“Sözü düz gəlmədi, qorxusundan qaçıb girdi kolluğa” – Futbolumuzun polkovnik-leytenantı

2 Dekabr 2021 21:00 Müsahibə 1 779
“Sözü düz gəlmədi, qorxusundan qaçıb girdi kolluğa” – Futbolumuzun polkovnik-leytenantı

İndiyə qədər söhbətləşdiyim klub rəsmilərindən barmaqla sayıla biləcək qədər az adam var ki, futbolun dəlicəsinə sevir, mətbuatı anbaan izləyir.

Belələrindən biri vaxtilə “Simurq”da icraçı-direktor postunu tutmuş, sonradan qısa müddət “Şuşa” və "Şəmkir"də çalışmış Vaqif Əliyevdir.

20 ilə yaxın Ukraynadaya yaşayıb, bu ölkədə hüquq-mühafizə orqanlarında çalışan Əliyev hazırda ehtiyatda olan polis polkovnik-leytenantıdır.

Elə “Simurq”da məşqçi və futbolçu heyəti tərəfdən sevilməsinin başlıca səbəblərindən biri də dəmir intizamın tərəfdarı olması, hər kəslə ünsiyyət qura bilməsiydi. Budəfəki müsahibim Vaqif Əliyevdir.

"Heç kimi tez-tez tərifləmirdi, amma oyunçular onu sevirdilər"

- Necəsiz? Nə iş görürsüz?

- Şükür bu günümüzə. İşləyirəm.

- Deyəsən, uzun illər çalışdığınız sahədəsiz yenidən.

- Elədir.

- Futbola vaxt ayırmağa imkan olur?

- Siz soruşun futboldan ayrı qalmaq mümkündürmü? O vaxt necə idimsə, bu gün də eləyəm. Yenə futbolun içindəyəm. Oyunlara baxıram, saytlarda yazılanları oxuyuram.

- İdman mətbuatının sadiq oxucularından olmusuz. Hələ də əvvəlki həvəslə izləyirsiz yazılanları?

- Mütləq, mütləq. Bütün məlumatları saytlardan əldə edirəm. Səmimi sözümdür, hansısa maraqlı xəbəri qaçıranda arxasınca düşüb axtarıram. Futbol xəstəlikdir, yoluxdunsa, sağalmaq mümkün deyil. Mən də gənclikdən, uşaqlıqdan bu “xəstəliyə yoluxmuşam”.

"Heç kimi tez-tez tərifləmirdi, amma oyunçular onu sevirdilər"

- Ölkə futboluna əvvəlki maraq qalmayıb. Sizdə də elədir?

- Soruşmağa dəyməz, hamıda elədir. Mən ömrüm boyu Azərbaycan futbolunu izləmişəm, bu haqda oxumuşam. Amma hiss edirəm ki, əvvəlki şirinlik və maraq qalmayıb. Əvvəlki rəqabətdən, ajiotajdan əsər-əlamət yoxdur. Bir vaxtlar çempionluq uğrunda 6-7 komanda mübarizə aparırdı, indi “Neftçi” “Qarabağ”a boy verir deyə sevinirik. Tribunadakı atmosfer, regionlardakı ab-hava, baş məşqçilər arasında qarşılıqlı atmacalar, mətbuatda gedən yazılar – hər biri tarix idi. İndi heç nə qalmayıb.

- 6 il çalışdığınız Zaqatalaya yolunuz düşmür?

- “Simurq” dağılandan sonra işlə bağlı 2-3 dəfə gedib-gəldim. Amma xeyli vaxtdır getmirəm, düzü. Planımda belə bir səfər var. Getsəm də, getməsən də, Zaqatala mənim üçün doğma yerdir.

- Sizin yolunuz düşməsə də, iki həftə əvvəl AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ordaydı. Musa Qurbanovla söhbətdə gələn ildən Premyer Liqada 10 komandanın iştirakına çalışdıqlarını deyib. Sizcə, böyük futbolu bölgələrə və ya Zaqatalaya qaytaracaqlar?

- İnanaq və dua edək. Deyilibsə, deməli, nəsə var. Buna ancaq və ancaq sevinə bilərik. Zaqatala, Mingəçevir, Lənkəran, Gəncə, Tovuz, Yevlax, İmişli kimi bölgələrdə o cür stadionlar boş qalıb. Şəkilləri görəndə adamın ürəyi ağrayır.

"Heç kimi tez-tez tərifləmirdi, amma oyunçular onu sevirdilər"

- Ümid edək ki, Məmmədovun söylədikləri uşaqlara top paylayıb, onlarla futbol oynaması kimi süni olmayacaq.

