Mart ayının 24-27 tarixlərində Nigeriyada təşkil olunan beynəlxalq skautinq proqramı uğurla yekunlaşıb.
Layihə “Asadov Pro Bridge Football Agency” tərəfindən həyata keçirilib və əsas məqsəd gənc futbolçuların potensialının qiymətləndirilməsi, onların peşəkar inkişafına töhfə verilməsi olub.
10 akademiyanın iştirakı ilə rəqabətli turnir
Proqram çərçivəsində ümumilikdə 10 futbol akademiyasının iştirakı ilə turnir formatında oyunlar keçirilib. Bu oyunlar vasitəsilə skautinq prosesi daha effektiv şəkildə təşkil olunub və futbolçular real oyun şəraitində izlənilib.
Turnirin yekununda seçilmiş oyunçulardan ibarət komanda ilə çempion olmuş akademiya arasında əlavə qarşılaşma baş tutub. Bu oyun seçilmiş futbolçuların səviyyəsinin daha dəqiq analiz olunmasına imkan yaradıb.
İştirak edən futbolçuların yaş aralığı əsasən 17-19 yaş arasında dəyişib ki, bu da onların artıq peşəkar futbola keçid mərhələsində olduqlarını göstərir.
Bu dəfə fokus - Azərbaycan bazarı
Qeyd olunmalıdır ki, bu skautinq proqramının əsas məqsədi seçilmiş futbolçuların məhz Azərbaycan futbol bazarına yönləndirilməsi olub.
Yəni əvvəlki layihələrdən fərqli olaraq, bu dəfə oyunçuların Avropaya transferi deyil, Azərbaycan klubları üçün seçim prosesi prioritet təşkil edib.
Bu yanaşma yerli futbol bazarının gücləndirilməsi, klublar üçün alternativ və keyfiyyətli oyunçu seçim imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qlobal fəaliyyət, geniş coğrafiya
Bununla yanaşı, “Asadov Pro Bridge” fəaliyyətini yalnız Azərbaycanla məhdudlaşdırmır.
Agentlik paralel olaraq, bir sıra ölkələrin futbol bazarlarında da aktiv şəkildə çalışır və oyunçular üçün müxtəlif istiqamətlər üzrə imkanlar yaradır.
Bu ölkələrə Polşa, Sloveniya, Serbiya, Ukrayna, Yunanıstan, Xorvatiya, Türkiyə, Özbəkistan və Qazaxıstan daxildir.
Davamlı layihələrin başlanğıcı
Nigeriyada keçirilən bu proqram eyni zamanda gələcək planların bir hissəsidir. Agentlik tərəfindən bildirilib ki, bu tip skautinq turnirləri artıq mütəmadi xarakter alacaq və müxtəlif ölkələrdə davamlı şəkildə təşkil olunacaq.
Bu isə həm futbolçular üçün daha geniş imkanların yaranmasına, həm də klubların daha sistemli və keyfiyyətli seçim etməsinə şərait yaradacaq.
SPORTİNFO.AZ

