Toral Bayramov Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçuları sıralamasında ilk “10-luğ”a yaxınlaşıb.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi “FIFA Series – 2026” turnirində Sent Lüsiya ilə oyunda fərqlənərək buna nail olub.
64-cü dəqiqədə komandamızın 4-cü qolunun müəllifi olan “Qarabağ”ın üzvü yığmada qol sayını 5-ə çatdırıb. Bu saya çatmaq üçün Torala 39 görüş lazım gəlib. Bayramov həmin toplardan 1-ni penaltidən vurub.
Bununla sol cinah oyunçusu millidə 5 qol vurmuş Əfran İsmayılov, Fərrux İsmayilov, Nazim Süleymanov, Rəşad Sadıqov, Rüfət Dadaşov, Vidadi Rzayev və Vyaçeslav Lıçkinin göstəricisini təkrarlayıb. Adıçəkilən oyunçular siyahıda 11-ci pilləni bölüşürlər.
Toral daha bir qol vurarsa, Renat Dadaşov, Mahir Emreli və Zaur Tağızadəyə çatacaq. Adı çəkilənlərdən yalnız Dadaşovun Syerra Leone ilə bugünkü görüşdə iştirak etmək şansı var.
Millinin digər sabiq oyunçuları Elvin Məmmədov, Branimir Subaşiç və Rauf Əliyev aktivinə 7 qol yazdırıblar.
Vaxtilə yığmada oynamış Vaqif Cavadov və Dmitri Nazarov da əlçatmaz görünmürlər. Onlar müvafiq olaraq, 9 və 8 qol vurublar.
Milli tarixinin ən məhsuldar futbolçusu kapitan Emin Mahmudovdur. Sent Lüsiya ilə görüşdə hesabı açan Mahmudov 16 qolun müəllifidir. Qurban Qurbanov isə 14 qolla ikinci sırada qərarlaşır.

