«Neftçi» ilə anlaşan Vensan Abubakar sabah Premyer Liqada debüt etmək arzusundadır.
Kamerunlu hücumçu bu istəyini klub rəsmiləri ilə söhbətində dilə gətirib.
«Beşiktaş»ın sabiq ulduzu formada olduğunu, meydana çıxmaq üçün alışıb-yandığını bildirib. 33 yaşlı forvard «Qəbələ» ilə qarşılaşmadan etibarən qolarını sıralamağa başlamağı düşündüyünü söyləyib.
Tanınmış afrikalı qeyd edib ki, o, çempionatın səviyyəsinə bələddir: «Neftçi»nin iştirakıyla keçirilən son oyunların videosunu izləyib.
Abubakar deyib ki, yeni komandasının ən böyük problemi yaradılan qol epizodlarından zəif istifadədir. Kamerun yığmasının üzvü bu boşluğu dolduracağını əminliklə vurğulayıb.
“Neftçi” 45 nömrəli formanı geyinəcək legionerlə 1+1 illik müqavilə bağlayıb.
Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib.
O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.
Kamerun yığmasının kapitanı burada 115 oyun keçirib, 45 qola imza atıb. 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb,
2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub. O, "Neftçi"yə azad agent kimi transfer olunub.
SPORTİNFO.AZ

