Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turundan sonra UEFA statistik göstəriciləri açıqlayıb.
Sportinfo.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” bəzi məqamlarda liderlər qrupunda yer alır.
Qurban Qurbanovun yetirmələri geridə qalan 3 matçda ən çox cərimə zərbəsi yerinə yetirən 3 komandadan biridir.
Ağdamlılar 51 cərimə zərbəsi yerinə yetirməklə İtaliya “İnter”i ilə 2-ci yeri bölüşdürür. Bu göstəricidə lider “Ayaks”ın 53 cərimə zərbəsi olub.
“Qarabağ” top “oğurlamada” və təhlükəni sovuşdurmada da öncüllərdəndir. Üç görüşdə müdafiəçilərimiz 88 dəfə rəqibin hücumunun qarşısını alıb.
Azərbaycan çempionu bu baxımdan yalnız “Pafos”dan (Kipr) geri qalır.
“Qarabağ”ın futbolçuları ümumilikdə 45 dəfə kobudluğa məruz qalıblar. Bu göstəricidə isə komanda 3-cü pillədə qərarlaşır. “Ayaks” 48 dəfə cərimə qazanmaqla birinci, “Vilyarreal” isə 47 dəfə kobudluqla üzləşməklə ikincidir.
O ki qaldı fərdi göstəricilərə, “Qarabağ”ın müdafiəçisi Mateus Silva Çempionlar Liqasında ən çox kobudluqla dayandırılan oyunçudur. Rəqiblər 15 dəfə ağdamlıların sağ cinah müdafiəçisini cərimə bahasına dayandırıblar.
Üç turdan sonra “Qarabağ” 6 xalla 13-cü pillədə qərarlaşır.