- Top və forma paylamaqla futbol inkişaf etməz. Bunun üçün uşaq futbolunun strukturuna əl gəzdirilməlidir, dəyişikliklər olmalıdır. O vaxt – 2009-cu ildə biz “Simurq”a yeni gələndə uşaq futbolu yox dərəcəsində idi. Klub prezidenti Anar Bəkirov bu məsələyə çox həssas yanaşdığından, əl-ələ verib bu istiqamətdə işlər gördük. İnventarlaşmadan tutmuş məşqçilərin ətraf rayonlarda seleksiya işləri aparmasına qədər, hər şey planlı şəkildə qurulmuşdu. O vaxt gözümüzün qabağında top dalınca qaçan 11-12 yaşlı uşaqlar indi Premyer Liqada oynayır.

- Ədilxan Qaraəhmədov?

- Tək Ədilxan deyil ki. O gün “Qəbələ”də qol vuran Emil Səfərovun indi 19 yaşı var. “Simurq”a gələndə uşaq idi, onun üstündə əsirdik. Kasıb ailədən idi, nənəsi hər gün kənddən gətirib-aparırdı. Emil hədsiz istedada sahib idi, bilinirdi ki, yaxşı futbolçu olacaq. O gün “Qəbələ”nin heyətində “Səbail”ə qol vurdu. Elə sevindim, elə sevindim, öz balammış kimi. Son illər “Zaqatala”nın şərəfini qoruyanların arasında da “Simurq”da yetişmiş uşaqlar var. Rüstəm Məmmədov sağ olsun, yaxşı komanda yaradıb, gənclərin inkişafına təkan verir, ruhlandırır.

- Bir neçə gün əvvəl “İnter”in sabiq prezidenti Georgi Nikolovla söhbətləşmişdim. Müsahibədə səmimilik göstərib “İnter”lə “Simurq” arasında danışılmış oyunların olduğunu təsdiqləmiş və məlum sövdələşmənin haqq dünyasına qovuşan baş məşqçilər – Valentin Xodukinlə Roman Pokora arasında olduğunu etiraf etmişdi. Siz də təsdiq edirsiz?

- Mən səmimi və düzgün adamam. Görmüşəmsə, deyəcəm, görmüşəm. Lap olubsa da belə, mən iştirakçı olmamışam ki, nəyisə gizlədəm. Amma səmimiyyətimə inanın, mən işləyən dövrdə bu cür “oyunlar” olmayıb. Mən “Simurq”a 2009-da gəlmişdim və Pokora ilə cəmi 1 il işləmək imkanım olmuşdum. Bəlkə bizdən əvvəlki dönəmdə nəsə baş verib, amma mənim yanımda danışılmayıb. Eşitməmişəm.

"Heç kimi tez-tez tərifləmirdi, amma oyunçular onu sevirdilər"

- Vaxtilə birlikdə çalışdığınız məşqçi və futbolçu heyətindən kimlərlə əlaqə qalıb?

- Qyoko Hacievski ilə danışıram, Georgi Çixradze ilə bayramlarda təbrikləşirik. Futbolçulardan Rasim Ramaldanovdur, İlkin Qırtımov. Danışırıq, əlaqə saxlayırıq. Hətta görüşəndə belə, səmimi söhbətlərimiz olur.

- “Simurq”da çalışdığınız dönəmlə bağlı hansı maraqlı hadisəni tez-tez xatırlayırsız?

- Roman Pokora hadsiz inanclı adam idi. Deyirdi, oyundan əvvəl avtobusu arxaya sürmək olmaz, sağ ayaqla avtobusa minmək olmaz, asqırmaq olmaz və s. İnancına görə qadağaları çox idi.

- Bir dəfə Zaqataladan Bakıya qayıdanda hansısa futbolçunu meşədə itirmişdiz. Həmin olay necə baş vermişdi?

- Meşə deyəndə ki, yol kənarı idi. “Qarabağ”la oyundan sonra komandanın avtobusu ilə Bakıya dönürdük. Sürücü ənənəyə sadiq qalıb təbii ehtiyacı olanlar və dükandan nəsə almaq istəyənlər üçün avtobusu Qaxın birinci kəndində saxlamışdı. Həmin vaxt futbolçumuzdan birinin həmin kəndin cavan oğlanları ilə sözü düz gəlməmişdi. Mübahisə etmişdilər, futbolçumuz görəndə ki, dəstə ilə üstünə gəlirlər, qorxusundan qaçıb girmişdi kolluğa. Avtobus tərpənəndə dedilər, filankəs yoxdur. Axtarmadığımız koldibi qalmamışdı, ağaclıqda qışqırmaqdan səsimiz batmışdı. Yekunda tapmışdıq. Klubun prezidenti Zaur Məmmədov da avtobusun arxasında gəlirdi. Bu söhbəti eşidəndə, futbolçuya demişdi ki, sən meydanda qaça bilmirsən, gecənin bu vaxtı o qədər məsafəni necə qaçdın? Maraqlı günlər idi. Heyif futbolumuzun o günlərindən.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti