Azərbaycan dünyada gedən prosesləri yaxından izləyir və buna uyğun da addımlar atır
Azərbaycan Maliyyə Nazirliyi növbəti beş il ərzində müdafiə xərclərinin azaldılmasını açıqlayıb.
Nazirlik qeyd edib ki, müdafiə xərcləri 8,6% azalacaq, ölkə 2030-cu ildə orduya 4,7 milyard dollar xərcləməyi planlaşdırır.
Plana əsasən, 2026-cı ildə müdafiə xərcləri təxminən 5,12 milyard dollar olacaq ki, bu da ölkənin ümumi büdcə xərclərinin təxminən 21 faizini təşkil edəcək. Üç ildən sonra hərbi xərclərin büdcənin 18,4%-ni təşkil edəcəyi gözlənilir. Yeri gəlmişkən, ölkənin hazırkı büdcəsində müdafiəyə 5 milyard dollar vəsait ayrılıb. 2005-2025-ci illərdə Azərbaycan dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üçün təxminən 58 milyard manat vəsait ayırıb.
Yada salaq ki, uzun illər, hətta Vətən müharibəsində qələbə qazandıqdan sonra belə, Azərbaycan Ermənistanla uzun sürən müharibəyə görə müdafiə büdcəsini artırmağa məcbur olub. Azərbaycan işğalçı Ermənistanı məğlub etdikdən və onun suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra hərbi xərclərin artırılması zərurəti aradan qalxıb. Ekspertlərə görə, bu, beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, militarizasiyadan və böyük hərbi xərclərdən əl çəkməyin vaxtı çatıb.
Cənubi Qafqaz regionunda xarici aktorlar yenidən Ermənistanı qızışdırarsa və ya revanşist qüvvələri müharibəyə təhrik edərsə, Azərbaycan hökuməti Azərbaycan Ordusunu gücləndirmək üçün müvafiq tədbirlər görməyə məcbur olacaq.
Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov hesab edir ki, buna getməməliyik: “Bölgədə sülhün və əmin-amanlığın mövcud olduğu bir şəraitdə hərbi xərclərin artırılması məntiqsiz görünə bilər. Lakin biz yalnız sülhə və əmin-amanlığa söykənərək dövlətimizin müdafiəsinin hər hansı bir formada zəifləməsinə yol verə bilmərik. Əvvəla, torpaqlarımızın otuz illik işğal altında qalması dərsləri fonunda buna getməməliyik. Digər tərəfdən, şimal və cənubda şıltaq qonşularımızın olması və onların nə vaxt necə davranacaqlarına hər hansı bir təminatın mövcud olmadığı təqdirdə, bizim müdafiə məsələlərində hər hansı bir boşluqlara yol vermək haqqımız yoxdur. Baxın, Avropa dövlətləri zamanla bu məsələdə yol verdikləri boşluqların bədəlini bu gün necə ödəyirlər. Almaniya başda olmaqla, Avropa İttifaqına daxil olan bütün digər ölkələr yalnız Rusiyadan müharibə təhdidləri qapının ağzını kəsdikdə qəflət yuxusundan ayıldılar və hərbi sənayeni sürətlə inkişaf etdirmək üçün dəridən-qabıqdan çıxmağa başladılar. İndi onlara mümkün hərbi basqılara cavab verə biləcək hərbi sənayeni qurmaq və ölkələrinin müdafiə qüdrətini artırmaq üçün ən azından 5-8 il vaxt lazımdır. O səbəbdən biz də heç kimə və heç nəyə güvənməməliyik. Hərbimiz dünya hərbinin ən müasir texnologiyaları ilə daima təchiz edilməli, hərbi sənayemiz isə yüksələn xətlə inkişaf etdirilməlidir. Heç bir dövlət öz büdcəsindən ona lazım olmayan xərcləri maliyyələşdirməz. Biz hərbi xərclərin uzaq perspektivdə azaldılması üzərində düşünə və hətta bunu proqnozlaşdıra bilərik. Ancaq mən düşünürəm ki, hərbi xərclərimizin yaxın və uzaq perspektivdə hansı səviyyədə olmasını biz deyil, yerləşdiyimiz regionda və dünyada baş verəcək siyasi hadisələr və hərbi münaqişələr müəyyən edəcək.
Müstəqillik dönəmində Azərbaycan hökuməti bir daha əmin oldu ki, beynəlxalq hüquq heç də həmişə lazım olan səviyyədə işləyə bilmir və bəzən ümumiyyətlə işləmir. Biz 44 günlük müharibə yolu ilə beynəlxalq hüququ işə sala bildiksə, deməli, gücümüz bütün hallar üçün həmişə yerində olmalıdır. Çünki güclü ilə hesablaşır və onun dediklərini eşidirlər".
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli də fərqli düşünmür: “Hər il həm dövlət, həm də hərbi büdcəmiz artır. Ümumilikdə götürdükdə əvvəlki illərlə müqayisədə heç də azalma olmayacaq. Dünyada gedən prosesləri Azərbaycan izləyir. Daim çağırışlar edirik ki, sülh olsun. Təsəvvür edin ki, dünyada hərbi büdcələrə vəsait ayrılmır. Bir anlıq düşünün ki, sosial problemlər olmaz. Azərbaycan uzun illər işğala məruz qaldı. Bir milyondan çox məcburi köçkünümüz var idi. Onun üçün də dövlətimiz daim hərbi büdcəsini artırır ki, torpaqlarını azad etsin. İndi torpaqlarımızı azad edib, bərpa-quruculuq işləri ilə məşğuluq. Böyük şəhərlərimizdən Qarabağa axın başlayacaq ki, bu da sıxlığın qarşısını almaqla yanaşı, bütün sahələrə öz töhfəsini verəcək. Dünyada gedən prosesləri yaxından izləyirik və buna uyğun da addımlar atırıq”.

