlı oyunçular çox duyğusaldır. Kənara çıxanda bacara bilməyəcəklər kimi düşünürlər. 2-3 Azərbaycanlı oyunçuya yaxşı təklif gətirdim. Amma mental olaraq özlərini buna hazır hiss etmirlər. Nümunə üçün deyim ki, buradan bir oyunçu Albaniyada 30 oyun keçirsə, həm Türkiyə bazarına, həm də Avropa bazarına rahatlıqla çıxa bilər. Çünki liqalar fərqlidir. Albaniya bütün skautların izlədiyi bir ölkədi. Ötən mövsüm Albaniya liqasından İtaliyaya 20 milyona oyunçu satıldı. Çünki oranı izləyirlər. Ən azı 5-6 oyunçu öncə Albaniyada oynadı və sonra Türkiyəyə gəldi. Bakı inanılmaz şəhərdir. Buranın reklamını daha yaxşı aparmaq lazımdır. Futbol "Neftçi" və "Qarabağ"ın həm də kənarında olmalıdır. Kənarda bu iki klubdan başqasını tanıyan yoxdur. Bu çox pisdir.

- Yaxından tanıdığınız Abubakarın "Neftçi"yə transferini necə qarşıladınız?

- Çox yaxşı bir oyunçudur. Türkiyədə edəcəyini etdi. Ən böyük klubda da oynadı. Burada da pis deyil. Qollarını sıralayır. Məncə, daha iki il burada çıxış edə bilər. Azərbaycana belə adlar da gətirilməlidir. Abubakar dünya bazarında seçilən oyunçudur. "Qarabağ" sabiq "Fənərbaxça"lı Yassin Benzianı transfer etmişdi. Bu cür oyunçuların transferi mütləq lazımdır. Türkiyə Osimeni gətirdiyi üçün bütün dünyada danışılır. Futbolda belə məqamlar da önəmlidir.

- Ötən yay Cenk Tosunun da adı "Neftçi" ilə çəkilirdi...

- Məncə, gəlsə burada çox böyük işlər görə bilər. Cenk Tosun böyük hücumçudur. Bilmək olmaz. Ötən yay olmadı, bəlkə qarşıdakı transfer dönəmlərində oldu.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti