Deyəsən, Bassala Sambunun ehtiyata göndərilməsi onu qəflət yuxusundan ayıldıb.
28 yaşlı hücumçunun ayağı əməlli-başlı açılıb.
Start heyətində başladığı ilk 6 turda qapının yerini unudan əcnəbi oyunçu 7-ci turda "Zirə" ilə qarşılaşmaya ehtiyatda başlamışdı.
Zirədə ikinci yarı meydana daxil olan "9 nömrə" mövsümdə qol hesabını açdı.
Son turda isə "Araz-Naxçıvan"ı məyus etməyi bacardı.
"Neftçi" adına yaxşı bir haldır.
Xoş olmayan isə Sambunun qolu qeyd edərkən tribunalara göstərdiyi jest oldu.
Qulaqlarını tutan ingiltərəli "səsinizi eşitmirəm" mesajını vermiş oldu.
Təbii ki, bununla onu tənqid edənlərə cavab vermiş oldu.
Öz aləmində.
Məncə, çox uğursuz addım idi.
6 tur qol vurmayan hücumçunu tənqid etmək medianın, azarkeşin görməli olduğu işdir.
Hər halda, tərif yağdırası deyildik.
Sambunun da borcu bundan dərs çıxarıb, öz vəzifəsini yerinə yetirməsidir.
Daha yersiz jest etmək yox...
XANOĞLAN / SPORTİNFO.AZ

