“Bərk qoz” və ya bu komanda zirzəmiyə enməyəcək!

10:40 Hadisə 245
“Bərk qoz” və ya bu komanda zirzəmiyə enməyəcək!

Jorj Kaskilya çalışdırdığı «İmişli»nin Premyer Liqadakı debütünə qiymət verib.

Deyib ki, biz sürpriz komandayıq.

Kişinin oğlu düz buyurur. «İmişli» gerçəkdən «bərk qoz»dur. O, liqada qalmağa hesablanmış bir heyət qurub.

Belə anlaşılır ki, Kamran Eyyubov baş məşqçinin işinə çox qarışmayıb. Bura elə legionerlər yığılıb ki, əksəriyyəti bir-birinə bab gəlir.

Bir oyun modeli düşünün. «İmişli»yə cəlb olunan futbolçuların seçimi zamanı üstünlük onların bu modelə uyğun olub-olmamasına verilib.

Müdafiəyönümlü nizamı olsun.

Qaçan olsun.

Vuruşqan olsun.

İkili mübarizəyə girən olsun.

Uzaqdan zərbə vura bilən olsun.

O olsun, bu olsun və… Budur, «İmişli» qarşınızdadır!

«Sumqayıt»la matçda əldə olunan, amma bir texniki səhvə görə qeydə alınmayan qələbənin də ümumi tabloya əlavə eləsək, «İmişli» meydanda 15 xal qazanıb.

Bu, doğrudan da, əla nəticədir!

Başda Kamran Eyyubovun özü olmaqla, rəhbərliyi klubu qeyri-peşəkar idarə etməkdə nə qədər qınasaq da, fakt faktlığında qalır: «İmişli» ilk dövrənin ən çox sürprizə imza atan komandasıdır.

«Kəpəz» üzərində 3:0 ilə turnir cədvəlinin orta sıralarında yerini möhkəmləndirən «İmişli» hələ bir müddət də futbol elitasını təəccübləndirməkdə davam edəcək.

Eniş-yoxuşlu qrafik cıza bilərlər, lakin bilin və agah olun: «İmişli»lilər «zirzəmi»yə enməyəcək. Bu proqnozumuzu bir yerə yazın və yadda saxlayın.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti